İqtisadiyyat

Rusiyaya qarşı sanksiyalar Azərbaycana da təsir edəcək, amma...

18 Sentyabr 2014 16:44
0 Şərh     Baxış: 1 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspertlər hesab edirlər ki, bu təsirlər mənfi və müsbət yöndə ola bilər

Avropa Birliyi və onun ardınca ABŞ Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirdi. Yeni və mahiyyətcə daha sərt sanksiyalar sentyabrın 12-dən qüvvəyə mindi. AB-nin yeni sanksiyalar siyahısına "Rosneft", "Transneft" və "Qazpromneft" kimi iri şirkətlər salınıb. Sanksiyalara əsasən, onlar bundan sonra Avropadan kredit və maliyyə ala bilməyəcəklər. Avropa Birliyi ikili təyinatlı məhsulların Rusiyanın müdafiə sənayesinə aid olan "Kalashnikov", "Almaz-Antey", "Ximkompozit" kimi konsernlərə göndərilməsini də qadağan edir. "Uralvaqonzavod" kimi zavodlara və şirkətlərə uzunmüddətli kredit verilməsi qadağan olunur. "Sberbank", VTB, "Qazprombank", VEB, "Rosselxozbank" kimi banklara isə kreditlər məhdudlaşdırılır. Avropa şirkətlərinə dərin su qatlarında, Arktikada neft kəşfiyyatı ilə bağlı Rusiya şirkətlərinə kömək qadağan olunur. Sanksiyalar nəticəsində Rusiyanın bank sektoru, neft-qaz və hərbi sənayesi ağır sanksiyalar altına düşüb. Beş rus şirkətinin pullarına isə həbs qoyulub.

Bəs görəsən, Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycana təsirləri necə ola bilər? Azərbaycanla Rusiya arasında əməkdaşlığın əsasən müdafiə sənayesi sahəsində olduğunu deyən ekspertlər bildirirlər ki, daha önəmli olanı Azərbaycan Neft Fondunun Rusiyanın maliyyə bazarına yerləşdirdiyi investisiyalarla bağlıdır. Ona görə də Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycanla sıx əməkdaşlıq olunan hər iki sahəyə təsiri qaçılmazdır. Proqnozlara görə, Rusiyanın maliyyə sektoruna Azərbaycanın Neft Fondunun yerləşdirdiyi depozitlərdən əldə olunan gəlirlər aşağı düşəcək. Eyni zamanda Rusiyanın əmlak bazarına yerləşdirilən vəsaitlərdən də əldə olunan gəlirdə dəyişiklik baş verəcək. Bütün bu baş verənlər son nəticədə Neft Fondunun əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxaracaq.
Sanksiyaların ölkəmizə təsirlərindən biri də kənd təsərrüfatı məhsullarının bahalaşmasıdır. Bir sıra ekspertlər son günlər bazarlardakı bahalığı Azərbaycanda istehsal olunan məhsulların Rusiyaya daşınması ilə əlaqələndirirlər. Bildirilir ki, Avropadan şimal qonşumuza ixracın dayandırılması bu ölkədə Azərbaycan məhsullarına tələbatı artırıb. Bu səbəbdən də ölkə bazarlarında kənd təsərrüfatı məhsullarının qıtlığı və bahalığı yaranıb.

Millət vəkili Əli Məsimlinin sözlərinə görə, bu məsələyə beynəlxalq təcrübədən çıxış edərək yanaşdıqda, demək olar ki, sanksiyalar onun yönəldiyi ölkənin iqtisadiyyatına ciddi zərbə vurur, amma iqtisadiyyatı tamamilə çökdürməkdən ötrü yetərli olmur: "Bunu enerjidaşıyıcılı ölkələrdən biri olan Rusiyaya tətbiq edilən sanksiyaya münasibətdə də təxmin etmək olar. Amma Qərb bu dəfə məsələnin ciddiliyinə adekvat hərəkət etməyə başlayıb. Avropa İttifaqının Rusiyaya qarşı iqtisadiyyatın bir sıra bütöv sektorlarına, o cümlədən maliyyə sektoruna sanksiyaları nəzərdə tutan paketə əsasən Rusiya banklarının və şirkətlərinin Qərbin kapital bazarına çıxışı məhdudlaşdırılır. Ona görə də bu sanksiyalar qeyd etdiyimiz kimi, Rusiya iqtisadiyyatına, xüsusən də maliyyə-bank sisteminə sarsıdıcı təsir göstərməklə yanaşı, dünya iqtisadiyyatının qloballaşması səviyyəsi yüksək olduğundan, Rusiya ilə daha sıx iqtisadi-ticari əlaqələrdə olan ölkələrdə təsirsiz ötüşməyəcək. Eyni zamanda həm də sanksiyaların bumeranq effekti olacaq və onu tətbiq edən ölkələrin şirkətlərinə də mənfi təsir göstərəcək".

Sanksiyaların Azərbaycana təsirlərinə gəlincə, millət vəkilinin fikrincə, çox böyük ehtimalla son sanksiyalar depozit bazası yetərincə güclü olan Əmanət Bankı çıxmaq şərtilə, Rusiyanın korporativ bank sektoru üçün "dağıdıcı" olacaq: ""Vneştorqbank"a (Xarici Ticarət Bankı) qarşı gözlənilən sanksiyalar təbii ki, həmin bankın Azərbaycanda olan filialının fəaliyyətinə və bankın iri səhmdarlarına da müəyyən təsiri olacaq. Bəli, yalnız müəyyən dərəcədə. Amma bu heç də o demək deyil ki, Rusiyanın korporativ bank sektoru üçün gözlənilən zərbə Azərbaycanda da təkrar olunacaq".

İqtisadçı-ekspert Akif Nəsirli isə həmkarları ilə müqayisədə başqa cür düşünür. Həmsöhbətimiz ciddi narahatlığa əsas görmədiyini deyir: "Bizim Rusiya ilə əlaqələrimiz 15-20 il bundan əvvəlki kimi sıx deyil. Ona görə də Rusiya iqtisadiyyatının aşağı düşməsinin Azərbaycana da ciddi təsir göstərə biləcəyini demək sadəlövhlük olardı. Amma Dövlət Neft Fondu bu ölkənin səhmlərinə, daşınmaz əmlak bazarına investisiya qoyub. Rusiyada daşınmaz əmlakın və səhm bazarında qiymətlərin kəskin şəkildə aşağı düşməsi oradakı investisiyalarımız üçün təhlükəlidir. Azərbaycan iqtisadiyyatında birbaşa itkiləri bu istiqamətdə ola bilər. Ekspert bildirdi ki, tək dövlət deyil, azərbaycanlı iş adamlarının da yatırımlarında təhlükələr gözlənilir: "Elə iş adamlarımız var ki, Rusiyada daşınmaz əmlaka, biznes obyektlərinə, müxtəlif kompaniyaların səhmlərinə sahibdirlər. Onların bizneslərinə zərbələr dəyə bilər. Bundan başqa, bu ölkədə 3 milyona yaxın soydaşımız yaşayır və işləyir. Onların ailələri məhz Rusiyadan göndərilən vəsaitlər hesabına dolanırlar. Şimal qonşumuzun iqtisadiyyatının çöküşü soydaşlarımızın da qazancına təsir göstərəcək. Əlbəttə, bu proses ümumi Azərbaycanın iqtisadiyyatına da zərbə vura bilər. Çünki hər il xeyli həcmdə pul ölkəyə daxil olur və əhalinin sosial yaşayışının təminatında böyük rola malikdir. Hətta orada yaşayan azərbaycanlıların geriyə qayıtması da mümkündür. Azərbaycan iqtisadiyyatı, bazarı yeni işsizlər ordusuna hazır olmalıdır".

İqtisadçı qonşu dövlətin iqtisadi çöküşündən Azərbaycanın müəyyən qazancının ola biləcəyini də düşünür: "Embarqolardan sonra Azərbaycandan Rusiyayla kənd təsərrüfatı məhsullarının ixracı artıb. Baxmayaraq ki, meyvə-tərəvəz mövsümüdür, amma qiymətlər kəskin bahalaşıb. Bunun da başlıca səbəbi qonşu dövlətə ixracın artmasıdır. Azərbaycan hökuməti üçün böyük imkanlar açılıb. Artıq aqrar sektora diqqətin artırılmasının vaxtıdır. Kənd təsərrüfatı sahəsinin inkişafı üçün geniş proqram qəbul edilməlidir. Elə sistem qurulmalıdır ki, yerli istehsal öncə daxili bazarı ödəməli, daha sonra xaricə satılmalıdır. Təəssüf ki, aqrar sektorun qurulmasında çox gecikmişik. Bu sahədə emal sənayesi olduqca zəifdir. İndi Azərbaycanın kənd təsərrüfatı məhsullarına böyük bazar və tələbat yaranıb. Bunu ödəmək üçün geniş spektorlu tədbirlər həyata keçirilməlidir. Əgər ağıllı siyasət yürüdüləcəksə, o zaman Azərbaycanın itkiləri ilə yanaşı, qazancı da olacaq. Əks təqdirdə, yalnız itkilərdən danışa bilərik".

Kaspi.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.