Mədəniyyət

Filmlərimiz beynəlxalq festivalda

20 Mart 2017 18:54
0 Şərh     Baxış: 426

Avstriyanın "LET'S CEE" Beynəlxalq Film Festivalında Azərbaycan filmləri nümayiş olunacaq. Bu festivalda Azərbaycan kinomatoqrafçılarının istehsalı olan dörd film yer alır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yazıçı Qurban Səidin eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli və Nino" bədii filmi festivalın "Məktəb kinosu" kateqoriyasında nümayiş olunacaq. Avstriyada 25 kinoteatra malik "Cineplexx" şəbəkəsi ilə əldə edilən razılığa əsasən, orta məktəblərin yuxarı sinifləri üçün müraciət əsasında seanslar festival bitdikdən sonra da təşkil olunacaq.

Tamaşaçı marağını nəzərə alaraq, festival rəhbərliyi filmin daha geniş kütlə tərəfindən izlənməsini təmin etmək üçün Vyananın mərkəzində yerləşən "Urania" kinoteatrında filmin əlavə seansını da təşkil edəcək. Həmçinin qeyd edilməlidir ki, filmin Avstriyada premyerası mühüm bir yubileylə də üst-üstə düşür. Məhz 80 il bundan əvvəl Qurban Səidin qələmə aldığı "Əli və Nino" romanı Vyana şəhərində fəaliyyət göstərən "Tal" nəşriyyatında işıq üzü görüb.

Britaniyalı məşhur rejissor, Kann Film Festivalının qalibi, BAFTA mükafatı laureatı, Britaniya Kino Akademiyasının və Qremmi mükafatçısı Asif Kapadianın çəkdiyi filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər. Filmin layihə rəhbəri və icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Mirbala Səlimlinin ssenari müəllifi və quruluşçu rejissoru olduğu "Qırmızı bağ" filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azərbaycanfilm" kinostudiyasında və Rusiyanın "WeiT Media" kino şirkətində lentə alınıb. Film "Ən iddialı debüt" müsabiqəsində iştirak edəcək.

Festival çərçivəsində, həmçinin "Ən yaxşı klassiklər" kateqoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilmiş və rənglənmiş "Arşın mal alan" filmi nümayiş olunacaq.

Rejissor Teymur Hacıyevin rus yazıçısı Anton Çexovun "Dəcəl oğlan" əsəri əsasında çəkilmiş "Şanxay-Bakı" qısametrajlı filmi isə festivalda "Ən yaxşı qısametrajlı film" nominasiyasında mübarizə aparacaq.

Martın 21-dən 27-dək keçirilən və əsasən Mərkəzi və Şərqi Avropa ölkələrinin ən yeni bədii, sənədli və qısametrajlı filmlərinin təqdimatı üzrə ixtisaslaşan festivalda 100-dən artıq film nümayiş olunacaq. Bu festival, həmçinin film istehsalçıları, rejissor və aktyorlar üçün təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması baxımından mühüm platformadır. Təsis edildiyi 2012-ci ildən bəri festival Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir və hər il öz proqramında Azərbaycan filmlərinə xüsusi yer ayırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.