İqtisadiyyat

Alternativ enerji neftin qiymətinə qarşı "peyvənd"dir

27 Noyabr 2014 19:57
Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
İstənilən hasilatçı ölkənin büdcəsinin təbii olaraq asılı olduğu neftin qiymətlərinin aşağı düşməsi şəraitində alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyəti artır. Bu, iqtisadiyyatlarının əsasını karbohidrogenlərin hasilatı təşkil edən Azərbaycan və Xəzər regionunun digər ölkələri üçün eynilə doğrudur. Alternativ enerjidən istifadə karbohidrogenlərdən asılılığın azaldılmasına və ölkənin iqtisadi siyasətinin çevikliyini artırmağa imkan verəcək.

Azərbaycanın alternativ enerjinin inkişafı üçün böyük potensialı var. Xüsusilə ölkədə külək enerjisinin potensialı 4,5 min meqavat, biokütlə - 1,5 min meqavat, geotermal və geotermik enerji - 800 meqavat, kiçik su elektrik stansiyalarının isə 350 meqavat təşkil edir. Qarşıya qoyulan plana əsasən, 2020-ci ilə Azərbaycanda istehlakın ümumi həcmində alternativ enerji mənbələrinin payı 20 faiz təşkil etməlidir.

Elektrik enerjisinin nəqli zamanı itkini azaltmaq üçün ölkənin bütün bölgələrində hibrid elektrik stansiyalarının yaradılması planlaşdırılır.
 

Azərbaycan belə layihəni artıq reallaşdırıb, bu zaman müxtəlif bölgələrdə bir neçə modul elektrik stansiyası tikilib. Lakin onlar ənənəvi yanacaqla işləyirlər.

Azərbaycan iqtisadiyyatının, sənayeləşmənin inkişafı, ixrac potensialının artması və müvafiq olaraq istehlakın artması ilə ölkənin elektrik enerjisinə tələbatı artır və gələcəkdə onun əhəmiyyətli hissəsi alternativ enerji mənbələrinin payına düşə bilər.

Alternativ enerji mənbələrinin istifadəsində əsas problemli məqam yüksək maya dəyəridir. Ancaq elmin inkişafı ilə bu, daim azalır. Bu baxımdan Azərbaycan üçün bu sahədə araşdırmaların aparılması, yeni texnologiyaların hazırlanması və tətbiqi vacibdir ki, bu da təkcə həmin texnologiyalardan istifadə etməyə deyil, həm də onu gələcəkdə ixcrac etməyə imkan verəcək. Bundan başqa, ölkə daxilində istehsal avadanlığın və bunun məntiqi nəticəsi kimi istehsalın maya dəyərini xeyli azaltmağa imkan verəcək. Kadr hazırlığı məsələsi də çox vacibdir.
 

Azərbaycan alternativ enerji mənbələri ilə yanaşı, nüvə enerjisi haqqında da düşünür. Ölkədə artıq Milli Nüvə Tədqiqatları Mərkəzi yaradılıb.

İlk növbədə, Azərbaycanda nüvə tədqiqatları sahəsində elmi tədqiqat işlərinin genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan nüvə texnologiyalarının inkişafına böyük önəm verilən ölkəyə çevrilir. Nüvə tədqiqatlarının aparılması üçün Azərbaycana tədqiqat nüvə reaktoru və digər müvafiq avadanlıqlar lazımdır.
 

Qeyri-ənənəvi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə XXI əsrin aktual məsələlərindən biridir. Bu, karbohidrogen resurslarının tükənməsi, onların ətraf mühitə mənfi təsiri və atom enerjisinin risk amilləri ilə bağlıdır. Bu mənfi amilləri heçə endirmək üçün yeni alternativ enerji mənbələrini hazırlamaq lazımdır. Bunlardan daha perspektivlisi Günəş enerjisi və sonradan onun elektrik enerjisinə çevrilməsi üçün effektiv elementlərin yaradılmasıdır.

Seymur Əliyev
Trend

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.