İqtisadiyyat

Azərbaycan bankları daha manat aclığı hiss etməyəcək

25 Aprel 2015 18:45
Baxış: 3 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan nefti son dörd ay ərzində maksimal göstəricisinə - bir bareli 65,49 dollara çatıb. Bu da dünya neft bazarının Yaxın Şərqdən gələn xəbərlərə reaksiyası ilə bağlıdır.

Bu məqalədə söhbət heç də neft bazarlarındakı vəziyyətdən getmir, məsələ manatın məzənnəsi ilə nə baş verəcəyidir. Belə ki, ilin əvvəlindən bəri, gəlir səviyyəsindən asılı olmayaraq hər bir vətəndaşı ən çox narahat edən mövzu budur.

Azərbaycan iqtisadiyyatında gəlirlərin artması və milli valyutanın məzənnəsində sabitliyin qorunması baxımından ən vacib rollardan birini məhz neft oynayır.

Və bunun təsdiqi də o oldu ki, bu gün parlamentdə Azərbaycan Mərkəzi Bankının rəhbərliyi neft qiymətlərinin sabitləşəcəyi halda manatın məzənnəsində yenidən devalvasiya olmayacağını bir daha vurğuladı.
 

Qiymətlərin ciddi şəkildə enməsinə dair əsaslar isə hələ yoxdur.

Qiymətlərdə enişi saxlamaq üçün, dünyada ən çox neft ehtiyatlarına malik olan Venesuela OPEK ölkələrinə Əlcəzairin, Nigeriyanın, Anqolanın və Omanın yüngül neftini Venesuelanın ağır nefti ilə qarışdırmağı təklif edib.
 

Nəzərə alsaq ki, iri karbohidrogen istehsalçıları yaranmış vəziyyətdən çıxış yolu axtarmağa başlayıblar, o zaman bu il kəskin dəyişmələrin şahidi olmayacağımızı təxmin edə bilərik. Ələlxüsus, Azərbaycan manatının məzənnəsində də kəskin eniş olmayacaq.
 

Neftin qiymətinin artması fonunda manatın dollara nisbətən məzənnəsi artıq sabitləşib və müəyyən olunan məzənnəyə yaxınlaşıb.

Azərbaycan Mərkəzi Bankı fevralın 21-də 1,05 AZN/USD məzənnəsi təyin edəndən sonra, ölkədə dolların məzənnəsi 34 faiz bahalaşmışdı.

Mərkəzi Bank manatın məzənnəsini valyuta bazarı vasitəsilə tənzimləməyi öhdəsinə götürüb - baxmayaq ki, buna görə, bank öz sərəncamında olan valyuta rezervlərini xərcləməli olacaq.
 

Və bu da lazımdır, çünki Azərbaycanda dollarizasiya prosesi hələ də davam edir, əhali bank yatırımlarını dollar hesabına çevirir.

Keçən ilin sonundan bəri davam edən dollarizasiya ölkənin bank sektorunda manat defisiti yaratdı. Nəticədə, bu, milli valyutada kreditlərin verilməsinə də təsir etdi.

Gərginliyin azalması üçün Mərkəzi Bank ölkə banklarını maliyyə alətləri vasitəsi ilə yox, birbaşa şəkildə manatla təmin edir. Əlavə manat miqdarı təkcə milli valyutada kredit vermək imkanlarını artırmır, həm də milli iqtisadiyyatda dollarizasiyanı saxlamış olur.
 

Ümumilikdə isə banklar və müştərilər kreditləşmə zamanı valyuta seçimində sərbəstdirlər.

Lakin bankların dollar ehtiyatları onları kredit riskindən qaçmaq üçün xarici valyutada kredit verməyə vadar edir.

AMB banklara krediti milli valyutada verməyi, dollar resurslarını manata çevirməyi tövsiyə etsə də, qarşı tərəf buna o qədər də maraq göstərmir.

Bu vəziyyət çox davam edə bilməz. AMB başa düşür ki, yalnız manatın sabit məzənnəsi ölkə əhalisinin dollara marağını azalda bilər. Banklar isə əvvəlki biznes rejiminə qayıtmış olarlar. Bankların başlıca gəlir mənbəyi olan kredit əməliyyatlarının azalması onların maraqlarına nəinki zərbə vurur, həm də iqtisadiyyatı əlavə maliyyə dayaqlarından məhrum edir.

Bir sözlə, əgər AMB-nin konkret tədbirlərə başlamasını da nəzərə alsaq, ilin ortalarına doğru ölkənin maliyyə bazarında əməliyyatların canlanmasını gözləyə bilərik.

İlahə Məmmədli

Trend


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.