Yeni inşa edilən binada eyni mənzilin bir neçə şəxsə satılması faktlarına hələ də rast gəlinir. Bu cür halların qarşısının alınması məqsədilə müxtəlif təkliflər var. Belə təkliflərdən biri İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) tərəfindən hələ ötən il verilib.Ekspert dələduzlarla mübarizənin üç yolunu təklif edir
Mərkəzin sədri Vüqar Bayramov deyir ki, müvafiq qurumlara təqdim etdikləri təkliflər qəbul olunmayıb. Ekspertin fikrincə, vətəndaşları aldatmış tikinti şirkətlərinin sahiblərinin həbs olunması mənzil üçün pul ödəyənlər üçün heç nəyi dəyişmir. Onlar onsuz da mənzilə sahib olmurlar. Çünki nə bina inşa edilir, nə də onların pullarını geri qaytaracaq kimsə var.
Ekspertin fikrincə, satış mexanizmi elə qurulmalıdır ki, bir mənzili mülkiyyətçi dəyişmədən ikinci dəfə başqa şəxsə satılması mümkün olmasın.
Bayramov hazırladıqları təklifi bir daha xatırladaraq yeni binalardan mənzil satışının nizama salınmasının yollarını açıqlayır: "Birincisi, Ukraynada olduğu kimi, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə imkan yaradır".
Təklif edilən ikinci variant bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılmasıdır. Bayramov söyləyir ki, belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Onun sözlərinə görə, bu qeydiyyatını, hətta sonrakı mərhələdə elektronlaşdırıla bilər: "Məsələn, yeni inşa edilən binada 3-cü blok 10 saylı mənzil satılıbsa artıq onun məlumatlarını sistemə yenidən daxil etmək olmur, elektron sistem qəbul etmir və bununla da alıcı həmin mənzil artıq satıldığını bilir".
Təklif olunan üçüncü varianta görə, mənzillərin satılması zamanı nağd ödənişlər qadağan edilməlidir. Bayramov hesab edir ki, ödənişlər yalnız banklar vasitəsi ilə həyata keçirilməlidir və həyata keçirilən bank əməliyyatı ilə bağlı isə bütün məlumatlar şirkətin saytında yerləşdirilməlidir.
Bunlardan başqa, ekspert qanunvericilikdə dələduzluqla məşğul olan tikinti şirkətlərinə qarşı cərimələrin və cəzanın daha da ağırlaşdırılmasını, Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) tikinti ilə məşğul olmasının birmənalı şəkildə qadağan edilməsini təklif edir: "Doğrudur, hal-hazırda mənzil sənədləri verilən zaman şirkətin statusunun MTK olması tələb edilir. Bununla belə, praktika göstərir ki, vətəndaşları aldadanlar da məhz MMC kimi fəaliyyət göstərən cəmiyyətlərdir. Məsuliyyəti məhdud olduğuna görə vətəndaşlar aldadılanda, onların qarşısında öhdəliklər yerinə yetirilməyəndə həmin quruma qanunvericiliklə təsir imkanı xeyli məhduddur. Onların qanuna əsasən məsuliyyəti məhdud olduğuna görə öhdəlikləri də məhdud olur. Bəzi hallarda aşkarlananda ki MMC-lər vətəndaşları aldadırlar, o halda belə vətəndaşlara dəymiş ziyanı bərpa etmək mümkün olmur və ya vətəndaşların hüquqlarının qorunmasında problem yaranır.
Nəhayət, Vüqar Bayramov təklif edir ki, yeni tikilən və istifadəyə qəbul edilməyə mənzillərin alqı-satqısı üçün "Asan" Xidmətlərin nəzdində xüsusi elektron baza yaradıla bilər: "Bütün alqı-satqı əməliyyatları ilə bağlı məlumatın həmin bazaya daxil edilməsi məcburi xarakter almaqla yanaşı, MTK-ların birbaşa alıcıya mənzil satması qadağan edilməlidir".
Ekspress.az