İqtisadiyyat

Geri çəkildilər. İndi nə olacaq?

26 İyul 2015 22:25
0 Şərh     Baxış: 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstanda və onun ətrafında yaşanan dramatik hadisələrin yalnız Qədim Ellada ölkəsinin deyil, bütünlükdə Avropa cəmiyyətinin taleyinə aidiyyəti var. Dünya kreditorları qarşısında görünməmiş borc burulğanına düşmüş Yunanıstanın taleyi necə olacaq? Bəs Avropa İttifaqı Yunanıstan böhranından necə çıxacaq - daha da möhkəmlənmiş, daxili problemləri uğurla aradan qaldırmağı bacaran kontinental struktur, yoxsa uzunmüddətli birlik perspektivindən məhrum olmuş, qlobal siyasət və biznes başçılarının əlində marionetə çevrilmiş amorf təşkilat kimi?

Xarici borcu 312 milyard avroya çatan Yunanıstanın taleyi avrozonanın Brüsseldə keçirilmiş sammitində həll olunurdu. Bu forumda ciddi irəliləyişin əldə olunacağını çox az adam gözləyirdi. Çünki Aİ-nin aparıcı fövqəldövlətlərinin və kreditor "üçlük"ün (Avropa Komissiyası, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu) iradəsinin əksinə olaraq, Yunanıstanda keçirilmiş referendumda əhalinin əksəriyyəti Qərbin maliyyə institutlarının ultimatumlarını qəbul etmək istəyində olmadığını göstərmişdi. Yunanlar Qərbin sosial proqramların dayandırılması müqabilində kreditləşmənin davam etdirilməsi təklifini qəbul etməmişdilər.

Yunanıstanın radikal solçu hökumətinin başçısı Aleksis Sipras referendumun nəticələrini xalqın ona göstərdiyi etimad kimi qiymətləndirir. O, referendumdan sonra verdiyi açıqlamasında kreditorlarla danışıqlarda bu etimaddan lazımi səviyyədə istifadə edəcəyini söyləmişdi.

Bütün bunlara baxmayaraq, Brüsseldə keçirilən sammitdə tərəflər arasında razılıq əldə olunub. Razılaşmaya görə, Avropa ölkələri və maliyyə institutları Yunanıstana dəstəyi davam etdirəcək, Afina isə öz növbəsində kreditorların sərt tələblərinə əməl edəcək. Razılaşma Yunanıstanın tam müflisləşməsinə imkan verilməməsini, ölkənin avrozonada qalmasını nəzərdə tutur. Əksər yunan və avropalı siyasətçilər əmindirlər ki, Afinanın avrozonada qalmasında istər Yunanıstan, istərsə də Aİ son dərəcə maraqlıdır. Razılaşmaya əsasən, Yunanıstan üçün Avropa Sabitlik Mexanizmi (ESM) proqramı "ciddi islahatlarla və maliyyə dəstəyi ilə" həyata keçirilməlidir. Bu proqram çərçivəsində Afinaya 3 il ərzində 82-86 milyard avro ayrılacaq. Məbləğin 35 milyardı iqtisadi inkişafın stimullaşdırılmasına yönəldiləcək. Təxminən, 50 milyard avronun Yunanıstanın aktialərinin əvəzində torpaq və daşınmaz əmlak şəklində ayrılması nəzərdə tutulub. Onlar hərrac vasitəsilə satılmalıdır. Bununla yanaşı, Afina 50 milyard avroluq fondun yaradılmasına razılıq verib. Bu məbləğin bir hissəsi - 25 milyard avro Yunanıstan banklarının yenidən kapitallaşdırılmasına xərclənəcək.

Afina maliyyə yardımını almaq üçün şərt kimi, milli iqtisadiyyatda təcili olaraq sərt struktur islahatlarına başlamalıdır. İslahatlar nəticəsində sosial ödəmələr kəskin şəkildə azaldılmalıdır və demək, Yunanıstan əhalisinin əhəmiyyətli bir hissəsinin həyat səviyyəsi aşağı düşəcək. Bu səbəbdən də ortaya sual çıxır: Brüsseldə əldə edilmiş razılaşmanı Yunanıstanın və yunan xalqının maraqlarına cavab verən razılaşma saymaq olarmı? Axı Aİ tərəfindən Yunanıstana göstəriləcək yardım paketinin şərtləri "üçlük" ilə Afina arasındakı razılaşmanın şərtlərindər heç də yüngül deyil. Son razılaşma isə Yunanıstanda keçirilmiş referendumda əksər yunanlar tərəfindən rədd edilib.

Brüssel sammitindən dərhal sonra Afinanı etiraz aksiyalarının bürüməsi təəccüblü deyil. Mitinqə çıxanlar Yunanıstanın şantaj olunmasına, ölkənin "kapitalın və dövlət borcunun müstəmləkəsinə çevrilməsinə" etirazlarını bildiriblər. Aksiyalar zamanı Yunanıstan hökuməti də tənqid atəşinə tutulub, hökumət "yunan xalqını satmaqda" təqsirləndirilib. İnsanları qəzəbləndirən əsas məqam Siprasın və hökumətinin xalqın məsələyə münasibətini əvvəldən bilməsinə rəğmən, bu razılaşmaya getməsidir. Halbuki, xalq referendumda kreditorların tələblərinə "yox" deyib. Sammitdə isə Brüssel referendumun nəticəsini nəzərə almayıb və Siprası öz iradəsinə tabe edə bilib.

Yunanıstanın baş naziri şübhəsiz ki, Brüsseldə kreditorların ciddi təzyiqilə üzləşib. Kreditorlar Afinanın istənilən halda borcunu ödəməli olduğunu, referendumun nəticəsinin onlar üçün heç bir önəm daşımadığını baş nazirə izah ediblər. Hər halda, Sipras da ölkəsinin "sadəcə bir istiqamətli yola yönəldildiyini" etiraf edib. Nəticədə kreditorlara yunan müqavimətinin gücünü nümayiş etdirməyə çalışan Sipras sonda güzəştə getməli olub. O, kreditorların təklif etdikləri proqramlara köklü dəyişikliklər edə bilməyib. Kreditorların tələbi isə məlum olduğu kimi, Afinanın borclarını "sərt qənaət" siyasəti ilə ödəməsidir. Bununla yanaşı, bir məqamı Siprasın aktivinə yazmaq olar - o, Yunanıstanı avrozonada saxlamaqla əhalinin əksər hissəsinin faciəvi həddə yoxsullaşmasının, ölkənin bank sisteminin iflasının qarşısını alıb.

Bütün bunlarla yanaşı, Sipras ciddi kompromislərə getməsinə rəğmən, Avropa liderlərinin Yunanıstan iqtisadiyyatının xilası ilə bağlı təkliflərinin effektiv olacağına inanmır. Baş nazir bu təklifləri reallaşdırmağa hazır olduğunu desə də, bunun effektiv olacağına şübhə ilə yanaşdığını gizlətmir: "Mən yol verdiyim bütün yanlışlıqlara görə məsuliyyəti üzərimə götürür, imzaladığım, amma inanmadığım mətnin məsuliyyətini qəbul edirəm". 

Bu bəyanat kifayət qədər paradoksal təsir bağışlayır. Kritik anda Yunanıstanın gələcəyinə görə məsuliyyət yükünü üzərinə götürmüş siyasətçi üçün isə bunu ikiqat paradoksal saymaq olar. Odur ki, Siprasın bu bəyanatı daha çox onun hökumətə inanan milyonlarla yunan qarşısında özünə haqq haqandırmaq cəhdi kimi yanaşmaq olar.

Amma Brüssel razılaşmasına şübhə ilə yanaşan yalnız Sipras deyil. Yunanıstanın əsas kreditoru olan BVF-də də bənzər fikirdədirlər. Brüsseldə əldə edilmiş maliyyə razılaşmasını tənqid edən qurumda hesab edirlər ki, Yunanıstanın xilası üçün yeni proqram çərçivəsində ayrılacaq təxminən 85 milyard avro kifayət etməyə bilər. BVF tövsiyəsini də açıqlayıb: kreditorlar Yunanıstana borcun qaytarılması üçün 30 güzəşt ili verməli, həmçinin borcun bir hissəsi silinməlidir.

Amma, necə deyərlər, artıq prosesə start verilib. İndi nə Aİ, nə də Afina razılaşmanın şərtlərindən imtina etmək fikrindədir. Hər halda, Yunanıstan parlamentində keçirilmiş səsvermə bunu göstərib. Yunan deputatların əksəriyyəti hökumət tərəfindən təklif olunmuş "Danışıqların aparılması və Avropa Dəstək Mexanizmi ilə razılaşmanın imzalanması üçün təcili tədbirlər" adlı qanun layihəsini dəstəkləyib. Qeyd edək ki, bu qanunun qəbulu ölkə iqtisadiyyatının xilas olunması məqsədilə yeni proqramın icrasına başlanılması üçün şərt idi. Sənədi hakim SİRİZA partiyasından olan deputatların əksəriyyətilə yanaşı, digər fraksiyalar da dəstəkləyib. Onun əleyhinə yalnız kommunistlər və ultrasağçı "Qızıl şəfəq"ə səs verib. Bununla yanaşı, Avropanın planının reallaşdırılması yəqin ki, Yunanıstanda müəyyən siyasi qarışıqlığa səbəb olacaq. Söhbət yalnız yeni nümayişlərin keçirilə biləcəyindən yox, həm də SİRİZA hökuməti daxilində etirazçı əhvalın arta biləcəyindən gedir. İstənilən halda, təcrübə göstərir ki, Yunanıstan gələcəyin proqnozlaşdırılması çətin ölkədir - onun hər an ortaya sürprizlər çıxara biləcəyini Avropa siyasətinin və iqtisadiyyatının rəhbərləri yaxşı bilirlər.

Bütün bunlarla yanaşı, Yunanıstan böhranı ilə əlaqədar yaşananlar Aİ daxilində avrointeqrasiya ilə bağlı problemlərin olduğunu bir daha aydın şəkildə ortaya qoyub. Doğrudur, Avropa Komissiyasının sədri Jan-Klod Yunker Brüsseldə əldə edilmiş razılaşmanı "tipik Avropa razılaşması" adlandırıb, onun özündə "qalibin və məğlubun olmadığı kompromisi əks etdirdiyini" söyləyib. Lakin Avropanın iki lokomotivi - Almaniya ilə Fransa arasındakı ziddiyyət müşahidəçilərin və ekspertlərin diqqətindən yayınmayıb. Berlinin yalnız iqtisadi mövqeyini gücləndirməsi yox (bu, köhnə faktdır), Avropanın vahid liderliyinə iddiaları Parisi narahat edir. Almaniya o cümlədən Yunanıstanın əsas kreditorlarından biridir və almanların borcun qaytarılacağına zəmanət almaq cəhdləri həm də bununla bağlıdır. Almaniya Afinaya təzyiq aləti kimi açıq siyasi diktatdan istifadə edib - Avropa son dəfə belə halla İkinci Dünya müharibəsi illərində rastlaşmışdı. Bu üzdən də Fransa prezidenti Fransua Olland Almaniya kansleri Angela Merkel ilə xoş danışsa da, avrozonanın Brüsseldə keçirilən sammitində gözlənilmədən Yunanıstanın avrozonadan kənarlaşdırılması məsələsinin gündəlikdən çıxarılması tələbilə çıxış edib. Yəni, Olland bununla faktiki olaraq, Berlin siyasətçilərini qəbul etməyə hazır olduqları qərara qarşı çıxıb. Alman siyasətçiləri, məsələn, Almaniyanın nüfuzlu maliyyə naziri Volfhanq Şoyblenin "Grexit" - Yunanıstanın avrozonadan müvəqqəti kənarlaşdırılması israrı hər kəsə bəlli idi.

Fransanın baş naziri Manuel Valls isə ölkəsinin parlamentarilərini Afinaya yeni yardım paketinin ayrılması təklifinə dəstək olmağa çağırıb: "Avropada "hər kəs özü üçün" dili ilə danışmaq olmaz. Biz Yunanıstanı və yunanları satmayacağıq. Yunanıstanın yeri avrozonada və Avropa İttifaqındadır".

Parisin bu çağırışına İtaliyanın baş naziri Matteo Rensi də dəstək verib. Qeyd edək ki, Roma da Almaniyanın Aİ-də liderliyə yiyələnmək cəhdlərini qısaqanclıqla qəbul edənlərdəndir.

Avropa daxilində ziddiyyətlərin artmasından uduşla çıxan isə ABŞ-dır. Almaniyanın, Fransanın və Avropanın digər aparıcı ölkələrinin siyasi və malyyə elitası son anda Avro-Atlantik məkanın əsas dayağı kimi, ABŞ-ın himayəsinə arxalanır. Avropanın problemlər yükü onun əsas oyunçuları üçün daşınmayacaq yükə çevrilib. Bu, bəzi ölkələrin, həmçinin Almaniyanın birincilər arasında birinci olmağa çalışmasına rəğmən, belədir. Bu amil Trans-Atlantik razılaşmasının əldə edilməsi ehtimalını artırır. Bu isə Avropa və Amerika iqtisadiyyatının sonuncunun himayəsi altında inteqrasiyasını nəzərdə tutur. Odur ki, Yunanıstan böhranının gələcək inkişafına (həmçinin onun Köhnə və Yeni Qitənin nüfuzlu mərkəzlərinin resepti əsasında həllinə) mümkündür ki, bu Trans-Atlantik məqam da öz təsirni göstərsin.

"Region Plyus"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.