İqtisadiyyat

Bu sənə kənd ilidir

31 Yanvar 2015 20:16
0 Şərh     Baxış: 1 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda aqrar sektorun əsas hədəfi ölkənin ərzaqla maksimum təminidir 

Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin "Kənd təsərrüfatı ili" elan edilməsi heç də təsadüfi deyil. Son zamanlar aqrar sektorun bütün istiqamətlərinin inkişafı ilə bağlı bir sıra nəhəng layihələr həyata keçirilsə də, Azərbaycanda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlamış aqrar islahatların 20-ci ildönümü məhz bu il tamam olur. Məhz həmin dövrdən bu sahə bazar iqtisadiyyatı prinsiplərinə qədəm qoyub. Yəni bir tərəfdən görülmüş və artıq geridə qalmış işlərə nəzər salmağın vaxtıdır, digər yandan isə dövlətin əsas hədəfinə çatmasını təmin edəcək yeni təşəbbüslərə stimul vermək lazımdır. Söhbət ərzaq təhlükəsizliyinin təminindən, aqrar məhsulun istehsalı baxımından maksimum müstəqil ölkəyə çevrilməkdən gedir.
 

Aqrar islahatların həyata keçirildiyi ilk illər "kollektiv" torpaqların bölüşdürülməsi, keçmiş kolxozçuların və sovxozçuların üzərlərinə düşən yeni imkanlar və öhdəliklər qarşısında tamamilə çaşqınlıq içərisində qalmaları, keyfiyyətli texnikanın, maliyyə vəsaitinin, fərdi təsərrüfatı necə inkişaf etdirməyə dair dəqiq bilgilərin olmaması kimi ağır proseslərlə yadda qalıb. Lakin son onillikdə aqrar statistika əvvəlcə artıma keçib, bitkiçilik, heyvandarlıq sahəsi uğurla inkişaf edib, regionlarda kənd təsərrüfatı məhsulları emalı üzrə yeni sənaye müəssisələri yaradılıb. Məhsullarını xarici ölkələrə ixrac edən bu müəssisələrin kifayət qədər alıcıları var.
 

Bu gün isə ölkənin əmək qabiliyyətli əhalisinin 37%-i aqrar sektorda çalışır. Onun ÜDM-dəki payı 5%-dən bir qədər çoxdur. Hazırda "Oxfam" beynəlxalq humanitar təşkilatının məlumatına görə, Azərbaycanın özünü ərzaq məhsulları ilə təminetmə səviyyəsi 78%-dir. Bu, aqrar sahədə ciddi inkişafın göstəricisidir. Əgər respublikanın müstəqilliyini bərpa etməsindən sonra özünü ətlə, süd məhsulları ilə təmini, təxminən, 30-35% idisə, indi bu göstərici müvafiq olaraq 92 və 76% təşkil edir. Bundan başqa, əgər əvvəllər Azərbaycan daxili tələbatın ödənilməsi üçün kartof idxal edirdisə, indi ölkə hər il 50 min tondan artıq təzə kartof ixrac edir. 2014-cü ildə aqrar sektorun iqtisadiyyatı da sürətli templərlə inkişaf edib. Taxılçılıq sahəsi istisna olmaqla, bütün sahələrdə istehsal həcmi artıb, maldarlıq, üzümçülük, çayçılıq sahələrində dövlət proqramları uğurla həyata keçirilir.

Taxılçılığa gəlincə, bu istiqamətdə intensiv iş aparılır. Regionlarda iri fermer təsərrüfatlarının yaradılmasına yönəldilmiş səylərdə əsas məqsəd məhz ölkənin özünü taxılla təmin etməsinə nail olmaqdır. Prezident İlham Əliyevin də bu yaxınlarda dediyi kimi, iri fermer təsərrüfatlarında məhsuldarlıq orta məhsuldarlıqdan iki dəfə çoxdur, bir hektardan 55 sentner. Halbuki ölkə üzrə bu göstərici 23 sentnerdir. "Nəzərə alsaq ki, artıq iyirmiyə yaxın iri fermer təsərrüfatının yaradılması prosesi gedir, əminəm, biz özümüzü yaxın gələcəkdə buğda ilə tam şəkildə təmin edə biləcəyik", - deyə dövlət başçısı qeyd edib.
 

Hazırda respublikanın 12 rayonunda 19 iri fermer təsərrüfatının yaradılması istiqamətində işlər davam etdirilir. Bu məqsədlə 30 hektardan artıq torpaq sahəsi ayrılıb. Artıq bu il təsərrüfata yeni torpaqlar daxil ediləcək. Bu torpaqlarda suvarma yolu ilə münbitliyin artırılması işləri görülüb, suvarma kanalları tikilib, yeni texnikaların, mineral gübrələrin saxlanılması üçün obyektlər inşa olunub, meyvə və tərəvəz üçün anbarlar, soyuducu kameralar yaradılıb, heyvandarlıq fermaları və heyvandarlar üçün tikililər inşa edilib.
 

Şəmkir su anbarının istismara verilməsisə on min hektarlarla yeni ərazilərin əkin işlərinə cəlb olunması üçün yaxşı şərait yaradıb. Həmin rayonda özəl pilot aqropark salınıb, bu zaman kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, qablaşdırılması, logistik xidmətlərin göstərilməsi, hazır məhsulların daxili bazarda satılması və ixracı məsələləri də nəzərə alınıb. Samur-Abşeron suvarma sistemi hesabına analoji parkın Xızı rayonunda da yaradılması nəzərdə tutulub.
 

Ölkədə konserv istehsalı, meyvələrin emalı, tərəvəz və balıq məhsullarının hazırlanması müəssisələrindən ibarət şəbəkə də formalaşıb. Belə müəssisələrin əksəriyyəti xammal bazalarının ətrafında yerləşir.

Qeyd edək ki, istehsal həcminin artması ilə əlaqədar, bu məhsulların ixracı imkanları da genişlənib: 2014-cü ilin 11 ayında meyvə ixracı 12,5, tərəvəz ixracı isə 28%-dən çox artıb.
 

Regionlarda nəinki kənd təsərrüfatı sahəsində ciddi islahatlar aparılır, həm də kəndlərin sosial siması dəyişir, kəndlilərin həyatı üçün yaxşı şərait yaradılır.
 

2015-ci ildə 300 artezian quyusunun qazılması, 50 kənddə isə modul tipli sutəmizləyici qurğunun qurulması nəzərdə tutulub.

Kənd yollarının tikintisinə də böyük diqqət yetirilir. 2014-cü ildə bu prosesə ciddi vəsait ayrılıb və bu işlər 2015-ci ildə də davam etdiriləcək. Bununla yanaşı, ölkənin qazlaşdırılması, elektrik xətlərinin təmiri və çəkilişi də davam etdirilir.

Aqrar sektorun dayanıqlı və ardıcıl inkişafını qiymətləndirmək üçün meyarlardan biri də bu sahənin ÜDM-də xüsusi çəkisidir. Ekspertlərin fikrincə, ÜDM-in strukturunda aqrar sektorun payında geriləmə tendensiyası müşahidə olunurdu. Bu, inkişaf etmiş ölkələr üçün də xarakterikdir. Dünyada orta göstərici 4% təşkil edir. ABŞ və Yaponiyada, eləcə də Aİ ölkələrində bu, 2,1, Qırğızıstanda 33,6, Özbəkistanda 29,4, Gürcüstanda 13, Azərbaycanda isə 6,2%-dir.
 

Aqrar sahədə istehsal həcmində müsbət dinamikanın müşahidə olunmasına baxmayaraq, artım ekstensiv inkişaf amilləri hesabına təmin olunur. Məsələn, kəndlilər taxıl, kartof, bostan və tərəvəz əkinini pambıq, tütün, üzüm, çay, yem məhsullarının əkininin azalması hesabına artırırlar. Başqa sözlə, kənd təsərrüfatında istehsal strukturu qeyri-rasionaldır. Belə halların aradan qaldırılması üçün Azərbaycan Prezidenti 2014-cü ilin aprelində aqrar sektorda institusional islahatların sürətləndirilməsi, onların idarə olunmasının təkmilləşdirilməsi məqsədilə bir sıra tədbirlərin görülməsi haqqında sərəncam imzalayıb. Onların arasında Kənd Təsərrüfatı Nazirliyinin rayon və şəhər idarələrinin yaradılması, aqroparkların salınması, "elektron hökumət" sisteminin tətbiqi, Aqrar Elm Mərkəzi strukturlarının, o cümlədən onun elmi tədqiqat institutlarının təkmilləşdirilməsi, kadrların hazırlanması sisteminin yaxşılaşdırılması, məhsuldarlığın qorunub saxlanması və artırılması, duzlanmaya və eroziyaya məruz qalmış torpaqların təmizlənməsi və s. kimi məqamları göstərmək olar. Bundan başqa, ölkədə "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun da qəbul olunub. Qanun kəndlilərə məxsus fermer təsərrüfatlarının stimullaşdırılmasını, iri kənd təsərrüfatı müəssisələrində birləşdirilməsini nəzərdə tutur.

Bundan başqa, Bakıda və Abşeron yarımadasında 3 logistik mərkəzin yaradılması layihəsi də təsdiqlənib və onun icrasına başlanılıb. Mərkəzlərin hər biri 100 min ton gücündə olacaq. Onlarda "fermer mağazaları"nın olduğu "yaşıl marketlər" kompleksinin tikintisi kənd təsərrüfatı məhsullarının yığımını, saxlanılmasını, daşınmasını, ixracını və satışını təmin edəcək. Bunların hamısı güzəştli kreditlər hesabına maliyyələşdirilir.
 

Bir sözlə, Azərbaycanın aqrar sektorunda yaxşı nailiyyətlərə malik "Kənd təsərrüfatı ili" başlayıb. Bununla yanaşı, hələ görülməli olan işlərin siyahısı da kifayət qədər genişdir. Hər halda, söhbət ölkənin ərzaq təhlükəsizliyinin təminindən, özünü ərzaq məhsulları ilə təmin etməsindən gedir. Dünya iqtisadiyyatında böhranın hökm sürdüyü bir vaxtda bu, xüsusilə önəmlidir. Bu vəzifələrin öhdəsindən gəlmək, kənd təsərrüfatının ÜDM-dəki payının artırılması üçün məhz kompleks tədbirlərə, aqrar sektora daha ciddi diqqət ayrılmasına ehtiyac var.
 

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.