İqtisadiyyat

Mərkəzi Bankın "şok terapiyası": manatı da yumşaltdıq

16 Fevral 2015 20:24
0 Şərh     Baxış: 11 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Valyuta səbətindən istifadə edilməsi, əslində, manatla avronun eyniləşəcəyi anlamına gəlmir"

Mərkəzi Bankın İdarə Heyəti bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

Milli.Az xəbər verir ki, Mərkəzi Bankdan bildiriblər ki, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib:

"Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcəkdir. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcəkdir".

Milli.Az məsələnin mahiyyətini öyrənmək və oxucularda sual yaradan bəzi məqamlara aydınlıq gətirmək üçün iqtisdaçı alim Vüqar Bayramova müraciət edib.

Vüqar Bayramovun sözlərinə görə, Mərkəzi Bankın bu qərarı gözlənilən idi və bununla bağlı onların da iqtisadçı kimi təklifləri var idi:

"Neftin qiymətinin yüksək olduğu dövrdə də biz Mərkəzi Banka yalnız dollara deyil, eyni zamanda dollar və avroya nisbətən səbət formasında manatın məzənnəsinin müəyyənləşdirilməsini təklif edirdik.

Çünki Mərkəzi Bankın dollara birbaşa kursu vardı, dollardan başqa digər valyutalara isə çarpaz kurs müəyyənləşdirirdi. Yəni bu, o deməkdir ki, avronun dollara nisbətən məzənnəsi necə dəyişirdisə, avronun manata nisbətən məzənnəsi də eyni dəyişirdi. Məsələn, əgər avro dollara nisbətən tutaq ki, 5% dəyər itirirdisə, avtomatik olaraq avro manata da nisbətən 5% dəyər itirirdi. Avro dollara nisbətən 5% dəyər qazanırdısa, analoji olaraq manata nisbətən də 5% dəyər qazanırdı. Bu, digər valyutalara da aid idi. Analoji olaraq, Rusiya rublu, Türkiyə lirəsi də. Oxşar olaraq onların dollara nisbətən məzənnəsinin dəyişməsi onların manata nisbətən məzənnəsinin müəyyənləşməsinə gətirib çıxarmışdı".



Yeni qərarın manatın məzənnəsinə təsirindən də danışan ekspert bildirib ki, artıq avronun da məzənnəsi nəzərə alınacaq:

"Yeni qərara görə manatın məzənnəsi müəyyənləşdirilən zaman artıq səbətdən istifadə olunacaq. Manatın məzənnəsi müəyyənləşdirilən zaman avronun məzənnəsi də nəzərə alınacaq. Manatın məzənnəsini həm də avroya nisbətən çarpaz deyil birbaşa məzənnə müəyyənləşdirəcək. Siz dünya məzənnəsinə fikir verirsiz də, bəzi hallarda avronun dollara nisbətən məzənnəsi aşağı düşür, amma avronun Yapon yenasına nisbətən məzənnəsi möhkəmlənir. Çünki avronun bir neçə valyutaya nəzərən məzənnəsi birbaşadır, çarpaz deyil".

Ekspert prezident İlham Əliyevin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda bu barədə çıxışına da toxunub:

"Ölkə başçısı konfransda qeyd etmişdi ki, manatın avroya nisbətən məzənnəsi müəyyənləşdirilsin. Əslində, dövlət başçısının qeyd etdiyi məsələ kifayət qədər innovativ, eyni zamanda manatın məzənnəsinin müəyyənləşdirilməsi üçün çevik siyasətin işlənməsinə ünvanlanmış bir tapşırıq idi. Əslində, həmin tapşırıqda da qeyd olunurdu ki, manatın yalnız dollara nisbətən məzənnəsinin müəyyənləşdirilməsi, manatın artıq avroya nisbətən məzənnəsinin mütamadi olaraq aşağı düşməsinə gətirib çıxarır və praktik olaraq yerli məhsullar manatın məzənnəsinin möhkəmlənməsi səbəbindən Avropa bazarına və ya Avrozona bazarına daha çətinliklə və ya rəqabəti uduzaraq daxil olurlar. Çünki qiymət yüksəkdir və avronun məzənnəsi aşağı düşür. Və bu baxımdan indi artıq yeni məzənnə siyasəti ABŞ daxil olmaqla avronun da məzənnəsi nəzərə alınaraq, manatın məzənnəsinin müəyyənləşməsinə gətirib çıxaracaq və bu da təbii ki, avro ilə manat arasındakı çarpaz kursun aradan qaldırılmasına xidmət edəcək".

Manatın avroya nisbətən dəyərinin düşməsi ilə bağlı da sualımızı cavablandıran Vüqar Bayramov bunun hələlik mümkün olmadığını oxucuların diqqətinə çatdırdı:

"Valyuta səbətindən istifadə edilməsi, əslində, manatla avronun eyniləşəcəyi anlamına gəlmir. Mərkəzi Bank praktiki olaraq, bu zaman çalışacaq ki, avronun məzənnəsindəki dəyişiklikləri də nəzərə alaraq, manatın məzənnəsini müəyyənləşdirsin. Amma bu, heç də o anlama gəlmir ki, manatla avronun məzənnəsi bərabərləşəcək və ya manatın məzənnəsi aşağı düşəcək.

Ekspert əlavə edib ki, manatın qiymətinin dəyişməsi Mərkəzi Bankın aparacağı siyasətdən asılıdır:

"Əgər Mərkəzi Bank yumşaq pul-kredit siyasətinə keçəcəksə, o zaman təbii ki, manatın dünya bazarına nisbətən qiymətinin aşağı düşməsi nəzərə alınaraq, məzənnə yumşalacaq. Amma mövcud məzənnə siyasətini Mərkəzi Bank davam etdirəcəksə, məzənnə dəyişməyə bilər. Bütün bunlar məlum olacaq o zaman ki, Mərkəzi Bank yumşaq valyuta siyasətinə keçəcək, ya yox. Əgər Mərkəzi Bank bu siyasətə keçsə, manatın məzənnəsinin dollar və avroya nisbətən yumşalmasına şahid ola bilərik".

Elşən İmanov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.