Mədəniyyət

"İlin aktrisası" uğrunda mübarizədə narazılıq - FOTO

4 May 2016 16:13
6 Şərh     Baxış: 3 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarova xalq artisti Məleykə Əsədovanın "İlin aktrisası" mükafatına layiq görülməsi barədə söylədiyi fikirlərə sözügedən layihənin rəhbərindən cavab gəlib.

Qeyd edək ki, Mehriban Xanlarova lent.az-a müsahibəsində özünün də iştirak etdiyi yarışda M.Əsədovanın "İlin aktrisası" mükafatına sahib çıxmasına belə reaksiya vermişdi:

"Mən həmin yarışda səs baxımından öndə idim. Amma sonra nə oldusa, Məleykə Əsədova seçildi. Bir yazıda da gördüm ki, prodüser Tolik mənim haqqımda nəsə yazıb. Mən bilmirəm, Tolikə nə etmişəm?! Aygünü yarışdan çıxarandan sonra mənimlə düşmən olub. Məni görəndə öpüşüb, görüşürdü. İnstaqram səhifəsində barəmdə nəsə yazmışdı, pərəstişkarlarım da ona hücum çəkmişdi. O da sonra yazdığını silmişdi. Bu yaxınlarda da yazıb ki, inşallah, Vəfa Zeynalova ilə Məleykə Əsədova qalib olar. Olsun da. Onlar da mənim azərbaycanlımdır".

"Most Fashionable Awards" beynəlxalq mükafatlandırma mərasiminin təsisçisi World Beauty Congress-in Qafqaz ölkələri üzrə direktoru Aqil Məmiyev Mehriban Xanlarovanın fikirlərinə münasibət bildirib.

Məmiyev ölkə.az-a açıqlamasında bildirib ki, layihə şəffaf keçirilib və bütün qaydalara tam əml olunub:

"Bu layihə hələ ötən ilin fevral ayında başlayıb. Bəzi aktrisaları biz özümüz siyahıya saldıq, bəziləri isə özləri müraciət edirdilər. Məleykə Əsədova və Mehriban Xanlarova da siyahıya bizim tərəfimizdən daxil edilmişdi. İlk turda Məleykə Əsədova 3500, Mehriban Xanlarova 500 səs yığdı. Söhbət təbii ki, sosial şəbəkədə verilən səslərdən gedir. İkinci turda isə top 5 aktrisaları seçdik. Yəni ikinci tura yalnız fəxri adı olan aktrisalar buraxıldı. Burada isə uğur və nəticələr də nəzərə alınırdı. Həmin beş nəfərin içərisində xalq artistləri Firəngiz Mütəllimova, Məleykə Əsədova, əməkdar artistlər Vəfa Zeynalova, Mehriban Xanlarova və Hüsniyyə Mürvətova var idi.

Son turda isə sosial şəbəkədə pərəstişkarları həmin aktrisaların adlarını yazıb fikirlərini bildirməli idilər. Bu turda Mehriban Xanlarova aktivləşdi. Hətta bir dəfə bizə zəng vurdu ki, əgər saxtakarlıq olacaqsa, iştirak etməyim. Bildirdim ki, hər şey şəffaf keçiriləcək. Bu turda Mehriban xanımın pərəstişkarları ilə Məleykə xanımın pərəstişkarları arasında güclü rəqabət getdi. Amma qeyd etdiyim kimi burada uğur və nəticələr də nəzərə alınr. Məleykə Əsədova xalq artistidir, iki dəfə prezident mükafatçısı olub və eyni zamanda bu il bir nüfuzlu xarici mükafata layiq görülüb. Mehriban xanıma da bildirdim ki, müsabiqədə bütün turlarda qeydə alınmış nəticələr yekun hesabda əksini tapır. Yalnız son turda fəallaşmaqla iş bitmir. Uğur və nəticələrin nəzərə alınmasının səbəbi də budur ki, hansısa tanınmayan adam gəlib birinci, ikinci, yaxud üçüncü olmasın.

World Beauty Congress beynəlxalq təşkilatdır, mərkəzi İsveçrədə yerləşir, bir çox ölkələrdə ofislərimiz var. Ona görə son turda həm də beynəlxalq səsvermə oldu. Eynilə "Eurovision"dakı kimi videobağlantılarla ölkələrdən səslər gəlirdi. Xaricdən gələn səsvermədə Məleykə Əsədova, Vəfa Zeynalova və Firəngiz Mütəllimova səs qazandı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.