Mədəniyyət

"Bilirəm ki, soyadım Azərbaycanda məşhurdur" - Ceyhun Hacıbəylinin gəlini və nəvəsi - FOTO

25 May 2017 14:46
6 Şərh     Baxış: 5 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri olan şəxsiyyətlərdən biri də Ceyhun Hacıbəylidir. Onun Vətən və millət qarşısında gördüyü böyük işlər danılmaz tarixi həqiqətdir.

Ceyhun Hacıbəyli 1891-ci il, fevralın 3-də Şuşada anadan olub. İlk təhsilini Şuşada Nəcəf bəy Vəzirovun müdir olduğu məktəbdə, orta təhsilini isə Bakıda alıb. 1908-ci ildə, yanvarın 12-də qardaşı Ü. Hacıbəylinin "Leyli və Məcnun" operasının H.Z.Tağıyevin teatrında tamaşaya qoyulmasında onun da xidmətləri olub.

C.Hacıbəyli bir müddət Əli bəy Hüseynzadənin müdir olduğu "Səadət" məktəbində çalışıb, sonradan təhsilini davam etdirmək üçün Peterburqa gedib, universitetin hüquq fakültəsinə daxil olub. Ardınca Fransaya gedib və Sorbonna universitetində təhsil alıb. Azərbaycana qayıtdıqdan sonra müxtəlif qəzetlərdə Azərbaycan və rus dillərində məqalələrlə çıxış edib.



C.Hacıbəyli eyni zamanda "Müsəlmanlıq", "İzvestiya", "İttihad", "Azərbaycan" qəzetlərinin redaktoru olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) bir müddət "Azərbaycan" qəzetində redaktor vəzifəsində çalışıb, sonradan isə Azərbaycan nümayəndə heyətinin tərkibində Parisə gedib, orada ciddi fəaliyyət göstərib. 1920-ci ilin aprelin 27-də Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra bir daha geri qayıtmayıb, Fransada mühacirət həyatı yaşayıb.

Avropada o, ictimai-siyasi fəaliyyətini davam etdirib, Qərb oxucularını Azərbaycanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti ilə tanış edib. C.Hacıbəyli Parisdə nəşr olunan müxtəlif jurnallarda çıxış edərək, sovet totalitarizminin, Stalin rejiminin antidemokratik olmasını tənqid edən və ölkənin nəhəng bir həbs düşərgəsinə çevrildiyini pisləyən çoxlu yazılar nəşr etdirib.

O, filoloji və tarixi mövzularda - xüsusən Azərbaycanın Rusiya tərəfindən işğalına aid, həmçinin qədim Azərbaycan şəhərləri ilə də bağlı yazılar çap etdirib.


Ceyhun Hacıbəylinin oğlu Timurçin və həyat yoldaşı Pasqal xanım

Ceyhun Hacıbəylinin ən böyük xidmətlərindən biri isə Avropada Azərbaycan Mühacirət Mətbuatının yaranmasına verdiyi dəstək idi. Ceyhun Hacıbəyli və Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin baş redaktorluğu ilə "Azərbaycan" jurnalı nəşr edilib. Jurnalda Azərbaycanın tarix və millətimiz barədə məqalələr dərc olunub. Məqalələrinin birində C. Hacıbəyli yazırdı: "Bu gün gərək firqəçi və gərəksə müstəqil və firqəsiz Azəri Türklərinin hamısını üçrəngli bayrağımızın altında toplanıb, bir yerdə vətənimizin qurtarılması uğrunda çalışmağa dəvət edirik. Azərbaycan davam edir".

C. Hacıbəyli 1962-ci ilin oktyabr 2-də vəfat edib, Parisin Sen-Klu məzarlığında dəfn edilib. Onun iki övladı olub: Ceyhun və Timurçin.

Milli.Az xəbər verir ki, azvision.az Ceyhun Hacıbəylinin Fransada yaşamış oğlu Timurçinin (1921-1993) ailə üzvləri: həyat yoldaşı Paskal Hacıbəyli Buşe və oğlu Benjamin Hacıbəyli ilə həmsöhbət ola bilib.

Ceyhun Hacıbəylinin gəlini, Timurçin Hacıbəylinin həyat yoldaşı, Pasqal Hacıbəyli Buşe:

- 1959-cu ildə Paris ətrafında dünyaya göz açmışam. Fransalıyam. Sarbonna Universitetində Psixologiya və Paris Siyasi Araşdırmalar Universitetində İnsan resursları fakültəsində təhsil almışam. Uzun müddət HR mütəxəssisi işləmişəm, indi isə Avropa sosial fondunda inzibati və maliyyə administratoru işləyirəm.


- Necə oldu ki, Hacıbəylilərin gəlini oldunuz?

-Mən Teymurçinlə ilk dəfə 1984-cü ildə qarşılaşmışam. 1988-ci ildə isə ailə həyatı qurduq. 1990-cı ildə bizim bir oğlumuz dünyaya gəldi. Adı Benjamindir. 

- Teymurçin Hacıbəyli necə insan idi?

- Teymurçin Fransanın Nitsa şəhərində doğulub. O, Azərbaycan dilində danışmırdı. İlk dəfə 1985-ci ildə Azərbaycana getmişdi. O, 1993-cü ildə isə dünyasını dəyişdi. Timurçinin birinci nikahından bir oğlu var idi, adı Jan Klementdir. 


Timurçinin həyat yoldaşı Pasqal xanım, birinci həyat yoldaşından olan oğlu Klement və Ramiz Abutalıbov- Bakıda

- Qayınatanız Ceyhun Hacıbəylini heç görmüsünüzmü?

-Ceyhun Hacıbəyli 1962-ci ildə vəfat edib. Buna görə də mən onu heç vaxt görməmişəm. Həyat yoldaşım həmişə öz ailəsi ilə fəxr edirdi. 1945-ci il müharibəsində onun atası, anası, əmisi və qardaşı Fransa üçün həyatlarını fəda etmişdilər. Teymurçin uzun müddət Ramiz Abutalıbovla birlikdə çalışıb. O, atası ilə bağlı sənədləri Ramiz müəllimə verib.

Həyat yoldaşım xərçəng xəstəliyindən dünyasını dəyişdikdən sonra mən Hacıbəylilər ailəsinin tarixini oğlum Benjamin üçün qoruyub saxlamağa çalışdım. Mən azərbaycanlılara Parisdə Ticarət palatası yaratmaqda kömək etdim. Həmin Palatada ictimaiyyətlə əlaqələr üzrə müşavir işləmişəm. Heydər Əliyevin Parisə səfərinin təşkil olunmasında iştirak etmişəm. 


Ceyhun Hacıbəylinin nəvələri- Bakıda

- Heç Azərbaycanda, Bakıda olmusunuzmu?

- İki dəfə. Amma Hacıbəyli ailəsindən heç kəslə tanış ola bilmədim. Onun yalnız əmisi oğlu Oktay Paşayev Türkiyədə yaşayır. Sonuncu dəfə 2006-cı ildə Bakıda olmuşam. Həmin vaxt Bakı çox xoşuma gəlmişdi. İndi isə Bakı, deyilənə görə, həddindən artıq gözəlləşib. Mən Azərbaycan mətbəxini də çox bəyənirəm.


- Sizin üçün Üzeyir Hacıbəyov kim olub?

- Əlbəttə ki, Üzeyir Hacıbəyov musiqisi ilə tanışam. O, Qərb və Şərq musiqilərini sintez edən bəstəkar idi. Ənənəvi Azərbaycan musiqisinin dünyada tanınan məşhur milli musiqilər - məsələn, Rusiya, Türkiyə, Skandinaviya və İspan musiqisi kimi,- məşhurlaşması üçün çox çalışıb. "Arşın Mal Alan" həzin musiqili komediya, "Koroğlu" isə möhtəşəm operadır.

Oğlum Benjaminin indi 26 yaşı var. O, Lionda riyaziyyat və kompüter elmləri üzrə təhsil alıb, sonra Paris-Saclay Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Oğlum uşaq olanda mənimlə birlikdə Bakıya getmiş, Heydər Əliyevə "Azərbaijan" şeirini oxumuşdu.


Ceyhun Hacıbəylinin nəvəsi Benjamin

Teymurçin Hacıbəylinin oğlu Benjamin Hacıbəyli:

- Mənim hazırda 26 yaşım var. Üç yaşım olanda atamı itirmişəm. Buna görə də atamla bağlı xatirələrim çox azdır. Amma mən Azərbaycandan olan nəslimiz haqqında hər şeyi bilirəm. Bu barədə mənə anam və azərbaycanlı dostlarım məlumat veriblər. 

Mən iki dəfə Bakıda olmuşam. Birinci dəfə 2001-ci ildə Heydər Əliyevin dəvəti və Diaspor Komitəsinin dəstəyilə getmişdik. İkinci dəfə isə 15 yaşım olanda ora getmişəm. Hər iki səfərimdən zövq almışdım. Amma o vaxlar Azərbaycanı tam şəkildə kəşf etmək imkanım olmamışdı. Ümid edirəm ki, bir gün ora yenidən gedəcəyəm. 


Ceyhun Hacıbəylinin gəlini, nəvələri-Bakıda

Mənim mədəniyyətim Fransız mədəniyyətidir, lakin mən Azərbaycan mədəniyyəti ilə də tanış olmağa cəhd edirəm. Misal üçün Üzeyir Hacıbəyovun musiqilərini dinləyir və ya Azərbaycan yeməklərini dadıram. Azərbaycanı öz ölkəm hesab eləməsəm də, təbii ki, ora mənim üçün məxsusi yerdir. Çünki ora mənim ailəmin gəldiyi yerdir və mən bilirəm ki, soyadım orada məşhurdur.


Benjamin illər öncə Bakıda 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.