İqtisadiyyat

Rusiya Avropada Azərbaycana qarşı olacaq

18 Dekabr 2014 17:35
0 Şərh     Baxış: 1 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Rusiya prezidenti Vladimir Putin ilk dəfə təsdiq edib ki, Moskva Azərbaycandan qaz tədarükləri ilə bilavasitə rəqabət aparmaq və daha əvvəl Azərbaycan qazının Avropaya tədarükü üçün planlaşdırılan və Moskvanın fəal tənqid etdiyi "Nabucco" qaz kəməri layihəsini dirçəltmək niyyətindədir.

Trend bildirir ki, dekabrın 18-də Vladimir Putin ənənəvi mətbuat konfransında bəyan edib ki, Türkiyə və Yunanıstan sərhədində qaz qovşağının yaradılması Avropadan asılıdır və Moskva bunun köməyi ilə öz qazını Yunanıstan, Makedoniya, Serbiya və Baumqartenə (Avstriya) tədarük edə bilərdi.

Hazırda Yunanıstan və Cənubi Avropa ölkələri Azərbaycan qazı üçün prioritet bazarlar qismində nəzərdən keçirilir və məhz onlara "Şahdəniz" yatağından qaz tədarük edilməsi planlaşdırılır. Bunun üçün Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya keçəcək Trans-Adriatik qaz kəməri (TAP) seçilib. TAP-ın qolu isə Yuqoslaviya dağıldıqdan sonra yaranmış ölkələrə - Serbiya, Monteneqro, Xorvatiya və Makedoniyaya qaz tədarük etməyə imkan yaradacaq. Bu ölkələrin qaz bazarları o qədər kiçikdir ki, onların iki tədarükçü üçün sadəcə olaraq yeri yoxdur. Əgər Rusiya öz qazı ilə bu bazara çıxarsa, vəziyyət, yumşaq desək, mürəkkəb olacaq.

Rusiya prezidenti çıxışında Baumqartenin adını çəkib. Bu şəhər Azərbaycan qazının Cənub Qaz Dəhlizi üzrə Avropaya tədarükü üçün planlaşdırılmış "Nabucco" layihəsinin son nöqtəsidir.

"Nabucco" layihəsinin konsepsiyası Türkiyə-Bolqarıstan sərhədindən Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə Avstriyanın Baumqarten məntəqəsinədək 3900 kilometr uzunluğunda boru kəmərinin çəkilməsini nəzərdə tuturdu. Bu layihənin Türkiyə-Bolqarıstan sərhədindən başlanılması nəzərdə tutulsa da, Rusiyanın qaz qovşağı yaratmağı planlaşdırdığı Türkiyə və Yunanıstan sərhədindən oraya qaz çatdırmaq çətinlik törətməyəcək.

Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə konsorsiumun seçimi "Nabucco"nun xeyrinə olmasa da, onun təqdim etdiyi marşrut indəyədək aktuallığını itirməyib.

Azərbaycan üçün əsas çatışmazlıq o idi ki, qaz kəmərinin illik 31 milyard kubmetr gücü təxmin edilən 10 milyard kubmetr həcmini 3 dəfə üstələyirdi. Nəticədə boru kəmərinin gücünün 2/3-si istifadə olunmayacaqdı, cəlb edilmiş və xərclənmiş vəsaitləri isə qaz kəmərinin tam gücündən qaytarmaq lazım gələcəkdi. Lakin Rusiya qarşısında belə problem dayanmır. Rusiya Türkiyə və Yunanıstan sərhədinədək təqribən 50 milyard kubmetr qaz tədarük etməyə hazırdır. Bu həcm "Nabucco"nun təxmin edilən gücünü artıqlaması ilə təmin edəcək.

Məsələ isə başqadır. Belə ki, prezident Putin bildirib ki, qaz qovşağının yaradılması Avropadan asılıdır. Avropanın Türkiyədən Rusiya qazı almaq istəyi onun özündən asılıdır. O Avropa ki, "Cənub axını"nın axırına çıxmaq üçün daha əvvəl mümkün olan hər şeyi etdi. Bu, böyük məsələdir. Lakin, görünür, bu gün bəzi ölkələr Aİ-nin daxilində təzyiqə başlayıblar. Belə ki, Bolqarıstan "Cənub axını" ilə bağlı danışıqları bərpa etdiyini bəyan edib. Çox güman ki, Sofiya Aİ-nin daxilində əlavə imtiyazlar almaq istəyir, çünki onun Moskva ilə təkbaşına danışıqları heç nəyə gətirib çıxarmayacaq.

Rusiya hələ yeni qaz kəməri layihəsini hazırlamalı, onun maliyyələşdirilməsi üçün vəsait, Avropa ilə isə ümumi dil tapmalı (hazırda ehtimal azdır) olsa da, çox şey Türkiyədən asılı olacaq.

Hazırda Türkiyə təkcə tranzit ölkə deyil, həm də Cənub Qaz Dəhlizinin birbaşa iştirakçısıdır. Türkiyə dövlət şirkətləri vasitəsilə "Şahdəniz" yatağının işlənməsində, Cənub Qafqaz qaz kəmərində iştirak edir və Transanadolu qaz kəmərinin (TANAP - bu, ölkənin bütün ərazisi boyunca keçir) ən böyük səhmdarlarından biridir. Buna görə də hazırda Ankara qarşısında bir sual dayanır. Türkiyə özü ilə rəqabət aparmağa hazırdırmı?

Aynur Qasımova
Trend - İngilis xəbərlər xidmətinin rəhbəri
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.