Mədəniyyət

Bakıda "Robinzon və doqquz Cümə"nin qala-gecəsi keçiriləcək - FOTO

12 Fevral 2016 13:31
Baxış: 1 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fevralın 23-də Bakıda Nizami Kino Mərkəzində Azərbaycanla Gürcüstanın birgə istehsalı olan "Robinzon və doqquz Cümə" filminin qala-gecəsi  keçiriləcək. Bu barədə Trend-ə tədbirin təşkilatçıları məlumat veriblər.

"Robinzon və doqquz Cümə" - bədii tammetrajlı macəra filmidir. Layihə Britaniya-Gürcüstan Ticarət Palatası (BGSS) və Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin dəstəyilə həyata keçirilir.

Bu, "K-production" şirkətinin artıq üçüncü filmidir. İlk iki layihənin Gürcüstan miqyasında uğurla gerçəkləşməsi şirkət rəhbərliyinə üçüncü məhsulun hüdudlarının genişləndirilməsi qərarını verməyə imkan verdi.

Rollarda - Paata Quliaşvili, Natiya Tsitsilaşvili, Salome Kokuaşvili, Lika Korkiya, Mariyam Sanoqo, həmçinin xüsusi dəvətlə - Polad Bülbüloğlu, Buba Kikabidze, Manana Caparidze, İrakli Pirsxalava, Keti Topuriya, Bəhram Bağırzadə, Nani Breqvadze, Kaxi Kavsadze, Lutsiya Luşik.

Filmin süjeti

Kuryer şirkətində çalışan baş qəhrəmanın (Paata Quliaşvili) ailəsində dözülməz bir vəziyyət yaranıb - pis xasiyyətli həyat yoldaşı, yetkinlik yaşına çatmış, amma cəmiyyətdə özünü apara bilməyən və şıltaq övlad, işlə bağlı problemlər. Günlərin bir günü yatmağa gedən baş qəhrəman (səhəri gün bağlama aparmaq üçün Bakıya səfər etməlidir) yuxudamı, yoxsa gerçək, ağ geyimli bir qoca (Buba Kikabidze) ilə rastlaşır. Bu qoca onu yaxşı mənada öyrədir və Bakıya gedib öz xöşbəxtliyini məhz orada axtarmağı məsləhət görür.

Qoca ona bir açar və nəsihət verir: həmin açarın açdığı qapının o tərəfində o, öz xöşbəxtliyinə və sakitliyə qovuşacaq. Səhər yuxudan oyanan qəhrəmanımız (Robinzon) baş verənlərin yuxu və ya gerçək olduğu barəsində düşünərkən qocanın ona verdiyi açarın öz boynundan asıldığını görür.

Ailə üzvlərinə heç bir söz demədən baş qəhrəmanımız turizm şirkətinə yollanır və orada kurortlardan birində otaq sifariş edir, təyyarə bileti də alıb tez-tələsik bu şəhəri tərk edir (eyni zamanda o, qarşısına çıxan bütün qapıları qocanın ona verdiyi həmin açarla açmağa cəhd edir).

Onun məzəli macəraları elə təyyarədən başlayır. Həddindən artıq spirtli içki qəbul edən baş qəhrəman siqaret çəkmək üçün özünə bir yer axtararkən təyyarənin baqaj bölməsinə gəlib çıxır. Siqaret çəkdiyi an o, orada bir qapı görüb onu öz açarı ilə açmağa çalışır. Qapı açılır və o, təyyarədən çölə düşür... Huşu başına gəldikdə baş qəhrəman kəşf edilməmiş bir adaya düşdüyünü anlayır...

Film üzərində işləyənlər: 

Rejissor: Georgi Kikalişvili 
İdeya müəllifi: Nika Ramişvili
Ssenari müəllifi: Nika Ramişvili, Georgi Kikalişvili, Keti Mikanadze 
Baş prodüser: Keti Mikanadze
Quruluşçu operator: Bakar Şaraşenidze 
Musiqi: Fərhad Bədəlbəyli, Dato Xucadze

İnformasiya dəstəyi - Trend, Day.Az, Milli.Az, Azernews.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.