İqtisadiyyat

Oyun qaydaları dəyişir: türkmənlərin ümidi Azərbaycanadır

5 Mart 2015 09:21
0 Şərh     Baxış: 2 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gözlənilən oldu. Rəsmi Bakı illərdən, onillərdən bəri davam edən mübahisədə zərrə qədər geri çəkilməyəcəyini, amma qarşı tərəfin də mövqelərini anlayışla qarşılayacağını bəyan etdi.

Üstəlik, Bakı regional geosiyasi oyunları idarə etməyə çalışan dövlətlərə açıq mesaj verdi ki, Azərbaycan kənar təsirlərdən çəkinən, təzyiqlərə boyun əyən və pressinqdən çəkinən tərəf olmayacaq.
 

Avropa Birliyinin təbii qaz təminatı məsələsində Rusiyanın asılılığından qurtulmasına yönəlmiş çox böyük, zaman keçdikcə də mürəkkəbləşən və aqressivləşən prosesə qoşulan dövlətlərin sayı artır.
 

İş o yerə çatıb ki, "mavi yanacaq" məsələsində Rusiyanın Avropadakı mövqelərini maksimum dərəcədə zəiflətməyə çalışan ABŞ bu istiqamətdə konkret irəliləyişlərə nail olmaq üçün 1979-cu ildən bəri istisnasız olaraq bütün əlaqələri kəsdiyi, sanksiyalar və embarqolar çəmbəri ilə boğduğu, hətta müharibəyə başlayacağı ilə hədələməkdən də çəkinmədiyi İranla işbirliyinə başlayıb.
 

Vaşinqton-Tehran danışıqları hələlik bağlı qapılar arxasındadır və rəsmi açıqlamalara görə, sırf İranın nüvə proqramının yaratdığı problemlərin həllinə yönəlib.

Lakin amerikalı analitiklərlə yanaşı, avropalı siyasətçilər də etiraf edirlər ki, ABŞ-İran yaxınlaşmasının əsas səbəbləri arasında nüvə proqramı, İŞİD-ə qarşı birgə mübarizə varsa, Avropanın təbii qaz bazarı da önəmli yer tutur.
 

Rusiya mövqelərini itirmək istəmədiyindən "Cənub axını" layihəsini reanimasiya edib, başqa formaya salıb və Türkiyəni də tərəfdaş edərək Avropa Birliyi ölkələrinə yeni marşrutların çəkiləcəyini bildirib.
 

Azərbaycan situasiyada kənar tərəf qismində qalmaq istəmədiyindən "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin təşəbbüskarı qismində çıxış edəndən sonra Avropa Birliyinin uzun müddətdən bəri davam edən laqeyd münasibətlərində ciddi dəyişikliklərə nail olub.

CQD layihəsinə start verilib, TAP və TANAP layihələri çərçivəsində işlərə başlanıb.
 

Azərbaycan təbii qazını Avropa Birliyinin bütün ölkələrinə satmağa hazır olduğunu bildirir. Eyni zamanda rəsmi Bakı regional problematika müstəvisində müşkül məsələlərdən biri kimi, əfsuslar olsun ki, aktuallığını itirməmiş çətinliyin aradan qaldırılmasına tam hazır olduğunu da Qərblə yanaşı, bölgə dövlətlərinin nəzərinə çatdırıb.
 

"Azərbaycan Xəzər dənizinin statusu haqqında məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır", - bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun təyin edilməsi haqqında ekspertlər qrupunun 39-cu iclasında deyib (Trend).

Bəyanat təsadüfi deyil, çünki Bakı CQD layihəsinə Türkmənistanın da qatılmasında maraqlıdır.

Rəsmi Aşqabad da Avropa Birliyinin bazarına çıxmaqla yanaşı, təbii qazını müxtəlif marşrutlarla fərqli ölkələrə satmaq fikrindədir.
 

Aşqabad indiyədək niyyətlərini gerçəkləşdirməkdə obyektiv və subyektiv çətinliklərlə qarşılaşırdı. İş ondadır ki, Rusiyanın "Qazprom" konserni Türkmənistanın hasil etdiyi təbii qazın əhəmiyyətli hissəsini alır və bundan sonra ümumiyyətlə türkmən qazının hamısını satın almaq fikrindədir.

Amma deyəsən, Aşqabad bu dəfə niyyətində qətidir.
 

Türkmənistanın Neft-Qaz Sənayesi və Mineral Ehtiyatlar Nazirliyindən verilən məlumata görə, ölkə Avropa Birliyinə ildə 10-30 milyard kubmetr qaz satmaq niyyətindədir.

Bununla bağlı danışıqlar Avropa Birliyi və Avropa Komissiyası ilə yanaşı, Azərbaycanla və transmilli neft-qaz şirkətləri ilə aparılır.

Yeni boru kəməri ilə ilkin mərhələdə Türkmənistanın Xəzərdəki milli sektorundakı yataqlarda hasil ediləcək təbii qazın nəql olunması nəzərdə tutulub. Bu yataqlar türkmənlərə ildə 16 milyard kubmetr qaz satmağa imkan verir.
 

Türkmənistandan Azərbaycana çəkiləcək, ölkəmizdən də Gürcüstandan Türkiyəyə, oradan da Avropa Birliyinə çıxarılacaq marşruta Türkmənistanın şərqindəki yataqlardan qaz vurulacaq.
 

Elə bu məqsədlə ilin sonunadək "Şərq-Qərb" kəmərinin istifadəyə verilməsi nəzərdə tutulub. Kəmər ildə 30 milyard kubmetr qaz nəqlinə imkan verir.

Təbii qaz ehtiyatlarına görə dünyada 4-cü yeri tutan Türkmənistandakı "Cənubi İolotan" yatağı resurslarına görə İran və Qətərin arasında bölüşdürülmüş "Pars"dan sonra dünyada 2-ci nəhəng yataqdır. "Cənubi İolotan"da 21 trilyon kubmetr təbii qaz olduğu bildirilir.
 

Türkmənistan uzun müddət "Nabucco" layihəsinə bel bağlayırdı, amma 2013-cü ildə bu layihə ləğv olundu. Səbəblərdən biri isə Xəzərin hüquqi statusunun mübahisəli qalması və çözülməməsi idi.
 

Rusiya Türkmənistanla Azərbaycan arasındakı "qaz yaxınlaşması"na hər vəchlə mane olmağa çalışır və bu məsələdə Moskvanı Tehran da dəstəkləyir.

Rusiya-İran duetinin az qala unison səslənən bəyanatlarına görə, Türkmənistandan Azərbaycana çəkilməsi və Xəzər dənizinin dibindən keçməsi nəzərdə tutulan boru kəmərinin inşasına 5 Xəzəryanı dövlətin hamısı razılıq verməli, konsensus olmalıdır.
 

"Transxəzər boru kəməri ilə bağlı istənilən qərarda sahilyanı dövlətlərin konsensusu vacibdir. Əks halda belə qərarlar legitim deyil və Avropa Birliyi situasiyanı nəzərə almaya bilməz", - Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov demişdi.
 

Lakin Moskvanın sərt mövqeyi problem deyil.

Çünki Rusiya bir zaman Xəzər şelfinin delimitasiyası ilə bağlı Azərbaycan və Qazaxıstanla üçtərəfli anlaşma imzalayıb, bundan sonra da Xəzərin şimalındakı yataqların istismarına start verib.
 

Bakı ilə Aşqabad da analoji addım ata bilərlər: baxmayaraq ki, Azərbaycanın "Çıraq" yatağını türkmənlər özününkü sayaraq "Osman", "Azəri"yə - "Xəzər", "Şərq"ə də "Altın Asır" deyirlər.
 

Moskvanın sərt mövqeyi nə Bakıya, nə də Aşqabada yeni layihənin reallaşdırılmasında ciddi maneələr yarada bilməz.

Rusiyanın "Cənub axını" layihəsi ilə bağlı fəaliyyətinin aktivləşməsindən sonra ABŞ və Avropa Birliyi Azərbaycana "mavi yanacaq" ixracı məsələsində tam dəstək vəd ediblər.
 

Bu isə Türkmənistanla əlaqələrin aktivləşdirilməsinə də şamil olunur.

Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin fəallaşması, iki qardaş, eyni köklü və eyni qanlı xalqların dövlətləri arasındakı təmasların inkişafı Xəzəri artıq bizi ayıran yox, birləşdirən məkana çevirə bilər.
 

Elçin Alıoğlu

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.