İqtisadiyyat

40 günlük matəm iqtisadiyyata təsir edirmi?

30 Oktyabr 2014 13:33
2 Şərh     Baxış: 1 287
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fazil Mustafa: "Bu, daha çox İrandan gələn bir adətdir"; Samir Əliyev: "Məhərrəmliyin iqtisadiyyata vurduğu ziyan azdır, nəinki qeyri-iş günlərinin..."

Artıq məhərrəmlik əyyamı başlayıb. Bununla əlaqədar bəzi ayinlər icra edilir, qadağalar gözlənilir. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Artıq paytaxt ərazisində şadlıq evlərinin böyük əksəriyyəti fəaliyyətini dondurub. Toy biznesinin bağlanması ərzaq bazarından tutmuş, gözəllik salonlarına kimi bir sıra obyektlərə öz təsirini göstərir.

Deputat Fazil Mustafaya görə, 40 günlük qadağa daha çox İranda yaşanan bir adətdir: "Azərbaycanlılar da İrandan gələn adətləri yaşadırlar. Ancaq İslam haqqında təsəvvürü olan insanlar bilirlər ki, İslamda yas mərasimi deyilən bir şey yoxdur. 1400 il bundan əvvəl baş vermiş bir hadisələrin üzüntüsünü yaşaya bilərik, ancaq xüsusi olaraq hər yanda fəaliyyəti, əyləncəni dondurmaq yanlışdır.

Amma bura Azərbaycandır. Burada cəhalət də mövcuddur və yəqin ki, hələ əsrlərlə davam edəcək. Azərbaycanın mütərəqqi düşünən insanları isə bu tarixə çox da fəaliyyəti dondurma kimi baxmır. Təbii ki, İmam Hüseyn faciəsinə hamımız üzülürük və bunu qəlbimizdə yaşadırıq. Amma buna xüsusi bir din hadisəsi kimi baxılması İranla bağlıdır. İnsanlar bunu özləri üçün hansısa bir fəaliyyəti dayandırmaq kimi qiymətləndirirlərsə, görünür ki, bu dini bilgilərin zəif olmasından qaynaqlanır. Qurandan, Peyğəmbərdən və onun həyatından xəbəri olmayan, İslamı yaşamaq istəməyənlər İslam tarixinin intriqalarını, tarixi hadisələrin üzüntülərini, mərasimçiliyi daha çox önə çəkirlər. Bu da yanlışdır. Ümumiyyətlə, İslam başqa şeydir, İslam mərasimləri və İslam tarixində baş verən hadisələrə üzüntü tamam başqa. Fikir versəniz görərsiniz ki, Xocalı ilə bağlı üzülməyən insanlar bu hadisəyə üzülürlər. Halbuki o insanın heç bu hadisənin mahiyyətindən xəbəri yoxdur. Problemin kökü budur".

İqtisadçı ekspert Samir Əliyev deyir ki, istənilən məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata mənfi təsir göstərir: "Ərzaq alışı baxımından bayramlar və ya qara bayramlar faydalı ola bilər. Amma işin olmaması ölkə iqtisadiyyatına ciddi zərər vurur. Belə ki, bir sıra obyektlərin fəaliyyəti dayanır. O cümlədən toylar, restoranlar işləmir. Bunların olmaması, təbii ki, iqtisadiyyata zərər vurur. Maraqlı sual ortaya çıxır ki, Azərbaycan kimi bir ölkədə bunun zərəri nə qədərdir? Bizdə 365 günün 124 günü qeyri-iş günüdür. Bura həm bayram, həm də şənbə-bazar daxildir. Biz təxmini hesablama apararkən müəyyən etdik ki, ölkədə hər qeyri-iş günündə Azərbaycan 50 milyon manat pul itirir. Məsələ burasındadır ki, bizim iqtisadiyyatda neft hasilatı əsas çəkiyə malikdir.

Məhərrəmliyin və bayramların olub-olmamasından asılı olmayaraq neft sektoru işləyir. Buna görə də bizdə istər müsbət mənada bayramların, istərsə də qara bayramların zərəri elə də çox deyil. Amma hər halda, zərər var. Bunun əsas təsir göstərdiyi sahə ictimai iaşə obyektləri və iqtisadiyyat sektorudur. Amma bir məqama diqqət etmək lazımdır ki, həmin ictimai iaşə obyektləri, yəni restoranlar, şadlıq evləri dövlətə vergi ödəyirmi? Əgər vergi ödəyirsə, əlbəttə, onların işləməməsi büdcəyə daxil olmanı azaldır. Əgər qeyri-rəsmi işləyirsə, onların işləyib işləməməsinin dövlət büdcəsinə elə də bir ziyanı yoxdur. Hesab edirəm ki, Məhərrəmliyin iqtisadiyyata vurduğu ziyan azdır, nəinki qeyri-iş günlərinin vurduğu ziyan".

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.