İqtisadiyyat

"Akkord"un pauerliftinq üzrə xanım idmançısı dünya çempionu oldu - FOTO

22 Noyabr 2014 11:58
Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Amerika Birləşmiş Ştatlarının Florida ştatının ikinci böyük şəhəri olan Mayamidə WPC versiyası üzrə keçirilən pauerliftinq üzrə dünya çempionatı başa çatıb. Azərbaycan komandası bu yarışlarda uğurla çıxış edərək, altı qızıl və bir gümüş medal qazanıb. Yarışda Rüstəm Musayev (75 kq), Hafiz Verdiyev (110 kq), İbrahim İbrahimov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İdmançılardan Rüfət Ağayev və Hafiz Verdiyevin də mütləq dərəcədə dünya çempionu olduğu turnirdə Müşviq Ağayev (67,5 kq) gümüş medal qazanıb. Qızlar arasında keçirilən yarışda Günel Talıbova (56 kq) və Sara Abbasovanın (75 kq) qələbəsinə sevinən komanda üzvləri noyabrın 20-də Bakıya qayıdıblar.

İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında milli pauerliftinqçi Sara Abbasovanın çalışdığı "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin nümayəndələri böyük təntənə ilə qarşılayıblar. Həmkarları ilə yanaşı, qalib komandanın bütün üzvlərini təbrik edən "Akkord"çular xanım idmançılara gül-çiçək dəstələri hədiyyə ediblər. Mərasimdə Korporasiya rəhbərliyinin nümayəndəsi kimi qarşılama heyətinə başçılıq edən Eyyub Məmmədov idmançılar qarşısında çıxış edib. Korporasiyanın hər zaman ölkəmizdə idmanın inkişafına dəstək verdiyini vurğulayan E.Məmmədov "Akkord" kollektivinin ölkəmizin bayrağının ən uca zirvələrdə dalğalanması üçün istənilən təşəbbüsə sevinclə qoşulduğunu bildirib.

Öz növbəsində, Sara Abbasova da ona bu qayğını və dəstəyi daim hiss etdirən, müxtəlif yarışlarda iştirakı üçün ona həm maddi, həm də mənəvi dəstək olan doğma "Akkord" kollektivinə minnətdarlığını ifadə edib.

Mərasimdə Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev də çıxış edib. O, bu gözəl qarşılanma mərasimi üçün təşəkkürünü bildirib və beynəlxalq konqresdə 2017-ci ildə pauerliftinq üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edildiyi barədə xəbəri bölüşüb. Bir çox dövlətlərin, o cümlədən Rusiya Federasiyasının rəqiblər arasında olmasına baxmayaraq, əksər ölkələrin nümayəndələrinin Azərbaycanın namizədliyinə səs verməsinin sevincini yaşayan idmançı, bütün bunların ölkəmizdə həm dövlət, həm də "Akkord" kimi güclü özəl sektor nümayəndələrinin idmana və idmançılara göstərdikləri qayğının artıq dünyada hər kəsə məlum olması ilə əlaqələndirib.

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.