Mədəniyyət

Azərbaycanlı aktyor çəkilişdə dava saldı: "Onunla tərəf-müqabili olmağı özümə yaraşdırmıram" - FOTO

28 Oktyabr 2016 21:04
7 Şərh     Baxış: 4 779
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli DramTeatrının aktyoru Cümşüd Zeynalovun Milli.Az-a müsahibəsi.

- Cümşüd, teatrınızda nə kimi yeniliklər var?

- Bu günlərdə Qoqolun "Müfəttiş" əsərinin tamaşasını təhvil verdik. Mən bu tamaşada Bobçinski rolunu ifa edirdim. Təxmini bilirəm ki, yaxın günlərdə "Qış nağılı" adlı uşaq tamaşasının da quruluşuna başlayacaqlar. Bu tamaşada dəcəl Cırtdan rolunu oynayacağam. Tamaşanın ssenari müəllifi Anar Sadıqov, rejissoru isə Alif Cahangirlidir. Teatrın son hazırladığı tamaşa isə görkəmli rejissor Azərpaşa Nemətovun quruluşunda "Ölülər" tamaşası oldu. Adlarını qeyd etdiyim tamaşalar çox uğurlu oldu.

- Teatrda daha çox xarakterik rolları oynayırsız. Bu sizin seçiminizdir, yoxsa sırf rejissorun?

- Ümumiyyətlə, aktyorun taleyi rejissordan asılıdır. Hansı rolu verirlərsə, o rolu da oynayırıq. Bu bizim işimizidir. Tələbə vaxtlarından elə mənə xarakterik rollar verirlər.

- Əslində xarakterik rolu yaratmaq daha çətindir.

- Bəli, çox çətindir. Çalışıram ki, verdikləri rolun öhdəsindən gəlim. Nə dərəcədə yaxşı alınırsa, bunu tamaşaçılar deyə bilərlər.

- Rejissorla anlaşa bilirsinizmi? Olubmu ki, rejissor hansısa rola improvizənizi qəbul etməyib?

- Adətən məşq prosesində rejissor aktyora göstəriş verir. Məşq məhz bundan ibarətdir. İmprovizəni gərək roldan çıxış edib edəsən. "Əlibaba və qırx quldur" tamaşasında improvizələr çox olur. Burada nəinki mən, aktyor yoldaşlarım da improvizə edirlər.

- Bu il sizə kifayət qədər düşərli oldu. Belə ki, bu günlərdə təqdimatı baş tutan "Əli və Nino" filminə çəkilən azərbaycanlı aktyorlardan biri də siz idiniz.

- Mən fikirləşirəm ki, bu film mənim yaradıcılığımda yeni bir yol, yeni bir təcrübədir. Çünki tamam başqa bir rejissor, tamam fərqli çəkiliş prosesi və s. - hamısı mənim üçün yeni idi. Filmin rejissoru Oskar mükafatı laureatı Asif Kapadia idi. Mən bu filmdə Hollivud aktrisası ilə tərəf-müqabili idim. Özüm üçün də yeni bir təcrübə idi.

- Sizin teatrınızda Hollivud aktrisası çəkisində bir aktrisa yoxdurmu, baxıb ondan da nələrsə öyrənəsiniz?

- Pis aktyor, aktrisa yoxdur. Sadəcə aktyora yaxşı rol vermək lazımdır. Bizdə dünya səviyyəsində aktyorumuz da, aktrisamız da var. Bunun üçün lazım deyil ki, sənin yanındakı Hollivud aktrisası olsun. Sadəcə hər şey yaxşı təqdimatdan asılıdır. Bizi təqdim edən agentliklər olsa, bəlkə də Hollivud aktyorlarından da məşhur olarıq.

- Xarici rejissorlarla yenidən işbirliyi gözlənilirmi?

- Bu filmdə mən ingilis dilini bilməyə-bilməyə çəkilmişəm. Mətni 1 neçə günə əzbərləmişəm. Mən əvvəlcə bu filmə təsdiq olunmamışdım. Təsdiq olunmayanları kütləvi səhnələrə çağırırdılar. Amma məni çağırmadılar. Bildim ki, məni əsas rollardan birinə çağıracaqlar. Mən rejissorun işini asan etmək üçün kastinqə keçəl getdim. O məni görüb çox təəccübləndi. Bu, rejissorun çox xoşuna gəldi. İnsan öz sənətinin fanatı olmalıdır. Çəkilişlərdən də razı qaldım. Azərbaycandan bizi filmə aktyor agentliyindən Səbuhi Məmmədov təklif edib.

- Qonorardan necə, razı qaldınız?

- Bütün həmkar dostlarıma arzu edirəm ki, bu cür filmdə çəkilsinlər və yaxşı qonorar alsınlar. Mənim çəkilişlərim İstanbulda oldu. Sən demə, aktyor bu cür yaşamalıdır. Özümü Hollivud aktyoru kimi heab edirdim. Bu cür layihələr çox olsa, bizim ölkəmizin film sektoru üçün daha yaxşıdır. Düşünürəm ki, bu ekran işi Azərbaycanda filmin inkişafına güclü təkan verəcək.

- Hansı rola iddialısınız?

- Heç kimin roluna göz dikməmişəm və iddiam da yoxdur heç bir rola. Mənim iddiam o roladır ki, bu rolda özümü yaxşı göstərə bilərəm. Əgər mənə verilən böyük bir rolu oynaya bilmirəmsə, bu mənim yaradıcılığıma mənfilik gətirəcəksə, o rolu əvvəldən oynamaq istəmərəm. Mənim üçün əsas odur ki, yaxşı iş olsun.

- "Məryəm" serialında da sizi tam fərqli rolda görürük...

- "Məryəm" serialı Media Master ilə ATV-nin ortaq layihəsidir. Ekran işinin ssenaristi Nicat Dadaşovdur. Bu serialda da xarakterik roldayam. Müsbər bir roldur. Baş rol Azəri oynayan əməkdar artist Rasim Cəfərovun dostu İsmayıl rolundayam. Artıq serial reytinq qazanır. Kollektivimiz çox mehribandır. Rejissor Sain Qəhrəmandır.

- Neçə müddətdir seriallarda çəkilmirdiniz. Sizi dəvət etmirdilər, yoxsa gələn dəvətləri qəbul etmirdiniz?

- Mənə rollar təklif olunmuşdu, sadəcə ya maddiyyat məni qane etmirdi, ya da ki, obraz. Bəzən də baş rola elə bir insanı çəkirlər ki, mən şəxsən onunla tərəf-müqabili olmağı özümə yaraşdırmıram. Çünki bəzilərinin sənətdən də heç xəbəri olmur. Bir dəfə də bir dostumun təkidi ilə filmə çəkildim. Həyatımda görmədiyim, oxumadığım elə şeylər deyirdilər ki, gülünc vəziyyət yaranmışdı. Qapını çırpıb çıxıb gəldim. O filmin aqibətindən heç xəbərim olmadı.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.