Mədəniyyət

"40 yaşında insana müdriklik gəlir"

26 İyun 2016 14:58
3 Şərh     Baxış: 2 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az tanınmış bəstəkar, əməkdar artist Vüqar Camalzadənin musavat.com-a müsahibəsini təqdim edir. 

- Son vaxtlar, sanki, bir qədər kənara çəkilmisiz?

- Kənara çəkilməmişəm, əksinə. Hazırda Azərbaycan Dövlət Rəqs Ansamblının repertuarında böyük dəyişiklik edirik. Bütöv bir repertuar dəyişikliyi edir və demək olar 3 aya yaxındır ki, bütün gün ərzində bu işlərlə məşğul oluruq. Ona görə də başqa bir iş görməyə vaxt olmur. 3-4 aydır ki, "Səs Azərbaycan" proyekti bitib, çox möhtəşəm bir proyekt idi. Onun musiqi rəhbəri idim. Bu da 6-7 ay çəkdi. Demək olar ki, hər gün efirdəydik. Hər gün çxışlar, məşqlər edir, hazırlaşırdıq. Yəni, şükür olsun Allaha indiyənə qədər yaşadığım ömrümdə öz sevdiyim sənətlə bağlı bir dəqiqə boş vaxtım olmayıb. Bu da hər bir insana qismət olmur ki, istədiyi bir işin arxasınca düşsün, istədiyi iş ona həm zövq versin, həm müəyyən bir populyarlıq gətirsin və eyni zamanda da onu dolandırsın. Mənim hər bir işim musiqi ilə bağlıdır. Yəni mənim başqa gördüyüm, bacardığım bir iş yoxdur.

- Klassik əsərlər yazırsızmı?

- Bəli, mən peşəkar bəstəkaram. Ona görə də ciddi musiqi ilə mütəmadi olaraq işləyirəm. Hazırda isə iki müzikl üzərində işləyirəm. Onlar böyük saat yarımlıq səhnə müzikllarıdır. Biri Amerika, digəri Moskva sifarişidir. Ona görə də biri rus, digəri ingilis dilindədir. Bu da mənim üçün ilk deyil. Özümü ilk olaraq "Onun ürəyi"adlı nağıl müzkıl janrında çəkilmiş animasiya filmində sınadım. Film Samir Kərəmoğlunun rejissorluğu ilə Azərbaycanda çəkildi. Amma səhnə olaraq bu, ilk işimdir... Təbii ki, efir, media, bunlar yaradıcı insanın gündəmdə qalması, tanınması üçün gözəl şeydir. Amma zaman gəlir başa düşürsən ki,  artıq daxilən yetişmisən və üz-üzə olmaqdan daha çox arxa planda olub daha böyük işlər görmək imkanı əldə etmək lazımdır. 40 yaşında insana müəyyən bir müdriklik gəlir. Məndə də bu deyəsən yavaş-yavaş gəlməyə başlayıb (gülümsəyir). Ona görə də daha çox işlməyə üstünlük verirəm. 

- Mahnı janrına müraciət edirsiz?

- İldə bir-iki mahnı olur.

- Hansı müğənnilərlə işləmək sizə rahatdır?

- Yaxşı müğənni ilə işləmək.

- Məsələn..?

- Həmişə demişəm, mənim üçün böyük xoşbəxtçilikdir ki, doğrudan da, sənəti sevən, zövqlü, istedadlı, səsli hər bir müğənni ilə işləmişəm, gənclərlə də, orta, yaşlı nəsillə də. Mən onlar üçün sevə-sevə mahnılar bəstələmişəm, onlar da sevərək mənim musiqilərimi ifa ediblər. Bu da böyük xoşbəxtçilikdir. Yəni, indiyə qədər olmayıb mən deyim ki, "necə edim, nə isə yazım və onu kim ifa etsin?" Şükür Allaha bu cür problemim olmayıb. Doğrudan, razıyam həyatımdan. İndi sadəcə saydığım, sadaladığım layihələrlə əlaqədar mahnı janrına az müraciət edirəm. 
Gənclərə bir neçə dəfə işləmişəm. Lap axrıncı "Səs Azərbaycan"nın qalibi Emiliya üçün bir yeni mahnı işlədim. Bu, sözləri Baba Vəziroğluna, musiqisi mənə aid olan "Gəl" mahnısıdır. Hardasa 10-15 gün olar ki, bitirmişik. Onun da bu yaxınlarda təqdimatı olacaq. Mahnı sevdiyim janrdır, amma daha ciddi və daha sevdiyim janrlar var. 

- Bugünkü gənc bəstəkarların fəaliyyəti sizi qane edirmi? 

- Hər bir dövrdə, hətta Azərbaycan pop musiqisinin ən yüksək zirvədə olduğu 50-80-ci illərdə, korifey sənətkarlarımızın zamanında da çox zəif, sıradan mahnılar olub. Sadəcə o zaman müəyyən bir senzura var idi. Bir teleməkan, bir radio var idi, özəl qəzetlər yox idi. Ona görə də senzurada peşəkarlar oturub müəyyən bayağılıqları, qeyri-peşəkar saydıqlarını efirə, radioya buraxmırdılar. Amma indi tək bizdə deyil, bütün dünyada kim ağlına nə gəlirsə, internet resurslarında yerləşdirə və buna da milyonlarla insanlar baxa biər. Artıq dünya o qədər kiçilib, insanların bir-biri ilə əlaqə saxlaması o qədər asandır ki, dünyanın o biri nöqtəsində bir dəqiqə əvvəl çəkilib, internetə qoyulan bir şeyə mən anında baxa bilərəm. Çox qəribə bir zamana gəlib çıxmışıq, əvvəllər belə deyildi. Ona görə də bəyənib bəyənməmək başqa şeydir. Mən kimisə bəyənib və yaxud bəyənmədiyimə sərf edəcəyim vaxtı özümə sərf etməyi daha üstün verirəm. Çünki işə heç vaxt qalmır, belə hesab edirəm. Zaman da ən böyük münsifdir, seçimdir. Və on ildən sonra əgər mənim mahnım oxunur, başqasının mahnısı oxunmursa, bu, artıq mənim qələbəmdir. Və yaxud əksinə. Zaman doğrudan da hər şeyi çox düzgün seçir. Sadəcə həmişə gənclərə demişəm və deyirəm, çalışın ən azı öz millətimizin,  vətəndaşlarımızın zövqlərini korlamayın. Bircə tövsiyyəm budur. Zövqü korlamamaq üçün kitab oxumaq lazımdır. Cəhalət çoxaldıqca hər şeyin keyfiyyəti itir. Ona görə də cəhalət itməli, elm, kamillik gəlməlidir. Qədim Avropada 40 yaşına çatmayan insanlara musiqi yazmağa icazə vermirlərmiş. Üstəlik musiqi yazan şəxsin əsli-kökü, nəcabəti olmalıymış. Bu məsələlərə çox ciddi yanaşıblar. Mənə elə gəlir ki, sadəcə bu, bir qədər insanların vicdanına qalıb. Vicdan olduqdan sonra hər şey düzələcək. 

- İddialara əsasən deyə bilərik ki, zövqləri korlayan efirlərə ayaq açan bayağı musiqilərdir. Peşəkar bəstəkar kimi efir rəhbərlərinə öz etirazınızı, iradınızı bildirmisinizmi?

- Yox, onu tənqid etsən də, etməsən də efirlər tamaşaçı və reklam üzərində qurulan bir sistemdir. İstənilən halda kapitalizm şəraitində bunun etməsələr, məhvə məhkumdurlar. Bu cür hallara dünyanın nüfuzlu televiziya kanallarında da rast gəlmək olur. Məsələn görürsən ki, peşəkar musiqi iə bərabər aşağı səviyyəli musiqi də təqdim edirlər. 
Mən tutaq ki, rəsmi çox sevirəm, amma bacarmıram, nə vaxt çəkmişəm məndə pis alınıb, uşaqlarım daha yaxşı çəkirlər. Baxmayaraq ki, mənim dost və tanışlarım var, istədiyim bir cızma-qaranı ən yüklsək rəsm qalireyasından asdıra bilərəm, amma bunu heç vaxt etmərəm.

- Övladlarınızdan sizin sənət yolunuzu davam etdirən varmı?

- Xeyr. Övladlarım daha çox rəsm sənətinə meyillidir. Qızım modelyer-dizayner olmaq istəyir, oğlum rəssamlığa üstünlük verir. 

- Hazırda Avropa Çempionatında yarışlar keçirilir. Hansı ölkənin milli komandasını tutursuz?

- Mən futbolu heç xoşlamıram. Sadəcə beş ildən bir Dünya Çempionatına baxıram, o da sonuncu yarımfinal və finalı oyununda. Kütləvilikdən daha çox xəlvətilik mənim üçün maraqlıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.