Mədəniyyət

Azərbaycanlı aktrisa: "Sənət aləmindən elçi düşüb" - FOTOSESSİYA

31 Avqust 2016 21:05
20 Şərh     Baxış: 14 136
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc Tamaşaçılar Teatrının aktrisası Səbinə Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Səbinə xanım, çoxları elə bilir ki, Gənc Tamaşaçılar Teatrına sizi sənət müəlliminiz Bəhram Osmanov gətirib. Çünki gəlişiniz onun teatra baş rejissor təyin olunması ilə eyni vaxta təsadüf etdi. Əslində necə idi?

- Bəli, Bəhram Osmanov onun tələbəsiyəm deyə məni teatra dəvət etdi. Bu cəhətdən düz fikirləşirlər. O anama dedi ki, Səbinədən yaxşı aktrisa olar, potensialı çox böyükdür. Baxmayaraq ki, dram rejissorluğunu bitirmişəm, yaxşı tələbə olmuşam. Bəlkə də tələbəlik illərindən çəkildiyim film və seriallar buna zəmin yaradıb. Amma teatra məni Mübariz Həmidov qəbul edib. Hər dəfə qrim otağından çıxıb pilləkənlərlə gedərkən mənə deyirdi ki, səni teatra götürəcəyəm. O sadəcə mənə şans vermişdi ki, tamaşa ilə özümü tam göstərə bilim. Şükürlər olsun ki, mən bunu bacardım.

- Teatra gələrkən həmkarlarınızın qısqanc münasibətilə rastlaşdınızmı?

- Qısqanclıq olur və olmalıdır. Əsas odur, örnək götürmək lazımdır ki, bu xüsusiyyət kənardan çox pis görünür.

- Siz gənclər daha çox efirə həvəslisiz. Əslində hansı arzunuzu reallaşdırmaq üçün teatra gəldiniz?

- Arzular var və hələ də davam edir. Hər şey üçün şükürlər olsun. Mənim üçün şəxsən ilk növbədə teatrdır. Teatrda yeni işləyən ili bir serialdan imtina etdim. Əgər maraqlı ekran işi olarsa və teatrdakı işlərimə mane olmazsa, gedib çəkilərəm. Amma mənim üçün əlavə işlər problemə çevrilir. Elə bir gün olub ki, çəkiliş vaxtı tamaşa olub və məcburiyyətdən gedə bilməmişəm.

- Əsasən hansı rolları özünüzə yaxın bilirsiniz?

- Müxtəlif janrlarda rollar oynamışam, amma ən çox qorxduğum komediyadır.

- Səbinə, olubmu ki, xarici görünüşünüzə görə hansısa rola dəvət almısız və sonradan həmin roldan imtina etmisiz?

- Bəli, ilk obrazım "Ultionis" filmində Fidan obrazı olub. Hələ o zamanlar Gənc Tamaşaçılar Teatrında çalışmırdım. Simsar teatrının açılışında libertanqo rəqsini oynamışdım. Orada ssenarist Ceyhun Musaoğlu məni görüb bəyənmişdi, elə buna görə də məni Nicat Qafuroğlunun çəkdiyi "Ultionis" filmində Kamsirmen obrazına dəvət etmişdi. Nicat Qafuroğlu isə məni görən kimi dedi ki, sən Fidansan. Maraqlıdır, iki ssenarist məni iki ayrı-ayrı əsas obrazda görürdülər. Düzü, Kamsirmenə özümü kökləsəm də, sonradan anladım ki, mən Fidanam. Daha sonra bütün təkliflərim görünüş və istedada görə verilib. Yalnız müsbət və həyatda bəxti gətirməyən qızlar.

- Niyə yalnız bu tip rollar?

- Bir qədər işini düzgün icra edən rejissor film, yaxud tamaşasında artıq obrazlarını əvvəlcədən müəyyənləşdirir. Yəqin ki, mən də həmişə yaxşı rejissorların əlinə düşmüşəm. Teatrda uşaq tamaşaları içərisində elə tamaşa var ki, onlar da mənim üçün möcüzə oldu. Bu Nicat Kazımovun "Məlikməmməd" və "Sehrli almalar" tamaşasındakı rolları idi. Orada "Divşən" obrazını canlandırırdım. O obrazı oynayanda özüm şoka düşürdüm ki, yəni hər şey bu qədərmi mənə uyğundur? Həmçinin də "Dəcəl keçi" tamaşasındakı qız rolu. Bu tamaşadakı hər bir rol tam özüməm. Məsələn, "Bakı gecələri" adlı gənc rejissorların çəkdiyi qısametrajlı "Buludlar" filmində gənc aktrisanı canlandırıram. Burada da tam deyərdim ki, özümü oynayıram.

- Bəs oynamaq istəyib, oynaya bilmədiyiniz rollar hansı olub?

- Hansı rolları oynamaq istəmişəmsə, qısa zaman ərzində qismətim olub. İndi Leylinin ruhunu xəyal edirəm. Əgər o məni seçsə, yəqin ki, Səbinənin ruhu ilə birləşəcək (gülür). Onsuz da mən hər zaman yarıyam. Əvvəllər Çingiz Aytmatovun "Qırmızı yaylıqlı qovağım mənim" tamaşasındakı Asya obrazını canlandırmaq istəyirdim. Zaman keçir, insanın düşüncəsi və yaşantıları dəyişir. Hər yaşın öz tələbləri olduğu kimi obrazları da olmalıdır.

- Səbinə, teatra gələndə, yəqin ki, sevənləriniz də çox olub...

- Bütün tərəf-müqabillərim məni sevirlər (gülür).

- Səhnədə, yoxsa həyatda?

- Əlbəttə ki, səhnədə.

- Maraqlıdır, aktyorla ailə həyatı qurmaq istərdiniz?

- Sənət aləmindən evlilik təklifi olub, amma razılaşmamışam. Mənə elə gəlir ki, iki qoçun başı bir qazanda qaynamaz.

- Amma ailə qurub, xoşbəxt olan həmkarlarınız da kifayət qədər var.

- Onlar, demək ki, biri o birinə yol verir. Daha çox da qadına güzəştə gedir.

- Sizi istəyənlər güzəştə getmək istəməyiblər?

- Heç başlanğıc olmayıb ki. Amma yenə də deyirəm, qismət məsələsidir, yəqin ki, həmkarımla ailə qurmaram.

- Ola bilməz ki, qarşınıza çıxan insan tam inamınızı qazanmayıb. Yəqin ki, sizin də kaprizləriniz çox olub.

- Bəzən haqqımda deyirlər ki, kaprizlidir. Amma mən hər vəziyyətə istənilən vaxtda uyğunlaşıram

- Özünüzü daha çox nədə bağışlaya bilmirsiz?

- Tənbəllikdə. 3 saat əlavə məşq edə bilərəm, amma mən onu yarıya endirirəm.

- İnsanları olduqları kimi qəbul edə bilirsiz?

- Əgər həqiqətən də olduqları kimi davranırlarsa, bəli.

- Bəs özünüz necə, məcburiyyətdən nə vaxtsa olubmu ki, olduğunuz kimi görünməyəsiz?

- Mən deyərdim ki, insanın bir neçə sifəti var. Adicə geyim tərzini dəyişməklə insan başqalaşır. Təbii ki, mən əgər çox çılğınamsa, hansısa hallarda kimlərinsə yanında böyüməliyəm. Bu da normaldır. Bütün Səbinələri sevirəm (gülür). Sadəcə insan evdəki mühitlə kənardakı mühitdə eyni ola bilməz.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.