Mədəniyyət

Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş günü qeyd olundu - FOTO

15 İyun 2017 14:30
Baxış: 587

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib.

Milli.Az bildirir ki, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar Artisti Mübariz Həmidov tədbiri giriş sözü ilə açaraq Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətli mövqeyindən danışıb: "1993-cü ildə, ölkənin vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ümummilli lider Heydər Əliyevin rəhbərliyə qayıdışı müstəqil dövlətimizin qurtuluşunu təmin etdi. Onun hakimiyyətə gəlişi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradaraq, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinə start verildi. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanları həyata keçirə bilmişdir. Bu gün Azərbaycanın dünya ölkələri içərisindəki nüfuzu və qüdrəti bilavasitə Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasətinin əsas göstəricisidir".

M.Həmidov həmçinin, ümummilli liderin Azərbaycanın mədəniyyəti, eləcə də teatrına göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb: "Bütün mədəni tədbir və tamaşalarda sona qədər iştirak edən Heydər Əliyev sonda səhnə arxasına keçərək hər bir aktyoru ayrı-ayrılıqda təbrik edir, nümayiş etdirilən tamaşa haqqında peşəkar teatrşünas kimi təhlillər edirdi. Bu onun Azərbaycan mədəniyyətinə olan böyük sevgisindən, bu mədəniyyətə olan sonsuz bağlılığından irəli gəlirdi".

Tədbirdə Xalq Artistləri, Prezident təqaüdçüləri Cənnət Səlimova, Ağaxan Salmanlı, Əməkdar Artistlər Lətifə Əliyeva, Naibə Allahverdiyeva, Kəmalə Hüseynova bayram münasibətilə tədbir iştirakçılarını təbrik edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər. Çıxış edənlər mərhum liderin yürütdüyü siyasi xəttin bu gün onun layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.