Mədəniyyət

"Həmin gənclərə sözüm odur ki..." - FOTO

22 May 2017 21:07
1 Şərh     Baxış: 1 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc tarzən Şakir Süleymanovun Milli.Az-a müsahibəsi.

- Gənc tarzən özünü oxucuya necə təqdim edərdi?

- Şakir Süleymanov. 1992-ci ildə doğulmuşam. Tar ifaçılıq sənətində tar alətini fərqli janrlarda və səpkidə göstərməklə, Azərbaycan muğamını, caz, bluz, etno caz və klassik estrada janrında sintez edərək, musiqi kompozisiyaları işləməyi xoşlayıram. Başlıca məqsədim gələcəkdə tar alətinin dünya səhnələrində böyük potensialının olduğunu göstərməkdir.

- Maraqlı yanaşmadır. Bəs, klassik tar ifaçılarının mənfi və ya müsbət fikirlərinə hazırsınızmı?

- Belə deyək, klassik tarzənlərə olduqca böyük hörmət və ehtiramım var. Onların hesabına bu yerə çatmışam. Onlardan görüb, götürmüşəm. Amma, bu da mənim musiqidə seçdiyim yoldur. Çünki pis iş gördüyümü sanmıram və bu məncə daha maraqlıdır. Klassik, milli mahnıları, muğamları deyil, dünya xalqlarına məxsus musiqiləri və janrları bizim milli xalq çalğı alətimiz olan tarda eşidəcəklər. Və bu da düşünürəm ki, həm Azərbaycan, həm də digər xalqların nümayəndələri üçün maraqlı bir səs olacaq. Milli ruhda.

- Növbəti sualı bu günlərdə baş tutacaq konsertlə bağlı vermək istərdim. Bir neçə dəfə solo konsertləriniz olsa da bu ilk böyük konsertinizdir. Və ilk olduğuna görə də yəqin ki, həm həyəcan, həm də güclü hazırlıq gedir. Geniş tamaşaçı kütləsi qarşısına çıxan gənc tarzənimiz həmin kütləni necə təəccübləndirəcək?

- Bəli, bir neçə solo konsertim olsa da bu ilk böyük kütlə qarşısında olan konsertimdir. Konsertin fərqliliyi ondan ibarətdir ki, həmişə solo tarda, klassik janrda kamera və ya simfonik orkestrla bərabər çıxış etmişəm. Bu dəfə isə sırf estrada qrupu ilə çıxış edəcəyəm. Burada əsas fərqlilik ondan ibarət olacaq ki, tarda klassik estrada janrı, etno-caz, xarici pop-caz və sair, eləcə də muğam kompozisiyalarını səsləndirəcəyəm. Yəqin ki, dinləyicilər klassik estrada janrını da yeni tərzdə və yeni aranjimanda eşidəcək, onların ruhlarını oxşaya biləcəyəm.

- Yaradıcı insanların sənətlərindən savayı maraqlı və fərqli bir hobbiləri olur. Bəs sizin hobbiniz nədir?

- Bir sözlə bu suala cavabım idmandır. Mən həm də kikboksinq üzrə Bakı birincisiyəm. Hal-hazırda isə professional fitnes ilə məşğul oluram. İdman artıq həyat tərzimdir. Hətta buna hobbi belə deməzdim.

- Yenidən konsert ilə bağlı suallara keçmək istərdim. Konsertin və ya hansısa böyük tədbirin təşkilində mütləq maddi və mənəvi dəstək lazımdır. Bildiyim qədəri ilə bütün təşkilati işlər sizin üzərinizdədir. Bu sizi yormur ki?

- Demək olar ki, konsertin bütün təşkilati işləri üzərimdədir. Düzdür, kömək edən dostlar var, amma əksər işlərə nəzarəti özüm etməliyəm. Çünki məsuliyyət daşıyıram. Yorulsam da əminəm ki, sonda olan alqışlar bütün yorğunluğumu unutduracaq. Onu da deyim ki, yorulduğum bir şey var, o da boş qalmaqdır. İşləməyəndə yoruluram. Hətta məzəli də olsa deyəcəm bunu, hər zaman da deyirəm ki, mühafizəçi işləyə bilmərəm.

Dəstəyə qaldıqda isə müəllimlərin Vüqar Camalzadəyə, İlqar Muradova, Məmmədağa Kərimova, Malik Mansurova, eləcə də tərəf müqabilim Aysel İbrahimovaya xüsusi təşəkkürümü bildirirəm.

- Sonda sizə uğurlar arzulayıb, yaradıcı gənclərə olan sözlərinizi də oxuculara təqdim etmək istərdim. Əksər yaradıcı gənclərimizdə tənbəllik, kimlərdənsə dəstək gözləmələri kimi xüsusiyyətləri var. Bu da onları yerində saymaqlarına səbəb olur. Həmin gənclərə sözünüz?

- Həmin gənclərə sözüm odur ki, həyatda insan gərək məqsədli olsun. Tanıyanlar yaxşı bilir ki, hər zaman məqsədli olmuşam, məqsədə çatmaqdan ötrü dözümlü, səbirli, iradəli olmuşam və sonda da nəticə göz qabağında olub. İnsan həyata bir dəfə gəlir. Elə bir işlə də məşğul olmalıdır ki, o işi sevsin, o işi, sənəti ilə fərqlənsin, cəmiyyətə xeyirli, yararlı bir insan olsun. Özündən sonra da layiqli bir iz buraxsın.

Müsahibəni hazırladı: Səyavuş Əlizadə

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.