İqtisadiyyat

Artan problemli kreditlər, enməyən faizlər...

30 Oktyabr 2014 17:29
1 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Banklar faizləri azaltmasalar, ciddi problemlə üzləşə bilərlər

Bankların problemli kreditləri durmadan artır. Bu ilin ilk yarısının və 9 ayının yekunları ilə bağlı müxtəlif bankların açıqladığı rəqəmlər qorxulu statistikadan xəbər verir. Məsələn, "Bank VTB"(Azərbaycan) açıqlayıb ki, 2013-cü ilin ilk 9 ayı ilə müqayisədə bankın problemli kreditləri 4 dəfə artaraq 5 milyon manatdan 20 milyon manata çatıb. Ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı isə 3,4 faizdən 8,2 faizə qədər artıb. Bu, ölkə üzrə orta həddən (5,4 faiz) çoxdur.

"Accessbank"da da problemli kreditlər əhəmiyyətli dərəcədə artıb. Bankdan bildirildiyinə görə, 2014-cü ilin ilk 9 ayında "Accessbank"ın kredit portfeli 775 milyon 508 min manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 37,5% və yaxud 211 milyon 519 min manat çoxdur.

Bu il verilmiş kreditlərin 0,83%-i və yaxud 6 milyon 427 min manatını vaxtı keçmiş kreditlər təşkil edib. Ötən il isə problemli kreditlərin həcmi 2 milyon 583 min manat (ümumi kredit portfelinin 0,5%-i) qədər olub. Başqa sözlə, son 1 ildə bankın problemli kreditləri 2,5 dəfə yüksəlib.

"Unibank"da problem nisbətən az olub. Bankdan bildirilir ki, bu ilin 9 ayında problemli kreditlərinin həcmində 17,5 faizlik artım müşahidə edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, hazırda problemli kreditlərin ümumi məbləği 938,8 milyon manat təşkil edir ki, bu isə bankların ümumi kredit portfelinin 5,4 faizi deməkdir. Lakin beynəlxalq təşkilatlar Azərbaycanda problemli kreditlərin verilmiş kreditlərdə payının10 faiz olduğunu bildirirlər. Bir sıra ekspertlər isə iddia edirlər ki, bu göstərici daha yüksək rəqəmlə ifadə olunur.

Maraqlıdır ki, problemli kreditlərin sürətlə artmasına baxmayaraq, banklar müştərilərinə güzəşt tanımırlar. Məsələn, mövzu ilə bağlı araşdırma apardığımız zaman həmsöhbət olduğumuz adının çəkilməsini istəməyən kredit ödəyicisi bildirdi ki, "Rabitəbank"dan 5 min manat kredit götürüb, hazırda onu ödəməkdə çətinlik çəkir: "Aylıq ödənişim 297 manatdır. Yay aylarınadək normal ödəmişəm, indi problemlərim yaranıb. Krediti 2012-ci ilin dekabrında 2 illiyə götürmüşəm. Hesablayanda indiyədək banka 6 min manata yaxın ödəniş etmişəm. Bu günlərdə bankdan mənə zəng edib ödənişin gecikdiyini deyəndə soruşdum ki, ümumi nə qədər borcum qalıb, dedilər 1700 manat. Xahiş etdim ki, dekabradək faiz hesablamasınlar, güzəşt dövrü tanısınlar, dekabrda hamısını ödəyəcəyəm, qəti surətdə imtina etdilər".

Qeyd edək ki, bu cür vəziyyət digər banklarda da mövcuddur. Heç bir maliyyə qurumu müştəriyə güzəşt tanımır. Faizlərlə yüklənən müştəri isə təbii ki, digər ayları da ödəməkdə çətinlik çəkir.

Bank-maliyyə məsələləri üzrə ekspert Samir Əliyevin sözlərinə görə, problemli kreditlərin artmasının başlıca səbəbi faizlərin həddən artıq yüksək olmasıdır: "Digər bir səbəb bankların kredit risklərini düzgün qiymətləndirməməsidir. Düzdür, Mərkəzi Bank problemli kreditlərin həcminin azalması üçün müəyyən addımlar atıb. Amma o addımlar qısa müddətdə təsir etməyəcək bazara. Hələlik gözləməli olacağıq. Çünki MB-nin addımları daha çox yaxın illərdə təsirini göstərəcək".

Ekspert qeyd etdi ki, kredit faizləri nə qədər yüksək olacaqsa, problemli kredit məsələsi aktual olaraq qalacaq: "Hələ ki, mən bu məsələdə təqsirkar kimi bankların özlərini görürəm. Amma digər tərəfdən də görünən odur ki, kredit verməsələr bankların heç bir qazancı olmayacaq. Kredit almaq və normal ödəmək qabiliyyəti olanlar isə çox azdır. Müşahidələr göstərir ki, daha çox manatla verilən kreditlərdə problem yaranır".

Ekspertlər hesab edirlər ki, təkcə Mərkəzi Bankın atdığı addımlarla, qabaqlayıcı tədbirlərlə problemli kreditlərin həcminin artmasının qarşısı alına bilməz. Hazırda problemli kreditlərin həcminin artmasının bir neçə səbəbi var. Bunlardan bir neçəsi yuxarıda qeyd edildi. Bank mütəxəssislərinə görə, səbəblərdən biri də istehlak kreditlərinin çox olmasıdır. Bu kreditlər daha çox gəlirsiz məqsədlə istifadə edildiyi, biznes xarakteri daşımadığı üçün geri qaytarılmasında ciddi problemlər yaranır. Faizlərin yüksək olması da burada öz təsirini göstərmiş olur. İnsanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıb. Hazırda hətta bir çox kredit istifadəçisi bir kreditini bağlamaq üçün digər kreditə müraciət edir. Beləliklə, borclar zəncirvari şəkildə daha da artır. Bütün hallarda, bu problemdən çıxış yolu tapılmalıdır. Əks halda, ölkənin bank-maliyyə sektoru üçün ciddi problemlər yarana bilər...

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.