Mədəniyyət

"Bizim küçə"nin Sarası: "O şillədən sonra mən şok keçirdim" - FOTO

25 İyul 2016 21:57
2 Şərh     Baxış: 7 308
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizim küçə" filmi ilə məşhurlaşan aktrisa Rima Məmmədovanın Milli.Az-a müsahibəsi.

- Rima xanım, o vaxtlar qız övladının aktrisa olmasını birmənalı qarşılamırdılar. Bəs sizdə necə oldu?

- Mən müharibə vaxtında anadan olmuşam. Atam hərbi zavodda mühəndis işləyirdi. Anamla çox mehriban dolanırdılar. Heç mən eşitmirdim ki, atam anamla uca səslə danışsın. Məndən başqa bir bacım da vardı. İki bacı idik. Valideynlərimiz bizə elə bir tərbiyə verib ki, biz indi də böyük dostuq. Biz zabitlər evi ilə üzbəüz yaşayırdıq. Orada birinci mərtəbədə rəqs keçirdilər. Mən də gizlin dayanıb onlara baxırdım. Müəlliməm dedi ki, Rima yaxşı rəqqasə ola bilər, aparın onu rəqs məktəbinə qoyun. Anam məni rəqs məktəbinə apardı, amma atam bilmirdi. "Şelkunçik" baletində baş rolu oynayırdım. Anam bir dəfə atamı mənim baletimə baxmağa dəvət edir. Obraza uyğun olaraq o qədər qrimlənmişdim ki, məni güclə seçirdilər. Atam deyib ki, nə gözəl qızdır. Anam deyib ki, sən bilirsənmi ki, bu, bizim Rimadır?

- Sonradan balerina olmağınızı bilib, etiraz etmədi?

- Xeyr, etiraz etmədi. Çünki artıq məni səhnədə gördü. Həm də bəlkə etiraz etsəydi də, anamın xətrinə dəyməzdi.

- Aktrisalıq sənətiniz rəqs sənətinə qalib gəldi?

- Məni rəqs məktəbində görüb filmə dəvət etmişdilər. Ümumilikdə 3 filmdə çəkilmişəm. Rejissor Sasanpur "Molla Fəttahın sərgüzəştləri" filmində ilk dəfə məni çəkdi. Bu film diplom işi idi. Bir dəfə də "Koroğlu" filmində epizodik rolda çəkilmişdim. Mənim üçün, əslində, rolun böyüyü kiçiyi yox idi, bu prosesin özü mənə maraqlı və xoş idi.

- Amma yaradıcılığınızda "Bizim küçə" filmi əsas yer tutur. Məhz bu film vasitəsilə sizi tamaşaçılara Gözəlova Sara obrazı sevdirdi...

- Bəli, çox ağır bir film idi. Biz 3 ay dənizdə qalmışıq. Bir ailə kimi yaşayırdıq. Amma nəticədə çox gözəl bir film alındı. 1-ci filmdə ("Molla Fəttahın sərgüzəştləri") mən Möhsün Sənani və Nəsibə Zeynalova kimi dəyərli sənətkarlarla çəkilmişəm. Onlar mənə öyrədirdilər ki, kameradan qorxmaq lazım deyil. "Bizim küçə" filmində anamı Ətayə Əliyeva oynayırdı. Məni rejissor ona oxşatmışdı. Ətayə xanımla cəmi bir epizodumuz olmuşdu.

- Filmdə ən yaddaqalan səhnə hansı olub?

- Filmdə elə bir səhnə var ki, Almanlar məndən anamın qızıllarını götürürlər. Mən isə buna etiraz edirəm. Orada qadın mənə elə şillə vurdu ki, mən şok oldum, yerə yıxıldım (gülür). Bax bu səhnə yadda qalandır.

- 1 ay dənizdə qalarkən həyat yoldaşınızın qısqanclığı ilə üzləşmədiniz?

- Xeyr, çünki bizi elə "Bizim küçə" filmi tanış etdi. O, bu filmdə operator işləyirdi. İşə gedirdim arxamca düşürdü, məktəbə gedirdim ora gəlirdi. 3 ildən sonra 1963-ci ildə biz ailə həyatı qurduq. Məni çox sevirdi. Həmişə güllərlə məni sevindirirdi. Ülviyyə adında bir qızımız oldu. Yoldaşım çoxdan rəhmətə gedib. Mənim 38 yaşım olanda.

- Cavan və gözəl idiniz. Ola bilməz ki, sizə ikinci ailə həyatı qurmağı təklif etməsinlər?

- O rəhmətə gedəndən sonra məni Xoreoqrafiya məktəbinin direktoru vəzifəsinə təyin etdilər. Elə oldu ki, mənim başım işə qarışdı. Xeyr, 2-ci dəfə ailə həyatı qurmaq istəmədim. Çünki özümə görə yox, övladıma görə qorxurdum.

- Neçə nəvəniz var?

- 2 nəvəm var, 1 qız, 1 oğlan. Hal-hazırda arzum yalnız onlarla bağlıdır. Qız nəvəm rejissorluğu bitirib, oğlan nəvəm isə hərbçidir. Qızım Ülviyyə də rəqs müəlliməsidir.

- Bugünkü fəaliyyətiniz nədən ibarətdir?

- Mən həftədə 1 dəfə Milli Konservatoriyada dərs deyirəm, daha çox Xoreoqrafiya məktəbində tələbələr yetişdirirəm. Öz işimi çox sevirəm. Uşaqlarla işləmək çox maraqlıdır. Biz onlarla bir çox ölkələri gəzmişik.

- "Bizim küçə" filmi ekranlarda çox az göstərilir. Filmə baxarkən nə hisslər keçirirsiz?

- Filmə baxanda fikirləşirəm ki, yaxşı ki çəkilmişəm. Filmin ssenarisini hələ də özümdə saxlamışam. Onu qoruyuram, əzilməyə belə qoymuram. İllər ötsə də, insanlar məni Gözəlova Sara kimi yaddaşlarında saxlayıblar. Bu, mənə çox xoşdur.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.