İqtisadiyyat

Dost böhranda tanınar

22 Noyabr 2014 23:27
0 Şərh     Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MDB ölkələrinin bankları problemdən birgə çıxış yolları axtarır 

Artıq bir neçə ildir ki, MDB ölkələrinin Bakı Beynəlxalq Bank Konfransının gündəliyini siyasi və iqtisadi baxımdan qeyri-sabit dövrdə Birlik ölkələrinin maliyyə institutlarının bir-birlərini dəstəkləməsilə bağlı müxtəlif mövzular təşkil edir. Bu yaxınlaradək banklar qlobal maliyyə böhranın təsirlərilə mübarizə aparırdılar. Onlar bu problemdən yeni xilas olmuşdular ki, digər problem ortaya çıxdı - Rusiya-Ukrayna böhranı, Qərbin Rusiyaya, o cümlədən Rusiyanın maliyyə bazarına tətbiq etdiyi sanksiyalar. Bütün bunların üzərinə Rusiya Bankının məzənnə siyasəti mexanizmini sadələşdirərək rublu sərbəst "buraxması" da gəlib. Bütün bu amillər hər şeydən çox, bilavasitə Rusiyanın bank sisteminə aid olsa da, şübhəsiz ki, dolayısı ilə olsa belə, bütünlükdə MDB-nin maliyyə bazarlarına təsir göstərir. Odur ki, MDB ölkələrinin VII Bakı Beynəlxalq Bank Konfransında bunun əsas diqqət mərkəzindəki mövzu olması heç də təəccüblü deyil.
 

Qeyd etmək lazımdır ki, Rusiyada iqtisadi vəziyyətin pisləşməsi MDB ölkələri arasında ən az Azərbaycana təsir göstərib. "Moody's Investors Service"in təmsilçisi olan analitik Mariya Malyukova bildirib ki, bu sırada Qazaxıstan və Türkmənistanın da adlarını çəkmək olar. Onun sözlərinə görə, bu ölkələrdə ixracatdan əldə olunan ümumi gəlir, birbaşa xarici sərmayələr və pul köçürmələrində Rusiyanın payı ÜDM-in 5%-ni təşkil edir. "Rusiyada iqtisadi vəziyyətin pisləşməsinin mənfi təsiri ən çox Tacikistanda, Qırğızıstanda, Belarusda, Ermənistanda və Özbəkistanda hiss olunur (ümumilikdə, ÜDM-ə təsir 10%-dən çoxdur)", - deyə o, bildirib.
 

M. Malyukova deyib ki, bu vəziyyətdə "təhlükəsizlik yastığı" kimi qızıl valyuta ehtiyatları dövriyyəyə buraxılır. Maraqlıdır ki, ehtiyatların qarşıdakı xarici borc ödənişlərinə ən yaxşı nisbəti də məhz Azərbaycandadır. Bundan başqa, Azərbaycan və Özbəkistanda bank sektoru ilə bağlı proqnozlar "sabit", digər ölkələrdə isə "mənfi"dir".
 

Ölkənin bank sektoru ilə bağlı bu vəziyyət tamamilə əsaslı və başadüşüləndir. Konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov bildirib ki, Azərbaycanın bank sektorunun kredit-investisiya potensialı son 2,5 ildə, yəni, bankların minimal kapitalı ilə bağlı tələblərin beşqat artırılmasından sonra 2 dəfə yüksəlib. Bununla yanaşı, Azərbaycanın bank sektorunun aktivləri qeyri-neft ÜDM-yə nisbətdə 62%-dən 78%-ə qalxıb. 2014-cü ilin əvvəlindən bu sektorun aktivləri 15%, kredit qoyuluşu 15%, əmanətlər 9% artıb.
 

R.Orucovun sözlərinə görə, məhz bank kapitalı ilə bağlı tələbin 50 milyon manatadək artırılması onların təklif etdiyi xidmətlərin keyfiyyətini artırmalarına yol açıb, bazarda rəqabəti gücləndirib. Yeri gəlmişkən, AMB-nin bu qərarının effektivliyini konfransda çıxış edən Azərbaycan Beynəlxalq Bankının (ABB) rəhbəri Cahangir Hacıyev də təsdiqləyib. O, bildirib ki, "Moody's" agentliyinin qiymətləndirməsinə görə, yaxın 12-18 ayda Azərbaycan bankları əlverişli əməliyyat mühitindən, aktivlərin sabit keyfiyyətindən və kifayət qədər kapital ehtiyatından fayda götürməkdə davam edəcəklər.
 

Bu səbəbdən də, Azərbaycanın bank sektorunun sabit inkişafı MDB-nin digər ölkələrinə məxsus bazarların iştirakçılarını da cəlb edir. Rusiya Mərkəzi Bankının direktorlar şurasının üzvü Mixail Suxov bildirib ki, MDB dövlətlərinin bazarları böyük şirkətlərin sərmayə qoyuluşu üçün əsas obyekt ola bilərlər. Onun sözlərinə görə, burada söhbət yalnız Rusiya deyil, həm də Azərbaycan şirkətlərindən gedir. "Biz hesab edirik ki, ölkələrimiz arasında maliyyə-bank sahəsində əməkdaşlıq böyük potensiala malikdir. Hazırda elə bir vəziyyət yaranıb ki, ortaya hər an yeni imkanlar çıxır. Xarici mənbələrin məhdud olduğu bu şəraitdə biz potensialımızdan maksimum istifadə edə bilərik", - deyə o, bildirib.

MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə hazırda MDB çərçivəsində iqtisadi əməkdaşlığın optimal formalarının axtarıldığını söyləyib. O, bu işdə əsas rolu azad ticarət rejiminə verildiyini bildirib.
 

BMT ölkələrinin Maliyyə-İqtisadi Şurasının Koordinasiya Şurasının sədri Anatoli Kazakov isə 2013-cü ildə Rusiyanın Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin 33 milyard dollar təşkil etdiyini, lakin bunun mövcud potensialı özündə tam əks etdirmədiyini deyib. Onun sözlərinə görə, bu üzdən də Xəzər İqtisadi Birliyinin yaradılmasına ehtiyac var. Kazakov hesab edir ki, tərəflər arasında maliyyə-iqtisadi sahədə əməkdaşlığın yeni strategiyasının hazırlanması vacibdir. "Son aylarda Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələr genişlənir. Banklar müştərilərini tanıyan institutlardır. Onlar maliyyə dəstəyi və kreditləşmə vasitəsilə kənd təsərrüfatı məhsulları ilə ticarətin inkişafına əlavə təkan verə bilərlər. Hazırkı şəraitdə bu sahə daha fəal inkişaf edə bilər", - deyə o, qeyd edib.
 

Bununla yanaşı, Kazakov investisiyaların cəlbi üçün əlavə maliyyə kanallarının formalaşdırılması haqda düşünməyi də mümkün sayır: "Ölkələrimiz arasında ticarətin genişləndirilməsi investisiya imkanlarının inkişafı ilə müşahidə oluna bilər və olunmalıdır".

M.Suxovun sözlərinə görə, Azərbaycandakı Rusiya bankları iki ölkə arasında iqtisadi-ticari münasibətləri fəal şəkildə dəstəkləyir. "Aydındır ki, maliyyə-iqtisadi əlaqələrdə iştirak edən bankların dairəsi, ilk növbədə, ölkələr arasındakı biznesin həcmilə bağlıdır. Hazırda söhbət 11 Rusiya bankından gedir. Bu kiçik rəqəm inkişaf üçün potensialın olduğundan xəbər verir. Üstəlik, iqtisadi şərtlərin dəyişməsi banklara yeni məhsullar təqdim etmək imkanı da verir", - deyə Rusiya Mərkəzi Bankı rəhbərinin müavini qeyd edib.
 

Bunun təsdiqi kimi, konfrans çərçivəsində ABB ilə Rusiyanın "Roseksimbank"ı arasında əməkdaşlıq sazişi imzalanıb. Razılaşmanın əsas maddələrindən biri milli valyutalardan istifadə etmə imkanıdır. "Xarici ticarətdə rubl və manatla hesablaşmalara keçid xüsusilə hazırkı şəraitdə Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari və siyasi münasibətlərə müsbət təsir göstərəcək", - deyə "Roseksimbank"ın İdarə Heyətinin sədri Dmitri Qolovanov bildirib. Onun sözlərinə görə, bu, istər banklar, istərsə də xarici ölkələrə mal göndərənlər üçün qarşılıqlı ixrac zamanı valyuta və siyasi riskləri azaldacaq. O, analoji əməkdaşlıq təklifilə Azərbaycanın digər banklarına da müraciət edib.
 

Qeyd edək ki, MDB məkanında vahid valyutanın tətbiqi məsələsi artıq bir neçə ildir ki, bu konfransda müzakirə edilir. Lakin bazarın iştirakçıları arasında bu məsələ ilə bağlı yekdil fikir hələ də yoxdur. Builki konfransda da Tacikistan Milli Bankının İdarə Heyətinin üzvü Aşurbəy Soliyev eyni təkliflə çıxış edib. Onun fikrincə, MDB ölkələrinin valyutasının dünyada xammalın qiymətinin volatillikdən əziyyət çəkməməsi üçün mübadilə kursları ilə bağlı vahid strategiyanın olması vacibdir.
 

Bundan başqa, konfrans iştirakçıları pul köçürmələri bazarının vəziyyətini də müzakirə ediblər. Qeyd edək ki, Rusiya operatorlarının vəziyyətilə bağlı hazırda bu bazarda müəyyən dəyişikliklər yaşanır. MDB dövlətlərinin Maliyyə-Bank Şurasının baş direktoru Pavel Nefidov bildirib ki, hazırda müəyyən geosiyasi problemlərə baxmayaraq, pul köçürmələri bazarı de-fakto öz həyatını yaşayır, fəal şəkildə inkişaf edir. "Digər tərəfdən müəyyən problemlər də var. Çünki bu bazarın ən nəhəng operatorlarından olan Migom sistemi müflis olub. Digər sistemin - Contact-ın da müəyyən problemləri yaranmışdı. Amma artıq o, mövqelərini fəal şəkildə bərpa etməkdədir", - deyə o, qeyd edib.
 

Yeri gəlmişkən, MDB ölkələrinin hər birində bank sektoru nə qədər müstəqil və inamla inkişaf etsə də, sıx iqtisadi-ticari əlaqələrin, birgə maliyyə maraqlarının olması, şübhəsiz ki, onları ümumi problemlər qarşısında daha zəif hala gətirir. Bu üzdən də, tərəfdaş bazarların problemlərinin həllində iştirak nəinki dost münasibətlərinin göstəricisidir, həm də sırf işgüzar zərurətdir. Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində aparılan diskussiyalar və qəbul edilən qərarlar son siyasi-iqtisadi böhrandan əziyyət çəkən maliyyə bazarlarına ciddi dəstək ola bilər.

"Region Plyus"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.