Mədəniyyət

Ruhəngiz Musəvi xəyanətindən danışdı: "İllərdir özümə yaxın bildim, amma..." - FOTOSESSİYA

29 Avqust 2016 21:45
6 Şərh     Baxış: 14 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Ruhəngiz Musəvinin Milli.Az-a müsahibəsi

- Ruhəngiz xanım, sizi aktrisa kimi bir neçə filmdə izləmişik. Hazırda nədənsə aktrisalıq fəaliyyətinizdə durğunluq yaşanır. Bu durğunluq nə ilə əlaqədardır?

- İndiki filmlərə çəkilməyə həvəsim yoxdur. Mənim o vaxt çəkildiyim filmlər 100 dənə indiki filmlərə dəyər. İlk filmim olan "Baladadaşın ilk məhəbbəti" filminə 1973-cü ildə dəvət almışam. Filmin rejissoru Fikrət Əliyev idi. Çəkiliş məkanına gəlib gördüm ki, çoxlu gənc oğlan və qızlar var. Sən demə, məndən qabaq artıq neçə nəfəri sınaqdan keçirmişdilər. Rejissor bir variant tapa bilmir, vaxt da ki, gedirdi. Məni öncə fotosınağa Telman Adıgözəlovla çəkdilər, daha sonra isə Şamil Süleymanlı ilə. Bax beləcə bu filmimiz yaddaşlarda qaldı.

- Bu gün sizi həvəsdən salan nədir?

- Sadəcə, istəmirəm. Elə bir ciddi səbəb yoxdur. Əsas mən müğənni kimi sevilim, aktrisa kimi sevilməyə də bilərəm. Yenə də deyirəm, filmlərim indiyə kimi sevilir, bu mənə bəsdir.

- Bu bir faktdır ki, indiki aktrisaların bir çoxu gündəmdə olmayanda siz həm müğənni, həm də aktrisa kimi çox sevilirdiniz.

- Uşaqdan böyüyə qədər hamı məni çox sevir, həmçinin də yaşlı nəslin nümayəndələri. Bu gün də həm aktrisa kimi sevirlər, həm də müğənni kimi. Bu günümə şükür. Hamıya arzu edirəm ki, mənim yaşımda sənətdə sevilsinlər.

- Amma indiki müğənnilər filmə çəkiləndə aktrisalar tərəfindən birmənalı qarşılanmır..

- İndiki müğənnilər inciməsinlər, neçə filmə çəkilsələr də, mənim qədər sevilməyəcəklər. Təbii ki, hamıya şamil etmirəm. Sevilənləri də var, sevilməyənləri də.

- Ruhəngiz xanım, olubmu ki, bəzən insanlar görünüşünüzü müzakirəyə qoyub, gördüklərini deməkdə acizlik göstəriblər?

- Hər halda xalqın gözü tərəzidir. Hələ də məni gözəl xanım kimi görürlər. Gözəllik o deməkdir ki, daxilinlə xaricin bir-birini tamamlasın. İnsan süni olmalı deyil. İndiki insanların əksəriyyəti sünidir. Mən elə bilirdim ki, paxıllığımı çəkən olmaz. Sən demə, illərdir özümə yaxın bildiyim insanın məni gözü götürmür.

- Kimdir o? Belə başa düşdüm ki, rəfiqə xəyanəti ilə üzləşmisiz...

- Ona rəfiqə deməzdim, sadəcə, sənət adamıdır. Amma bir Allah bilir ki, mənim onun heç nəyində gözüm yoxdur.

- Birdən-birə aranızı kim vurdu?

- Gec-tez hər şey üzə çıxır. Məni gözləri götürmür. Çünki həmişə diqqətdəyəm, insanlar tərəfindən sevilirəm. İnsanlarda yaltaqlığı, yalanı sevmirəm.

- Sizin kimi şən xanımların bir kövrək tərəfi də olur. Sizin kövrəkliyiniz nədir?

- Məni hamı gülərüz, şən xanım kimi tanıyır. Amma daxilimdə kövrəklik də var. Çox həssas insanam. Dayanmadan dəfələrlə kövrələ bilərəm.

- Bir xanım kimi xoşbəxt olmusuz?

- Bir qadın kimi həyatda çox şeyə nail olmuşam. Şəxsən mən xoşbəxtliyimi sənətimdə görürəm. Qadın kimi də xoşbəxt olmuşam, amma hal-hazırda aktrisa kimi xoşbəxtəm. Çünki məni yaşadan sənətim və nəvəmdir. Nəvəm artıq böyüyüb mənə çatıb. O həm də mənim oğlumdur.

- Ruhəngiz xanım, əməliyyat etdirmisinizmi?

- Xeyr, hələ ki, ehtiyac yoxdur. Eləyənləri də görürük də. Mən özümə heç vaxt gözəl deməmişəm, bunu həmişə ətrafımdakı insanlar söyləyiblər. İnsanın təbii üz cizgiləri daha gözəldir. Qısacası, təbiiliyə üstünlük verirəm.

- Plastik əməliyyatı uğursuz alındığına görə məşhur sevənlərini itirə bilərmi?

- Bilirsiz, müğənninin sənətini sevirlərsə, heç vaxt ondan imtina etməzlər. Sadəcə deyə bilərlər ki, niyə bu cür edir?

- Hansı illərin xiffətini çəkirsiz?

- Təbii ki, gənclik illərinin. Mən hələ də o illərlə yaşayıram.

- O vaxtlar yaşadığınız hansı gözəllikləri indi görmürsüz?

- O gənclik illərini elə yaşamışam ki, bu mənim daxilimə və xarici görünüşümə də təsir edib. Sadəcə demək olar ki, ömrümün çoxunu yaşamışam.

- Təbii ki, insanın arzuları bitib-tükənmir.

- İnsan daima arzuyla yaşayır. Ən çox eşitdiyim sual budur ki, siz niyə qocalmırsınız? Sözün düzü, xoşuma gəlir bu söz (gülür).

- Sənətdə sizə mane olanlar çox oldu?

- Bir müddət filmlərə çəkilməyimə həyat yoldaşım mane oldu. Amma müğənni kimi Allah tərəfindən yolum həmişə açıq olub.

- Ailənizi sənətdən üstün tutduğunuz üçün peşmansınızmı?

- Mən bəziləri kimi sənətə sponsor gücünə, ya da başqa yollarla gəlməmişəm. Mənim aktrisalığımı dahi rejissorlar bəyəniblər. Leyla Bədirbəyli deyirdi ki, qızım, sən kino üçün yaranmısan. Qısacası, mən xoşbəxtəm ki, bu sənətdəyəm və sevilirəm.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.