İqtisadiyyat

Azərbaycanın taleyində həlledici hadisə

18 Sentyabr 2014 16:50
Baxış: 1 107
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 il bundan öncə imzalanan "Əsrin müqaviləsi" müstəqil Azərbaycanın taleyində mühüm rol oynamaqda davam edir

Bu günlərdə "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illik yubileyi qeyd edilməkdədir. Məlum olduğu kimi, 1994-cü ilin 20 sentyabrında Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 tanınmış neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş" imzalandı və həmin sənəd, sonradan tariximizə "Əsrin müqaviləsi" kimi əbədilik həkk olundu.

Bu müqavilə bir çox aspektdən Azərbaycanın taleyində mühüm rol oynadı. Hər şeydən əvvəl, müqavilənin imzalandığı dövrə nəzər salmaqla onun nə qədər mühüm tarixi əhəmiyyət kəsb etdiyini görmək mümkündür. Məlumdur ki, məhz "Əsrin müqaviləsi"nin bağlandığı dövrdə Azərbaycanın həm daxili həyatında, həm də ölkənin xarici əlaqələr sferasında vəziyyət çox qarışıq idi. Daxili həyata ən ciddi təsir göstərən erməni işğalı yenicə durdurularaq atəşkəsə nail olunsa da, müharibənin ağır fəsadlarından ölkə özünə gələ bilməmişdi. Bundan başqa, siyasi hərc-mərcliklə mübarizə davam etdirilsə də, dövlətçiliyə təhdid doğuran bəzi qüvvələrin zərərsizləşdirilməsi prosesi hələ yekunlaşmamışdı. İqtisadi çətinliklər də bir yandan vəziyyəti ağırlaşdırırdı.

Xarici siyasətdə isə regionda marağı olan dövlətlərin ölkəmizə təzyiqləri ara vermirdi. Xüsusilə neft kontraktı imzalamağa hazırlaşılan mərhələdə bu prosesi pozmağa çalışan xarici qüvvələr bir qədər də aktivləşmişdi.

Belə bir şəraitdə dünyanın aparıcı şirkətlərini cəlb edərək "Əsrin müqaviləsi" kimi nəhəng bir kontraktın imzalanması heç şübhəsiz ki, güclü iradə və böyük müdriklik tələb edirdi. Belə bir işin öhdəsindən isə ümummilli lider Heydər Əliyev kimi şəxsiyyət gələ bilərdi.

Bir çox tədqiqatçıların fikrincə, həmin dövrdə "Əsrin müqaviləsi"nin bağlanması əslində Azərbaycan dövlətçiliyinin xilası, ölkəmizin əbədi müstəqilliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malik oldu. Belə ki, Azərbaycan neftinin istehsalı və ixracı ilə bağlı beynəlxalq konsorsiumun yaradılması ölkəni bir sıra xarici güclərin təzyiqindən qorumuş oldu.

"Əsrin müqaviləsi"nin imzalanması ilə ölkənin həm daxilində, həm də xarici əlaqələrində bir növ stabillik yarandı. Daxildə siyasi hərc-mərcliyin, dövlət çevrilişləri ənənəsinin qarşısını almaq, siyasi, hüquqi, iqtisadi islahatlara başlamaq mümkün oldu.

"Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi, dünyaya inteqrasiyasını da təmin etdi. Konsorsiuma daxil olan şirkətlərin siyahısına diqqət yetirsək, burada həm Qərb dövlətlərinin, həm Rusiyanın və həm də Türkiyə və İran kimi mühüm region ölkələrinin iştirakını görmüş olarıq.

"Əsrin müqaviləsi" hazırkı dövrdə Azərbaycanın əldə etdiyi uğurların da əsasını təşkil edir. Məlum olduğu kimi, "Əsrin müqaviləsi"nin nəticəsi olaraq əldə olunan neftin xarici bazarlara çıxarılması üçün əsas ixrac boru kəməri olan Bakı-Tbilisi-Ceyhan kəməri 2005-ci ildə istifadəyə verildi. Bununla da ölkəyə ciddi valyuta daxil olmağa başladı. Həmin valyuta ölkə həyatının müxtəlif sferalarının köklü inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına səbəb olmaqla bərabər, dövlətçiliyin daha da möhkəmləndirilməsinə gətirib çıxardı.

Azərbaycan qısa müddət ərzində borc alan ölkədən borc verən ölkəyə çevrildi. Ölkənin xarici valyuta mənbələrindən asılılığı azaldı. Neftdən əldə olunan valyuta qeyri-neft sektorunun inkişafına böyük dəstək verdi. Regionların sosial-iqtisadi inkişafı sürətləndi.

Ciddi neft ixracatçısı kimi ölkəmizin beynəlxalq nüfuzu da durmadan artdı. Artıq Azərbaycan bir sıra dövlətlərin, dünya regionlarının enerji təchizatında aparıcı rol oynamağa başladı. Bu isə Azərbaycanla dünya güclərinin bir sıra regional məsələlərdə hesablaşmasına gətirib çıxardı.

Bu gün Azərbaycanın neft strategiyasının uğurunu onun qaz strategiyası tamamlayır. Artıq ölkəmiz dünyaya təkcə neft və neft məhsulları deyil, həm də qaz ixrac etməkdədir. Xüsusilə "Şahdəniz 2" layihəsi çərçivəsində Azərbaycan dünya ölkələrinə, xüsusilə də Avropaya 16 milyard kubmetrdən çox qaz ixrac etməyi planlaşdırır.

Məlum olduğu kimi, "Şahdəniz 2" layihəsi ətrafında da mühüm konsorsium formalaşıb və dünyanın aparıcı şirkətləri burada iştirak edir. Layihə çərçivəsində qazın Avropaya nəqli üçün TANAP və TAP kimi tranzit boru kəmərlərinin tikintisi başlamaq üzrədir. Məhz əsası "Əsrin müqaviləsi" ilə qoyulmuş uğurlu neft-qaz strategiyası bu gün "Şahdəniz 2" ilə davam etdirilir.

Bu layihələr, bağlanmış müqavilələr, çəkilən boru kəmərləri Azərbaycanın dünyaya, xüsusən də Avropaya inteqrasiyasını sürətləndirir. Məlumdur ki, TAP layihəsi çərçivəsində Azərbaycan Avropanın cənub regionunun qazla təchizatının böyük bir hissəsini öz üzərinə götürəcək. Bu isə Avropa üçün böyük siyasi əhəmiyyət kəsb edir. Çünki belə olduqda Avropa Rusiyanın qaz monopoliyasından qurtulmaq üçün yeni nəfəslik əldə etmiş olacaq.

O da qeyd edilməlidir ki, prezident İlham Əliyevin bu gün uğurla reallaşdırdığı neft-qaz strategiyasının əsasında ölkənin milli maraqlarının təmin olunması dayanır. Belə ki, bu strategiya dövlətimizin müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Dövlət başçısının düşünülmüş siyasətinin nəticəsidir ki, neft-qaz strategiyasının reallaşdırılması regionda işğalçılıq siyasəti yürüdən Ermənistanın tam təcrid olunmasına, onun regional layihələrdən kənarda saxlanılmasına hesablanıb. Bu isə öz effektini verir. Ermənistan gündən-günə tənəzzülə doğru getməkdədir. Əksinə, Azərbaycan isə günü-gündən çiçəklənir və qüdrətlənir. Bu proses bütün dünyanın gözü qarşısında baş verir.

Ölkəyə axan maliyyə vəsaitləri Azərbaycan dövlətinin digər sahələrlə yanaşı, ölkənin qüdrətinin təminatçısı olan hərbi sahəyə də diqqətini artırmağa imkan verir. Bu isə müharibə vəziyyətində yaşayan, ərazisinin 20%-i işğal altında olan bir dövlət üçün normal haldır. Hazırda ölkəmizin hərbi büdcəsi Ermənistanın ümumilikdə dövlət büdcəsindən 1,5 dəfə çoxdur. Bu isə bir daha onu göstərir ki, ölkənin təbii resurslarından istifadə onun milli maraqlarının təmin olunmasına hesablanıb.
Ümumiyyətlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən "Əsrin müqaviləsi" ilə qoyulmuş neft-qaz strategiyası bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə, ölkə əhalisinin rifahının yüksəldilməsinə, iqtisadiyyatın inkişafına, dövlətin qüdrətlənməsinə xidmət edir.

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.