İqtisadiyyat

Tikintidə ara məsafəsi tələbinin dəyişdirilməsi qərarı hansı problemlərə yol aça bilər?

30 Sentyabr 2014 18:44
1 Şərh     Baxış: 1 487
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda mənzilə olan tələbat artır. Amma paralel olaraq daşınmaz əmlak bazarında qiymətlər də qalxmaqdadır. Torpaq sahəsində binaların, evlərin tikilməsi ilə bağlı qərarın sadələşdirilməsi məhz bu problemin aradan qalxmasına xidmət edəcək. Yəni, Bakı və Bakıətrafı ərazilərdə evlər arasındakı məsafə qısaldılır. Ev arzusunda olanlar bu xəbərə sevinsə də, bu, gələcəkdə ciddi problemlərə yol aça bilər.

Azərbaycan iqtisadiyyatı durmadan inkişaf edir. Bu tendensiya daha çox özünü paytaxt Bakıda göstərir. Yeni binalar inşa edilir, idarə və təşkilatlar fəaliyyətlərini genişləndirir. Bu da daşınmaz əmlak bazarında həm tələbatın artmasına, həm də qiymətlərin qalxmasına səbəb olur. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, bütün bunlar nəzərə alınaraq tikintidə ara məsafəsi tələbinin dəyişdirilməsi qərara alınıb.

Vüqar Bayramlı
, iqtisadçı ekspert: "Bakının Xəzər dənizi sahilində yerləşməsi onun bütün istiqamətlər üzrə genişlənməsinə imkan vermir. Təbii ki, bütün bunlar Bakıda torpaqların xeyli məhdud olmasına gətirib çıxarıb. Bu zaman artıq beynəlxalq, eləcə də Avropada müəyyənləşdirilmiş standartların gözlənilməsi olduqca çətindir. Tələbat artır, torpaq məhduddur, binaların, yaşayış evlərinin sayı azdır. Bu da tələbatın ödənilməsinə imkan vermir".

Əvvəlki vəziyyətdə sahəsi 100 kvadratmetr olan torpaqda yalnız 27 kvadratmetr sahəsi olan birmərtəbəli ev tikmək olardısa, dəyişikliklərdən sonra həmin torpaq sahəsində 58 kvadratmetrlik ev inşa etmək mümkün olacaq.

İqtisadçı ekspertin fikrincə, bu dəyişikliyin mənfi cəhətləri də qaçılmazdır. Evlərin, binaların yaxın məsafədə yerləşməsi, ilk növbədə, şəhərin ekologiyasına öz təsirini göstərəcək. Ancaq çatışmazlıqlar bununla da bitmir.

Vüqar Bayramlı: "Vətəndaşların istirahət etməsi, binanın həyətində oturma imkanı xeyli məhdudlaşır, eyni zamanda bu, praktiki olaraq avtomobillərin park edilməsi ilə bağlı müəyyən çətinliklər yaradır. Həmçinin binaların yaxın məsafədə yerləşməsi həm də təhlükəsizlik baxımdan arzuolunan deyil. Xüsusən yanğın və digər hadisələr baş verən zaman daha qısa vaxtda binaya yardım etmək, müəyyən avadanlıqları həyətə daxil etməklə bağlı çətinliklər formalaşdırır".

Bununla belə, dəyişikliyin həyata keçməsi ilə mənzilə olan təlabat qismən ödənəcək, ən əsası qiymətlər xeyli aşağı düşəcək. Bu isə daşınmaz əmlak bazarında canlanmanın yaranmasına səbəb olacaq.
Gələcəkdə artan tələbata uyğun olaraq bəhs etdiyimiz qərarın ölkənin digər iri şəhərlərində, Gəncə, Lənkəran və Mingəçevirdə də tətbiqi gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.