İqtisadiyyat

Zəhərli Bakı torpağı

27 Noyabr 2014 10:50
0 Şərh     Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çirklənmiş ərazilərin təmizlənməsinə milyardlar lazımdır

Azərbaycanda həyata keçirilən tədbirləri nəticəsində 2006-2013-cü illərdə 1430 ha-ya yaxın neft və neft məhsulları ilə çirklənmiş ərazi təmizlənərək bərpa olunub. Ötən il ərzində ümumilikdə obyektlər üzrə 462 ekoloji monitorinq həyata keçirilib, bunlardan 309-u quruda, 153-ü isə dənizdə yerləşən obyektlərdə aparılıb.

Bunu anspress-ə Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsinin baş mühəndisi Yaqub Ağasiyev deyib.

Onun sözlərinə görə, təmizlənmiş 400 ha ərazidə yaşıllıq zolağı salınIb, 574434 ədəd ağac-kol və gül bitkiləri əkilib, müvafiq aqrotexniki qulluq işləri göstərilib.

O bildirib ki, "Eko-park" layihəsi çərçivəsində ümumi sahəsi 15562 m² olan, 60 ləkdən ibarət Açıq şitilxana sahəsində yaşıllaşdırma işləri davam etdirilib və 165000-dən çox ağac-kol tinglərinə il ərzində aqrotexniki qulluq işləri lazımi səviyyədə aparılıb. "Eko-park"ın ümumi sahəsi 5000 m² olan Qapalı şitilxana hissəsində xüsusi şəbəkələrdə toxum səpini və toxmacarların xüsusi qablara köçürülməsi işləri həyata keçirilib, il ərzində 697963 ədəd ağac-kol və gül bitkilərinin toxumları əkilib.

Bir sözlə, davamlı olaraq fəaliyyət sahələrində tarixən mövcud çirklənmələrin təmizlənməsi, istehsal sahələrində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl fəaliyyət həyata keçirilir.

Ekoloji Proqnozlar Mərkəzinin rəhbəri Telman Zeynalov deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ekoloji məsələlər, ətraf mühitin sağlamlaşdırılması dövlətin prioritet istiqamətlərindən birinə çevrilib. İndi keçmiş SSRİ-dən, NOBEL qardaşlarından miras qalmış neftlə çirklənmiş ərazilərin təmizlənməsi müstəqil Azərbaycanın üzərinə düşüb. Son 7 ildə bu sahəyə diqqət artırılıb, hökumət tərəfindən mühüm qərarlar, sərəncamlar verilib.

Onun sözlərinə görə, ölkə ərazisində, əsasən də Abşeron yarımadasında neftlə çirklənmiş 35 min hektar ərazinin təmizlənməsi, yerində kənd təsərrüfatı sahələrinin salınması, şəhərin abadlaşması, yaşıllıqların salınması çox mühümdür. Verilən sərəncamlar, tapşırıqlar Dövlət Neft Şirkəti tərəfindən layiqincə yerinə yetirilir, icra olunur. Apardığımız monitorinqlər onu göstərir ki, doğrudan da təmizlənmiş torpaqlar abadlaşdırılır, yeni yaşıllıq zolaqları salınır.

Ekspert vurğulayıb ki, hazırda təmizlənən ərazi min hektardan çoxdur. Bibiheybətdə 260 hektar ərazi təmizlənib, yeni yaşıllıq zonası, parklar salınır. Milli Parkın ərazisinin genişləndirilməsi buna misaldır.

Respublika üzrə ümumilikdə 35 min neftdən çirklənmiş ərazi var. Bunun 5 faizədək hissəsi təmizlənib. Abşeron yarımadasında 11 min hektardan çox çirklənmiş, 7 min orta, 12 min hektar az çirklənmiş ərazi var. Bu az rəqəm deyil, bunların tamamilə təmizlənməsinə vaxt lazımdır. Bunun üçün milyardlarla vəsait lazımdır.

T.Zeynalov diqqətə çatdırıb ki, dövlət vəsaiti əgər çirklənmiş ərazilərə ayırsa, onda əhalinin sosial problemlərini həll etmək çətinləşəcək, iqtisadi problem yaranacaq. Ona görə də dövlət mütəmadi olaraq bunu hərtərəfli idarə edir. Biz 1998-ci ildə Norveç dövlətinin sərmayəsi ilə Abşeron yarımadasının neftlə çirklənmiş ərazisinin xəritəsini hazırlamışdıq. İndi həmin o xəritə ilə koordinasiya nöqtələrinə baxmaq olar ki, hansı ərazi təmizlənib, vəziyyət necədir.

Onun sözlərinə görə, bu məsələlərdə tənqidi məsələ ancaq işin ləng getməsidir. Əsas Abşeron, Bakı, Neftçala və neft çıxarılan digər əraziləri təmizləmək lazımdır: "Azərbaycan dövlətinin neftdən qazandığı pulların çox hissəsini bu ərazilərin təmizlənməsinə xərcləməsi doğru olmazdı. Çıxış yolu kimi, təklif edərdim ki, bunu SSRİ-nin varisi kimi Rusiya sərmayə qoyub təmizləməlidir. Nobel qardaşları buradan 50 il neft daşıyıblar, indi onların adına Nobel mükafatı verilir. Onlar 5-6 milyard dollar ayırıb Bakının zəhərli torpaqlarını, neftdən çirklənmiş əraziləri təmizləməsinə yardımçı olmalıdırlar. İctimaiyyətin tələbi ilə bu məsələni gündəmə gətirmək olar".

Xatırladaq ki, torpaqların təmizlənməsinə və rekultivasiyasına ARDNŞ tərəfindən 60 milyon manatdan çox, Azərbaycan büdcəsindən isə 19 milyon manata yaxın vəsait ayrılıb. Bakı və Bakı ətrafı torpaqlarda təmizləmə işlərinin başa çatması gələn il mümkün olacaq. Belə ki, Azərbaycan paytaxtında ilk dəfə Avropa Olimpiya Oyunları keçirilməsi ilə əlaqədar torpaqların təmizlənməsi ilə bağlı işlər həmin dövrədək yekunlaşdırılmalıdır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.