Mədəniyyət

Musiqi dünyasında sensasiya doğuran tapıntı

14 Fevral 2016 10:14
1 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Praqadakı Çexiya Musiqi Muzeyinin əməkdaşlarına V.A.Motsartın A.Salyeri ilə birlikdə yazdığı musiqi əsərini 200 ildən çox vaxt keçəndən sonra tapmaq səadəti nəsib olub.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, muzeydə İtaliya şairi Lorenso da Pontenin də librettosu tapılıb. Bu barədə muzeyin əməkdaşı Şarka Doçkalova məlumat verib.

O bildirib ki, muzey tapıntını qarşıdan gələn çərşənbə günü mətbuat konfransında təqdim edəcək. Motsartın məşhur "Don Juan" operasının librettosunu da Ponte yazıb.

Operanın 1787-ci ildə Praqada, Soslov Teatrında baş tutan premyerasında bəstəkar özü dirijorluq edib.

Bir çox Avropa ölkələri kimi, Çex Respublikası da bu il dahi Vyana bəstəkarının anadan olmasının 260 illiyi və vəfatının 225 illiyi ilə əlaqədar bir sıra tədbirlər keçirməyi planlaşdırır.

Volfqanq Amadey Motsart o dövrlər Müqəddəs Roma imperiyasının tərkib hissəsi olan Avstriyanın Salzburq arxiyepiskopluğunun eyniadlı şəhərində Leopold və Anna Mariya Pertl Motsartların ailəsində dünyaya göz açıb. 

Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, orqan ifaçısı və dirijor da olmuşdur. Müasirlərinin dediyinə görə, dahi bəstəkar qeyri-adi musiqi duyumu, eşitdiyi musiqiləri yadda saxlama və improvizə etmə kimi fenomenal qabiliyyətlərə malik olub.

Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestrlərinin konsert repertuarlarının ayrılmaz parçasını təşkil edir.

Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.