Mədəniyyət

Xalq artistinin xəstə yatağında olan oğlu: "7 ildən sonra, nəhayət ki, ata olmağa hazırlaşıram" - FOTO

28 Mart 2017 21:05
9 Şərh     Baxış: 14 668
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, məşhur aktyor Eldəniz Zeynalovun oğlu, aktyor Məmməd Zeynalovun Milli.Az-a müsahibəsi.

- Məmməd, səhhətiniz bir neçə aydır ki, çox ağır idi. İndi özünüzü necə hiss edirsiz?

- Şükür Allaha indi çox yaxşıyam. Özümü normal hiss edirəm. Hal-hazırda böyrəklərimdən həftədə iki dəfə dializ alıram. Böyrək köçürülənə qədər dializ almalıyam.

- Hələ də donor tapılmayıb?

- Sağ olsunlar ki, böyrək vermək üçün müraciət edirlər, amma həkimlər bildirir ki, donor yaxın qohum olmalıdır.

- Bilirəm ki, maddi vəziyyətiniz o qədər də ürək açan deyil. Xəstə olarkən maddi ehtiyaclarınızı kim ödədi?

- Xəstəxana dövlət hesabına olduğu üçün bütün xərclərimi onlar ödədilər. Təbii ki, məni bu çətin günlərdə istər xalq artistləri, istərsə də digər aktyorlar tək buraxmadılar. Gündəlik də olmasa müntəzəm şəkildə onlar mənim yanıma gəlib-gedirdilər. Sözsüz ki, imkanları olsaydı, mənə maddi köməklik də edərdilər. Hal-hazırda da dövlət hesabına dializ alıram. Hələlik dializ alıram, görək də nə vaxt böyrək köçürməsi olacaq.

- Neçə vaxtdır ki, ayaq üstəsiz?

- 3 aydır ki, normalam. Sadəcə, bir az sağ ayağım və əlim zəif işləyir. İnşallah, tam yaxşı olum 2 aya işə gedəcəyəm.

- Bəs necə dolanırsız?

- İstər teatrdan, istərsə də dost-tanış, qohumlar köməklik edir. Şükür, onların köməkliyi ilə dolanıram.

- Atanızın sənət dostlarından kimlər yanınızda oldu?

- Arif Quliyev, Tahir İmanov və s. aktyorları misal çəkə bilərəm. Xəstə olduğumdan bəziləri yadımda qalmayıb. Atamın dostlarının çoxu artıq həyatda yoxdur. Teatrımızın direktoru İftixar Piriyev də xəstə olduğum zamanlarda yanıma tez-tez gələnlərdən biri idi.

- Həyat yoldaşınız da işləmir?

- Xeyr, o işləmir, evdar qadındır.

- Xəstə olduğunuz zaman sizdən bezib-usanan vaxtı oldu?

- Həyat yoldaşım mənə həmişə gözəl baxıb. Buna söz belə ola bilməz. Həyat yoldaşımdan çox razıyam.

- Atanızın sağlığında evlənmişdiz?

- Xeyr, nə atam, nə də ki anam, mənim və digər bacı və qardaşımın toyunu gördülər. Özüm bəyənib, sevib ailə həyatı qurmuşam.

- Neçə övladınız var?

- 7 ildir ki, ailə həyatı qurmuşam, amma övladım yoxdur. Xoş bir xəbəri ilk dəfə sizə demək istəyirəm. Belə ki, ata olmağa hazırlaşıram. Əgər oğlan övladım olsa, ona Eldəniz adını verəcəyəm. Bundan başqa Eldəniz müəllimin iki oğlan nəvəsi var. Çox heyf ki, atam bu günlərimizi görmədi.

- Atanız sağ olsaydı, bu çətinliyi yaşayardınız?

- Atam sağ olsaydı, bu çətinliklər, təbii ki, olmazdı. Uşaq vaxtı biz xəstə olanda atam çox narahat, nigaran qalırdı. Elə olurdu ki, gecəni yatmırdı. O, bizə həmişə can yandırırdı.

- Onunla bağlı hansı xoş xatirəni hələ də unuda bilmirsiz?

- Atam elə özü xatirədir də. Hər dəqiqə onun yoxluğu bilinir. İstər yaxşı gündə, istərsə də pis gündə gözümün önünə gəlir. Allah heç bir evi atasız, anasız etməsin.

- Aktyor olsanız da nədənsə bu sənətin sahibi kimi çox tanınmırsız. Bu, nə ilə əlaqədardır?

- Rejissorların gözü "kor" olub yəqin. İndiyə kimi yalnız epizod rollarda çəkilmişəm, böyük rollarım olmayıb. Yəqin ki, gələcəkdə böyük rollar da oynayaram. Rejissorlar bir şeyi də nəzərə alsınlar ki, mən atamın sənətini davam etdirirəm. O, heç sağlığında istəmirdi ki, aktyor olum. Sistem işçisi olmağımı istəyirdi. Onunla tez-tez tamaşalara, filmlərin çəkiliş meydançalarına gedirdik.

- Atanız evdə necə biri idi?

- Siz necə ki, onu tanıyırsız, o, evdə də bu cür idi. Gülüb danışmağı çox xoşlayırdı. Çox nadir hallarda onu ciddi görərdik. Əgər qanı qara olurdusa, bilirdik ki, nəsə problemi var. Amma o, bizə heç bir problemini hiss etdirmirdi.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.