İqtisadiyyat

Qaz bolluğu yaranıb - ARAŞDIRMA

30 May 2015 23:45
0 Şərh     Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ 10 il əvvəl əksər ekspertlər enerji resursları ehtiyatları ilə bağlı pis proqnozlar verir, dünya iqtisadiyyatının getdikcə artan tələbatlarının ödənilməsi üçün neft və təbii qaz çatışmazlığının yaşana biləcəyini deyirdilər.

Lakin 2008-2009-cu illərdə baş vermiş qlobal iqtisadi böhran ilk dəfə karbohidrogenlərin qiymətinin həddindən artıq şişirdildiyini üzə çıxardı. Böhran neft və qaza tələbatın əvvəlki illərdə proqnozlaşdırıldığı dərəcədə artmayacağını da göstərdi.
Bu gün enerji resurslarının qiymətindəki ucuzlaşmanı əksəriyyət qısa müddətdə ABŞ-a neft idxalını xeyli azaltmaq, hətta ixrac haqqında düşünmək imkanı vermiş şist inqilabı ilə əlaqədəndirir.
Alternativ və bərpaolunan enerji mənbələrinin sürətlə inkişaf etməsi də karbohidrogen resurslarına tələbatın artmasına səbəbdir. Bu mənada, Avropa İttifaqının 2030-cu ilə alternativ enerjinin payının 30, 2050-ci ilə isə 50% artırılması niyyətini yada salmaq kifayətdir.
 
Qaz bolluğunu ilk olaraq Avropa hiss edəcək
Aİ-nin alternativ mənbələrdən enerji resursları tədarükünün vacibliyinə dair bəyanatları Avropanın "karbohidrogen aclığı" hiss etdiyini düşünməyə əsas verir. Lakin regionun əsas qaz tədarükçüsü olan Rusiyaya qarşı atılan son addımlar Aİ-nin Rusiya qazına o qədər də ehtiyac duymadığını ortaya qoyur. Böyük ehtimalla, əksinə, Kremlin sərfəli bazarı əldə saxlamaq istəyi daha güclüdür. Üçüncü enerji paketi çərçivəsində "mavi yanacaq"ın tədarükü sahəsində yeni sərt qaydalar meydana çıxsa da, Avropa Rusiya üçün arzuolunan bazar statusunu itirmir.
"Qazprom"un məlumatına görə, 2014-cü ildə o, Avropaya cəmi 159,4 milyard kubmetr qaz ixrac edib. 2013-cü ildə isə bu həcm 174,3 milyard kubmetr təşkil edib. Yeri gəlmişkən, 2014-cü ildə Rusiya qazının qiyməti orta hesabla 8,17% ucuzlaşaraq min kubmetrə görə 349,4 dollar təşkil edib.
Britaniyanın BP şirkətinin versiyasına əsasən ən nəhəng təbii qaz ehtiyatına (31,2 trilyon kubmetr) malik ölkə olan Rusiya indi bu sərvətini Çinə yönəltmək istəyir. Hələlik söhbət tikilməkdə olan "Sibirin gücü" qaz kəmərilə ildə 30 milyard kubmetr qazın ixracından gedir. Gələcəkdə isə bu həcmin ildə 100 milyard kubmetrə çatdırılması nəzərdə tutulub. Tərəflər hələ ki, Rusiyanın qazı Çinə neçəyə satacağını açıqlamağa tələsmir. Layihənin reallaşdırılması heç də sürətlə aparılmır.
 
Aİ Türkmənistandan ucuz qaz almağa tələsmir
Avropa İttifaqının yeni mənbələrdən təbii qaz əldə etmək üçün əlavə pul xərcləməyə tələsmədiyini göstərən ən birinci nümunə Türkmənistandır. Son zamanlar Türkmənistan qazının Avropa ölkələrinə nəqlinə dair fəal danışıqlar gedir. Tərəflər Türkmənistandan 30 milyard kubmetr qazın alınmasına dair müzakirələr aparırlar. Aşqabad "Şərq-Qərb" qaz kəmərinin inşasını bu il başa çatdırmalıdır və bu boru xətti Türkmənistan qazının Xəzər sahillərinə çıxarılmasını təmin etməlidir.
Qeyd etmək lazımdır ki, TransXəzər qaz kəməri (TQK) layihəsinin taleyi qədər "kədərli povest" yoxdur. Onun reallaşdırılması məsələsi artıq 20 ildir müzakirə olunur. 90-cı illərin sonlarında TQK-yə Rusiyanın "Mavi axın" layihəsinin alternativi kimi baxılırdı. 2011-ci ilin sentyabrında Avropa İttifaqı Avropa Komissiyasına Türkmənistan və Azərbaycanla TQK-yə dair danışıqlar aparmaq səlahiyyəti verdi. Layihənin reallaşdırılmasına dair müqavilənin ilin sonunadək imzalana biləcəyi və Türkmənistan qazının 2017-ci ildə Nabucco borusu ilə nəql olunacağı gözlənilirdi.
Hazırda ildə 30 milyard kubmetr Türkmənistan qazının TQK ilə ilə nəqlinə dair danışıqların üçüncü mərhələsi gedir. Danışıqlarda "mavi yanacaq"ın daha sonra Trans-Anadolu qaz kəmərilə (TANAP) Türkiyəyə, 2019-cu ildə isə Avropa ölkələrinə nəqli imkanları da nəzərdən keçirilir.
Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov isə Aİ ölkələrini növbəti dəfə türkmən qazını ölkə sərhədində almağa çağırıb. Bu, Aİ üçün əlavə başağrısıdır. Azərbaycanın enerji naziri Natiq Əliyevin Caspian European Club biznes-forumunda dediyi kimi, hazırda qazı Türkmənistan sərhədində almağa kimlərin razılıq verəcəyi, TransXəzər qaz kəmərini kimlərin inşa edəcəyi məsələləri açıq qalır.
Nazirin sözlərinə görə, Aİ-nin vitse-prezidenti Maroş Şefçoviç Xəzər konsorsiumunun yaradılmasını, Avropanın iri şirkətlərinin oraya cəlbini təklif edir. Söhbət Türkmənistan qazını ala, Trans-Xəzər qaz kəmərinin tikintisini maliyələşdirə biləcək şirkətlərdən gedir. Amma bütün bunlar əlavə iş tələb edir.
Yeri gəlmişkən, Türkmənistan qazının tədarükü ilə bağlı vəziyyət dünyanın "karbohidrogen aclığı" hiss etmədiyini açıq şəkildə göstərir. Britaniyanın BP şirkətinin məlumatına görə, Türkmənistan təbii qaz ehtiyatlarının həcminə görə dünyada 4-cü pillədədir. Onun "mavi yanacaq" ehtiyatı 17,5 trilyon kubmetrdir.
Üstəlik, əgər hələ 10 il əvvəl Türkmənistan qazının əsas alıcısı olan "Qazprom" ildə ondan 50-60 milyard kubmetr "mavi yanacaq" alırdısa, 2014-cü ildə Rusiya bu ölkədən cəmi 11 milyard kub qaz alıb. 2015-ci ildə bu həcmin cəmi 4 milyard kubmetr olması planlaşdırılır.
Bununla yanaşı, 2014-cü ildə Türkmənistanda təbii qaz hasilatının həcmi 79 milyard kubmetri ötüb. 2015-ci ildə ölkə 80 milyard kubmetr təbii qaz hasil etməyi nəzərdə tutub. O, öz qazını əsasən Çinə ixrac edir. Üstəlik Aşqabad Çinə qaz ixracının həcmini 65 milyard kubmetr artıraraq, 2021-ci ilin sonlarına 160-170 milyard kubmetrə çatdırmaq fikrindədir. Amma aydın olmayan bir məsələ qalır: görəsən, Türkmənistan yaxın vaxtlarda hər il əlavə 100 milyard kubmetr qazı necə əldə edəcək? Çoxları Çin, Hindistan və Cənubi Asiyanın digər ölkələrindən danışır. Amma, unutmaq olmaz ki, Asiyanın inkişaf etməkdə olan ölkələri, daha konkret desək, Pakistan, Hindistan, xüsusilə də Əfqanıstan çətin ki, "mavi yanacağ"a görə ciblərini səxavətlə açsınlar. Odur ki, Türkmənistan, Rusiya və ya İran öz qazını xeyli ucuz qiymətlərlə Aİ ölkələrinə satmaq məcburiyyətində qalacaqlar.
 
Bahalı İran qazı
Hazırda ABŞ və Aİ-nin Tehrana tətbiq edilmiş sanksiyaları aradan qaldırması ilə Nabucco layihəsinə ikinci nəfəsin gələ biləcəyi haqqında çox danışılır. Xatırladaq ki, Amerika və Avropa İranın nüvə proqramına dair danışıqların yekununda Tehranla razılaşma imzalamağa hazırlaşır və bu halda islam respublikasına tətbiq edilmiş sanksiyalar aradan qaldırılacaq. Məlum olduğu kimi, "Nabucco" layihəsi lap əvvəldən məhz İranın resurs bazasına hesablanmışdı. Yenə də Britaniyanın bp şirkətinin məlumatına görə, təbii qaz ehtiyatı 33,78 trilyon kubmetr olan İran dünyada bu göstəriciyə görə ikinci yerdədir.
Ötən ilədək ildə 210 milyard kubmetr qaz hasil edən Tehran bu göstəricini ikiqat artıraraq, 400 milyarda çatdırmağa hazır olduğunu bəyan edib. Bu gün İran qazı Türkiyə bazarında Rusiya və Azərbaycan qazı ilə müqayisədə ən bahalı "mavi yanacaq"dır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana bu yaxınlarda etdiyi səfəri zamanı bu ölkədən qaz tədarükünü ikiqat artırmaqdan imtinası da təsadüf deyil. Müvafiq olaraq, Aİ ölkələrinin "Nabucco" layihəsinin reallaşdırılmasına ciddi maraq göstərəcəklərini də gözləmək olmaz: dünyanın enerji resursları bazarında ən bahalılardan olan İran qazı onları o qədər də cəlb etmir.
 
Mayeləşdirilmiş qaz tədarükü
Yeri gəlmişkən, hazırda Aİ enerji daşıyıcılarının boru kəməri infrastrukturu ilə deyil, mayeləşdirimiş qaz şəklində tankerlərlə daşınılmasına daha ciddi maraq göstərir. Mayeləşdirilmiş qazın əsas tədarükçülərindən biri isə Qətərdir. Britaniyanın BP şirkətinin məlumatına görə, Qətər təbii qaz ehtiyatının həcminə görə, dünyada üçüncüdür (24,678 trilyon kubmetr). Bundan başqa, mayeləşdirilmiş qaz tədarükü baxımından Səudiyyə Ərəbistanı (8,234 trilyon) və Birləşmiş Ərəb Əmirlikləri (6,091 trilyon) də böyük potensiala malikdir.
Bütün bunlarla yanaşı, Aİ hazırda ucuz enerji daşıyıcıları əldə etmək üçün ABŞ və Kanadada şist inqilabı adlı "möcüzə"nin davamını gözləməkdədir. Qeyd edək ki, 2012-2013-cü ildərdə bu ölkələrdə min kubmetr qazın hasilatı 100-130 dollara başa gəlirdi.
ABŞ və Kanada 2018-ci ildə mayeləşdirilmiş qazın Aİ ölkələrinə intervensiyasını planlaşdırırlar. ABŞ-ın qaz ehtiyatı 9,345, Kanadanın ehtiyatıisə 2 trilyon kubmetr qiymətləndirilir. Amma nəql xərclərinin baha olması sonda enerji resurslarını boru xətti infrastrukturu ilə əldə edən istehlakçılar üçün mayeləşdirilmiş və təbii qazın qiymətini təxminən bərabərləşdirir.
Bununla yanaşı, enerji daşıyıcıları istehlakçıları geniş seçim imkanlarına da malikdirlər. Bərpa olunan enerji mənbələri hesabına yaşanan inqilab qaz hasil edən dövlətləri "vurur" və yaxın onillikdə bütün karbohidrogen resurslarının "həzmini" faktiki olaraq, mümkünsüz edir. Odur ki, neft və qaz hasilatı ilə məşğul olan ölkələr məhsullarının tezliklə reallaşdırılması üçün dempinqə də əl ata bilərlər. Əslində neft hasilatı sahəsində hazırda bunu müşahidə edirik - təklifin tələbi üstələməsinə baxmayaraq, əsas hasilatçı ölkələr istehsal həcmini azaltmaq istəmir.
"Region+"

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.