İqtisadiyyat

Yerli istehsalı necə stimullaşdırmalı?

4 Mart 2015 18:25
1 Şərh     Baxış: 1 580
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vahid Əhmədov: "Yerli istehsalın inkişafı məqsədilə dövlət tərəfindən görülən işlərin nəticə verməsi üçün əhalinin də aktivliyi tələb olunur"

Neftin qiymətinin dünya bazarında düşməsi ölkəmizdə qeyri-neft sektorunun inkişafının mühüm amil olduğunu bir daha ortaya qoydu. Çünki neftin qiymətinin mütəmadi düşməsi manatın dollar və avroya nisbətən dəyərini aşağı saldı. Hətta iqtisadçılar bildirirlər ki, manatın məzənnəsini aşağı salmaqda məqsəd qeyri-neft sektorunun, yerli istehsalatın inkişafına təkan verməkdir. Bütün hallarda dövlət yerli istehsal hesabına istehlakı tam ödəməsə də, ən azından idxaldan asılılığı aradan qaldırıb, yerli istehsalın inkişafına nail olmalıdır. Milli Məclisin İqtisadiyyat komitəsinin üzvü, deputat Vahid Əhmədov deyir ki, ölkəmizdə idxaldan asılılığı aradan qaldırmaq üçün görülən işlər müsbət nəticə verir: "İlham Əliyev 2003-cü ildə prezident seçiləndən sonra hökumətin qarşısına iki ciddi məsələni qoyub: Qeyri-neft sektorunun inkişafı və ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi. Hər iki məsələ yerli istehsalın inkişafı ilə bağlıdır. Qeyri-neft sektorunun inkişafı ilə əlaqədar son illər müəyyən işlər görüldü və ildə təxminən 7-10 faiz arası inkişaf var. Əsasən sənaye, kənd təsərrüfatı kimi sahələrə diqqət artırılır. Kifayət qədər olmasa da, müəyyən qədər inkişaf var. Ərzaq təhlükəsizliyinin təmin edilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Bu il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olunub və görülən işlərin sayı artırılıb. Kənd təsərrüfatını vergilərdən azad etmə mexanizmi həyata keçirilir. Problemlər çox olsa da, müəyyən işlər görülür".

Millət vəkili deyir ki, yerli istehsalın inkişafı üçün dövlət tərəfindən görülən işlərin nəticə verməsi üçün əhalinin aktivliyi tələb olunur: "Yerli istehsalı stimullaşdırmaq üçün güzəştli kreditlər verilir. Heç bir problem yoxdur. Bu işlər Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə həyata keçirilir. Yerli istehsalın inkişafı üçün dövlət tərəfindən addımlar atılır və əhalinin aktiv olub bu yardımlardan yararlanması lazımdır. Yerli xammaldan istifadə etməklə müxtəlif sahələrin inkişaf etdirilməsinə böyük ehtiyac var".

İqtisadçı ekspert Vüqar Bayramov da bildirdi ki, yerli istehsal hesabına tələbatı tam ödəmək bir hədəf olmamalıdır. Amma istehlakın daha çox yerli məhsullar hesabına ödənilməsi vacib amillərdəndir: "Yerli istehsalın inkişafı yalnız istehlakdan asılılığı aradan qaldırmaq deyil. Yerli istehsalın güclü olması manatın devalivasiyası və yumşalması hallarında bazarda qiymət artımlarının qarşısını almağa kömək edir. O baxımdan Azərbaycan üçün yerli istehsal xüsusilə də ərzaq təhlükəsizliyi baxımından olduqca vacibdir. Ölkəmiz yerli istehsalın bərqərar olmasına çalışmalıdır".

İqtisadçı deyir ki, ərzaq məhsullarına olan tələbatın ödənilməsində yerli istehsalın payı artıb: "Azərbaycan hazırda ərzaq məhsullarına olan tələbatın təxminən 80 faizə qədərini yerli məhsullar hesabına ödənilməsinə nail ola bilib. Amma qeyri-ərzaq məhsullarında hələ də idxaldan asılıyıq və bu asılılığı aradan qaldırmaq mümkün olmayıb. Təbii ki ərzaq təhlükəsizliyi və ərzaq təminatı baxımından yerli istehsalın gücləndirilməsi və istehsal sahələrinin yaradılması daha vacibdir. Ona görə də yerli istehsal formalaşdırılan zaman daxili bazarda olan tələbat və istehsal olunan məhsulların ixrac imkanları nəzərə alınmalıdır. İxrac imkanlarına uyğun yerli istehsalın təşkil edilməsinə ehtiyac var".

Müsahibimiz bildirdi ki, Azərbaycan mövcud ixrac qabiliyyətini, qonşu ölkələrdə məhsullarımıza olan tələbatı nəzərə almaqla, kənd təsərrüfatı sektorunda qida sənayesinin inkişafı ilə bağlı yerli istehsalın təmin edilməsi və gücləndirilməsini həyata keçirilməlidir: "Burada söhbət kənd təsərrüfatı məhsullarının emal olunaraq dünya bazarına çıxarılmasından gedir. Kənd təsərrüfatı məsullarının emal edilərək dünya, eləcə də daxili bazara çıxarılması yerli istehsalın inkişafını stimullaşdıracaq. Həm də Azərbaycan fermerləri daha çox ixrac imkanlarına malik olacaqlar. Məsələn, fermer pomidoru xammal formasında satmayıb, tomat, turşu, hazırlamaqla region və ölkə bazarına çıxa bilər ki, bu da satış imkanlarının genişlənməsinə şərait yaradacaq, Azərbaycanda ixracatın genişləndirilməsinə təkan verəcək".

İqtisadçının sözlərinə görə, ölkədə yüngül sənayenin inkişaf etdirilməsinə ehtiyac var: "Kimya sənayesində, tikinti sektorunda yerli istehsalın genişləndirilməsi imkanları var. Azərbaycanda uzun müddət yüngül sənaye sahəsi aparıcı sektorlardan biri olub. Təəssüf ki, bu gün Azərbaycan yüngül sənaye, o cümlədən tikiş məhsullarına olan tələbatın əhəmiyyətli hissəsini qonşu ölkələrdən idxal hesabına təmin edir. Bazar var və ona görə də bu sektorun gücləndirilməsi vacibdir. Tikiş sahəsi də daxil olmaqla yüngül sənaye Azərbaycan üçün ənənəvi sektorlardan biridir. Bunun dəstəklənməsi və inkişaf etdirilməsi qeyri-neft sektorunun inkişafı üçün stimul yaradacaq. Eləcə də tikinti materiallarına tələbatın ödənilməsində yerli istehsalın artırılmasına ciddi ehtiyac var".

V.Bayramov sonda onu da bildirdi ki, monitorinqlərin nəticələrinə görə, ölkəmizdə istehlak olunan məhsulların təxminən 40 faizə yaxını digər ölkələrdən idxal olunur: "Bu gün dünyada məhsul idxal etməyən ölkə yoxdur. Bu, həmin ölkələrin yerli istehsalının zəif olması demək deyil. İstehlakçılar hər zaman digər ölkələrdə istehsal olunan məhsullara tələbat yaradırlar. Ona görə də tam olaraq istehlakın yerli istehsal hesabına ödənilməsi hədəf olmamalıdır. Amma Azərbaycan üçün ənənəvi sektorlar üzrə idxaldan asılılığın aradan qaldırılması əsas hədəf kimi götürülməlidir. Azərbaycanda yerli istehsalın bir çox sahələrinin inkişaf etdirilməsi üçün geniş potensial var".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.