İqtisadiyyat

Kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb

30 Yanvar 2015 17:51
Baxış: 1 047
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazir Heydər Əsədov bildirib ki, son illərdə əksər məhsulların istehsal həcminin artım tempi, ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans xeyli maraqlı tərəfləri ilə gündəmdə oldu. Tədbirdə diqqətçəkən məqamlardan biri də kənd təsərrüfatı naziri Heydər Əsədovun çıxışı idi. Nazir təmsil etdiyi sahədə görülən işlərlə bağlı hesabat verməklə yanaşı, prioritetlərdən də danışaraq, ölkə başçısından bəzi problemlərin həllində yardımçı olmasını xahiş edib.

Nazirin açıqladığı rəqəmlərdən aydın olub ki, dövlət proqramlarının həyata keçirildiyi son on il ərzində dünya miqyasında kənd təsərrüfatı sahəsi üzrə artım 31,8 faiz, Azərbaycanda isə 48,9 faiz, yəni dünya üzrə orta göstəricidən 17,1 faiz artıq olub. Bu dövr ərzində ərzaq məhsullarının artımı 18 faiz olduğu halda, ölkəmizdə bu göstərici 39 faiz təşkil edib.

Nazir qeyd edib ki, ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5,2 milyard manat təşkil edib, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,8 milyard manat olub ki, bu da əvvəlki ilə nisbətən 3 faiz artım deməkdir. Hesabat ilində son 50 ildə görünməmiş quraqlıq və havaların əlverişsiz keçməsi ilə əlaqədar bitkiçilik məhsullarının istehsalı üzrə artım müşahidə edilməyib: "Ölkənin kənd təsərrüfatı məhsulları üzrə ixracının əsasını təşkil edən meyvə-tərəvəz məhsullarının ixrac həcmi qonşu dövlətlərdə monetar sahədə baş verən məlum hadisələrə baxmayaraq, 291 milyon ABŞ dolları və ya əvvəlki illə müqayisədə 16,1 faiz çox olub. İdxal olunan meyvə-tərəvəz məhsullarının həcmi 25,2 milyon ABŞ dolları və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz az olub, o cümlədən natural ifadədə meyvə idxalının həcmi 32,7 faiz, tərəvəz və bostan məhsullarının idxalının həcmi 47,3 faiz azalıb. Bu faktlar ərzaq məhsullarına olan daxili bazar tələbatının ödənilməsində yerli istehsalın rolunun əvvəlki illə müqayisədə xeyli artdığını göstərir".

H.Əsədov bildirib ki, son illərdə əksər kənd təsərrüfatı məhsulunun istehsal həcminin artım tempi, ölkədə kənd əhalisinin sayının artım tempini dəfələrlə üstələyib: "Bu müddət ərzində bitkiçilikdə istehsalın artım tempi əlavə əkin sahələrinin dövriyyəyə cəlb edilməsi tempindən yüksək olub, mal-qaranın baş sayı 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə edilib".

Ötən il ölkə başçısının göstərişi ilə kənd təsərrüfatı texnikasının dəyərinin 40 faizinin dövlət tərəfindən qarşılanmasına və satılmış texnika ilə bağlı yaranmış borcların eyni hissəsinin dövlət hesabına silinməsinə, habelə güzəştlə satılan mineral gübrələrin həcminin hər hektar üzrə 50 manatdan 80 manata qədər artırılmasına və eləcə də bu mineral gübrələrin satış qiymətinə tətbiq edilən güzəştin həcminin 50 faizdən 70 faizə yüksəldilməsinə qərar verilib: "Bütün bunlar isə kənd təsərrüfatına göstərilən sistemli dövlət qayğısının əhəmiyyətli dərəcədə artması ilə bərabər, hətta dünyada belə güzəştlərin azaldığı bir zamanda Azərbaycan iqtisadiyyatının nə dərəcədə dayanıqlı olduğunu bir daha göstərir".

Nazirin sözlərinə görə, hesabat ilində fermerlərin istehsal vasitələri ilə təminatında yaddaqalan nəticələr olub. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinqə verilmiş texnikalar əvvəlki illə müqayisədə 37 faiz, o cümlədən taxılyığan kombaynlar 57 faiz, traktorlar 48 faiz, digər texnikalar isə 29 faiz artıb. Alınmış ümumi kənd təsərrüfatı texnikasının 83 faizini, kombaynların isə 79 faizini Avropa ölkələrinin ən tanınmış şirkətlərinin məhsulları təşkil edib: "Son on ildə ölkəyə gətirilmiş və 50 faiz güzəştlə lizinqə verilmiş iribuynuzlu damazlıq heyvanların 25 faizi, xırdabuynuzlu damazlıq heyvanların isə 67 faizi ötən ilin payına düşüb.
Beləliklə, idxal qiymətlərinin azaldılması ilə yanaşı, tətbiq edilən güzəştlərin həcminin artırılması hesabına fermerlər texnikanı əvvəlki ilə nisbətən 50 faiz, gübrəni isə 30 faiz aşağı qiymətlə əldə edə biliblər. Bu da məhsulun maya dəyərini əhəmiyyətli dərəcədə aşağı salmaqla bərabər, onların gəlirlərinin artmasına və investisiya imkanlarının genişləndirilməsinə eyni səviyyədə müsbət təsir göstərib.

Bundan əlavə, bitkiçiliyin inkişafına birbaşa dəstək tədbirləri çərçivəsində 2014-cü ilin məhsulu üçün buğda və çəltik səpininə görə 20,1 milyon manat, əkin sahələrinin və çoxillik bitkilərin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə isə 51,8 milyon manat yardım verilib".

Kənd təsərrüfatı naziri bir sıra problemlərin həlli istiqamətində ölkə başçısından yardım istəyib. Bunlar yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlərin görülməsi, ölkədə toxuma olan tələbatın dayanıqlı şəkildə ödənilməsini təmin etmək məqsədilə Toxum Fondunun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağlarına görə yardımların həcminə bir daha baxılması, tam istifadəsiz hala düşmüş və təmir edilməsi iqtisadi cəhətdən səmərəli olmayan texnikalara dair müvafiq qərarın qəbul olunması və mülkiyyətində olan torpaq sahələrindən istifadə etməyən torpaq sahiblərinə qarşı müvafiq tədbirlərin görülməsi ilə bağlı məsələlərdir.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.