İqtisadiyyat

Bakı və Sofiya "Nabucco"nu həyata qaytarır: Strateji dönüş yoxsa, taktiki gediş?

5 Mart 2015 18:27
Baxış: 1 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bolqarıstanın baş naziri Boyko Borisov Azərbaycan prezidenti İlham Əliyevin Sofiyaya 4 mart səfəri çərçivəsində aparılan danışıqların yekununa həsr olunmuş mətbuat konfransında bəyan edib ki, Brüssel qarşısında "Nabucco" layihəsinin bərpası məsələsini qaldıracaq.

Aydındır ki, söhbət Azərbayancanın Gürcüstan və Türkiyə ilə birlikdə reallaşdırdığı "Cənub Dəhlizi" layihəsinin davamı ola biləcək "Nabucco West" layihəsinin qısaldılmış versiyasından gedir. Çox məntiqi bir sual ortaya çıxır: Artıq Trans-Adriaktik qaz xətti (TAP) barədə razılıq varsa, belə bir layihəni yenidən həyata qaytarmaq nəyə lazım idi? Axı "Şahdəniz-2"dən çıxacaq 10 milyard kub metr qaz məhz TAP üçün nəzərdə tutulub. "Nabucco" üçün əlavə 32 milyard kub metr qaz haradan alınacaq? O qədər qaz Bakıda, hələ ki, dəqiq yoxdur. Əgər hətta 10 milyard kub metr qaz TAP-dan "Nabucco"ya yönləndirilsə belə, həmin boru xəttinin heç yarısı da dolmayacaq. Görünür, ya Türkmənistanın transxəzər boru xətti ilə gələcək resurslarına, ya da İranın resurslarına hesablanmış addımdır.

Türkmənistan öz qazını heç yerə verəsi deyil. Rusiya ötən il alışı 50 milyard kub metrdən 10 milyard kub metrə qədər azaldıb. Bu il isə cəmi 4 milyard kub metr olub. Aşqabadın transxəzər layihəsinə marağının artması təəccüblü deyil. Elə bu səbəbdən də Türkiyə və Avropa Birliyi ilə intensiv danışıqlar aparır. İrana gəlincə isə nüvə proqramı danışıqları haqqında məlumatlar "altılıq"la - ilk növbədə, Vaşinqtonla hər iki tərəfi razı salacaq anlaşmanın olacağı ümidini yaradır. Bu isə yumşalma, sonradan isə İran İslam Respublikasının üzərinə qoyulan sanksiyaların tamamilə götürülməsi deməkdir. Bu zaman Qərb şirkətlərinin zəngin İran qaz yataqlarının işlədilməsində iştirakı ilə bağlı heç bir maneə qalmayacaq və Avropa "Cənub dəhlizi", sonradan isə "Nabucco" ilə alternativ təchizatçı əldə edə bilər. Qısacası, əgər İran və Türkmənistanın iştirakı baş tutmasa belə, Azərbaycan qazı TAP əvəzinə "Nabucco" ilə gedə bilər. "Türk Axını" reallaşarsa, hətta Rusiya qazı da ola bilər.

Bir sual açıq qalır: Artıq sanki, öz qazı üçün marşrutları müəyyənləşdirmiş (TANAP + TAP), Bakının "Nabucco"ya maraq göstərməsi nə üçündür?

Düşünürəm ki, bu, ilk növbədə, Yunanıstanda hakimiyyət dəyişikliyi ilə əlaqədarıdır. Solçu SİRİZA partiyasının qurduğu bacarıqsız hökumət Brüssel və digər kreditorlar qarşısındakı borcların silinməsi ilə bağlı populist tələbləri və götürülmüş iqtisadi öhdəliklərdən boyun qaçırma bir tərəfdaş kimi bu ölkəyə etibarı azaldır.

Bundan əlavə, Yunanıstan hökumətinin nümayəndələri heç bir əsas gətirmədən TAP layihəsi çərçivəsində qaz tranziti ilə bağlı razılaşmaların dəyişdiyini elan ediblər ki, bu da yolverilməzdir. Brüssel və Afinanın günahı ucbatından Yunanıstanın qaz şəbəkəsinin SOCAR-a satılması dalana dirənib.

Bütün bunlar Bakının TAP layihəsinə marağı azaldır və "Nabucco"ya yenidən baxımasını aktuallaşdırır.

Görürük ki, Qazpromun "Türk Axını"nı inşa etmək və Yunanıstan sərhədinə daha çox qaz aparmaq niyyətindən sonra Yunanıstan hakimiyyəti öz qiymətini qaldırmaq və Azərbaycan qazının tranzitindən daha yaxşı şərtlər əldə etmək qərarına gəlib. Belə olan hada yunanlar nəzərə almalıdırlar ki, Bakı öz qazını "Nabucco" istiqamətinə yönəldə bilər. Əgər sonuncu marşrut Avropa Birliyi tərəfindən siyasi və maliyyə dəstəyi alarsa, İlham Əliyevin Bolqarıstana səfəri zamanı səsləndirdiyi bəyanata taktiki gediş yox, strateji dönüş kimi baxmaq olar.

Rasim Musabəyov
Millət vəkili

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.