Mədəniyyət

Ələsgərin dostu aktyor haqda: "Ölümdən qorxurdu"

9 Fevral 2016 14:13
3 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ə nə var e, Ələsgər, Ələsgər"... "Bəyin oğurlanması" filmindən bu məşhur frazanı xatırlamayan, çətin, ola. Yəqin, indi də sevilən aktyor Ələsgər Məmmədoğlunun səsi qulaqlarınızda cingildədi. 

Milli.Az publika.az-a istinadən mərhumun sənət dostu, xalq artisti Zemfira Nərimanovanın aktyor haqda söhbətini təqdim edir:
 
"Ələsgər bir insan kimi həddən artıq sadə, eyni zamanda, qapalı insan idi. Bir problem onu nə dərəcədə yandırıb-yaxmalı idi ki, o, bu barədə danışsın. Yoxsa ki, hələm-hələm ürəyini açmazdı. Heç vaxt kiminsə xətrinə dəyməzdi. Nəzakətli adam idi. Aktyor kimi də pozitiv və tərəf-müqabilini başa düşən idi. Səhnəni doldurmağı bacarırdı. Heyif ki, bizi erkən tərk etdi. Buna çox təəssüfləndim. Gərək xəstəliyi barədə ona məlumat verilməyəydi. Bəlkə, bilməsəydi, daha çox yaşayardı. Yalandan deyirlər ki, xəstəliyini ondan gizlədiblər. Xeyr, bilirdi. Bizim keçmiş direktorumuz İsrafil İsrafilov onu məşhur bir klinikaya müayinəyə göndərmişdi. Xəstəliyini öyrənən kimi təzyiqi qalxıb, halı pisləşib. İnsana necə demək olar ki, səndə bədxassəli şiş var? Belə həkimə nə ad vermək olar? Bunu teatrda hamı bilirdi".
 
Zemfira Nərimanova Ələsgər Məmmədoğlunun bir sirrini də açdı:
 
"Heç kim bilməsə də, mən bilirdim ki, xəstəlikdən və ölümdən çox qorxur. Bəlkə də heç vaxt ciddi xəstələnməmişdi. Xəstələnəndə də tez sağalmışdı. Bəlkə də  buna görə ölümdən qorxurdu. Mən onu kədərlə xatırlayıram. Təssüf ki, indi o aramızda yoxdur".
 
Ötən ilin dekabrında bizə vida edən əməkdar artist həyatda olsaydı, bu gün 70 yaşını qeyd edəcəkdi.
 
Xatırladaq ki, Ələsgər Məmmədoğlu Azərbaycan teatr və kinosunda maraqlı və bənzərsiz obrazlar yaradıb. Eyni zamanda, televiziyada istehsal olunan "Evləri köndələn yar", "Yaşıl eynəkli adam", "Mehmanxana sahibəsi", "Topal Teymur", "Qatarda", "Alov"da  oynadığı rolları ilə də sevilib.
 
Yaradıcı insanlar həmişə yaşayır. Ələsgər Məmmədoğlu da hər zaman yaratdığı obrazlarla yaşayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.