İqtisadiyyat

Elman Rüstəmov: "Pul siyasəti iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında effektiv şəkildə tarazlaşdırılacaq"

21 Oktyabr 2014 18:30
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Raca Almarzoqinin rəhbərlik etdiyi Beynəlxalq Valyuta Fondunun (BVF) Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının nümayəndə heyətini qəbul edib.
 

Bankdan Trend-ə verilən məlumata görə, görüş zamanı cari il üzrə ən son makroiqtisadi inkişaf və 2014-2015-ci illər üçün gələcək planlar, dünya iqtisadiyyatında inkişafın təsiri və iqtisadi perspektivlər üçün əsas risklər, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıqlar və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.
 

Görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, ölkənin xarici mövqeyi, AMB-nin pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib.
 

Cari ildə və ortamüddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını qeyd edən E.Rüstəmov, həmçinin pul siyasəti və makroprudensial siyasətin sinxronlaşması, "kontr-tsiklik bank nəzarəti" çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusilə diqqətə çatdırıb.
 

AMB sədri son dövrlər regionda baş verən hadisələrin və dünya bazarlarında neftin qiymətinin aşağı düşməsinin Azərbaycan iqtisadiyyatına təsiri barədə də fikirlərini bildirib. Bununla belə qeyd olunub ki, ölkədə iqtisadi artım davam edir və bu artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir.
 

Öz növbəsində, BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri R.Almarzoqi cari ildə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirib. O, ölkəmizin qarşısında duran qısa və orta müddərti çağırışlara nəzər yetirərək, BVF-nin bu istiqamətlər üzrə Azərbaycanla birgə səyləri barədə fikir mübadiləsi aparıb.
 

Görüşdə, həmçinin Mərkəzi Bankla BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunub.
 

Görüşün sonunda BVF tərəfindən diversifikasiyanın sürətləndirilməsi, inflyasiyanın hədəflənməsi və dövlət investisiyalarına dair təqdimat edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.