Mədəniyyət

İki dəfə evlənən xalq artisti: "Qadın ki, qısqanc olmadı…" - FOTO

5 Fevral 2016 18:27
4 Şərh     Baxış: 4 254
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sevilən aktyor, xalq artisti Tariyel Qasımovun dünən doğum günü olub. İstər teatrda, istərsə də, kinoda yaddaqalan rolları ilə tamaşaçılarının qəlbini ovsunlayan aktyoru gedib biz də təbrik etdik.

Adətən, yaşa dolan sənətkarlarımız doğum günündə kövrəlir. Amma bu sözləri Tariyel Qasımova aid etmək olmaz. Görüşəndə gözlərindəki gülüşdən, sevincdən gördük ki, yaşındakı qoşa "7" onu qətiyyən narahat etmir. Əksər həmkarlarından fərqli olaraq, hər zaman şən görünən aktyor bu gün də pozitivdir. Çox da ki, onun nə az, nə də çox, düz 77 yaşı tamam olur.
 
Milli.Az publika.az-a istinadən aktyorun müsahibəsini təqdim edir:

- Tariyel müəllm, doğum gününüzdə hansı əhval-ruhiyyədəsiniz?

- Özümü həmişəkindən də yüksək əhval-ruhiyyədə hiss edirəm. 77-nin kürəyini yerə vurdum.
 
- Ay maşallah! Bunun sirrini açın, biz də bilək, illəri qorxutmusunuz nədir, sizə toxuna bilmir?

- Heç kimə demə, bircə sənə deyirəm. 50 yaşım tamam olanda, yaşımı dondurdum. 27 il necə gəlib keçdi, xəbərim olmadı. İndi-indi istəyirəm ki, yaşımı bir-iki il artırım, 52-də dondurum.
 
- Məncə, heç ehtiyac yoxdur, amma xanımınıza deyin, hər axşam başınıza üzərrik hərləyib yandırsın...

- Heç deməmiş yandırır. Deyirəm ay qız, kimin mənə gözü dəyəcək. Deyir ki, yanından keçən gözəl xanımların.
 
- Amma belə cavan qaldığınıza görə, mən bilən, elə birinci təşəkkür xanımınıza düşür...

- Razıyam. Qadın ki, qısqanc olmadı, o kişinin bəxti gətirir. Mən də bu mənada yarımışam. Yoxsa ki, kişi var e, evə gələn kimi arvadı başlayır qısqanclığa, bu da söz-söhbət yaradır. Adam da əsəbiləşəndə qocalır axı. Mən iki dəfə evlənmişəm. Elə birinci xanımım da qısqanc olmayıb, heç vaxt soruşmayıb ki, hardan gəlib, hara gedirsən. Sərbəstliyimi əlimdən almayıb. Amma həyatdır də, bəzən müəyyən səbəblər üzündən ilk evliliyin alınmır, ikinci dəfə evlənməli olursan.
 
- Həyatda 3 ən böyük uduşunuz nə olub?

- Birincisi aktyorluq sənətini seçməyim, ikincisi Allahın mənə verdiyi yaraşıq, boy-buxun, üçüncüsü uzun ömür. Dostlarımın əksəriyyəti gənc yaşlarında dünyadan köçüb, amma mən gəlib çatmışam 77 yaşa. 77 Allahın mənə hədiyyəsidir, hər adam gəlib bu yaşa çata bilmir. Amma mənə heç kim 50-dən o yana yaş vermir. Bu da bir xoşbəxtlikdir.
 
- Demək ki, yaş məsələsində rəqəmlər önəmli deyil?

- Əlbəttə, önəmli deyil. Önəmli olan görünüş və ruhunun gəncliyidir. Kişi var ki, 40 yaşı var, amma ruhu çox qocadır. Elə ruhən qoca olduğu üçün də yaşlı görünür.
 
- Yeri gəlmişkən, yaşı 40-a çatmamış beli bükülən kişilərimizə nə məsləhət verərdiniz ki, sizin kimi cavan görünsünlər?

- Yeri düşüb, qoy danışım. 70 yaşım tamam olanda Gənc Tamaşaçılar Teatrında yubileyimi qeyd etdilər. Yerlim sevilən müğənni Vasif Məhərrəmli əlimdən tutub tamaşaçılara səsləndi. Dedi ki, ay insanlar, bu kişiyə 70 yaş vermək olar? Hamı birağızdan səsləndi ki, yox. Onda Vasif məndən soruşdu ki, Taryel müəllim belə cavan qalmağınızın sirri nədədir? Mən ona cavab verdim ki, gənc qalmaq istəiyrsənsə, paxıl olmamalısan, başqasının sevincinə sevinməyi bacarmalısan, içini qurd yeməməlidir. İnsanı içindən qurd, paxıllıq yeyəndə həm içi qocalır, həm də çölü.
 
- Təmtəraqla aranız necədir, 77 yaşınızı qeyd edəcəksiniz?

- Bir dəfə 80 illik yubileyində Bəxtiyar Vahabzadədən soruşdular ki, yubileyinizi qeyd edəcəksiniz? O da cavab verdi ki, başa düşmürəm, insanlar niyə 75, 80, 90 yaşlarını belə təmtəraqla qeyd etməyi xoşlayırlar. Qayıtdı ki, mən xoşlamıram, ölümə yaxınlaşırıq, bunu niyə qeyd etməliyik. O yaşda insan ölümə yaxınlaşır, bunu qeyd etməyin nə mənası var?
 
- Ölüm heç quş olub yanınızdan səkə bilməz, 50 yaş nədir axı?

- Hə, onu düz deyirsən. Axı dedim, 50-də yaşımı dondurmuşam. Bilirəm ki, çox yaşayacam, çünki anamın da 100 yaşı var. Bunu sənə də demişdim.
 
- Belə anladım ki,  siz də yüzə iddialısınız.

- Bəli.
 
- Bir dəfə mənə demişdiniz ki, falçı sizə 86 il ömür sürəcəyinizi deyib...

- Hə, iki dəfə əl falıma baxıb mənə 86 yaşımda dünyadan köçəcəyimi deyiblər. Hətta 2007-ci ildə ürək əməliyyatı keçirdim, ayılanda həkimdən soruşdum ki, nə qədər ömrüm qalıb? Dedi, 20 il sizinlə  salamlaşacağıq. Hesabladım gördüm ki, gəlib çıxır 86 yaşa. Hələ vaxta var.
 
- Amma 86 yaş yaxınlaşdıqca yəqin ki, içinizdə bir təlaş-qorxu olacaq...

- Bu sualı mənə bir dəfə də vermişdilər. Demişdilər ki, 86 yaşında hər gün həyəcan içində öləcəyiniz günü gözləmək dəhşət olacaq. Amma mən inanıram ki, o yaşı da keçəcəm və yüz yaşa qədər yaşayacam. Anam kimi.
 
- İnşallah, yəqin ki, yüz yaşınızda sizə heç 60 yaş da vermək olmayacaq?

- Mən  də buna əminəm.
 
- Qismət olsa, o vaxt mən də sizə hədiyyə vermək istərdim. Maraqlıdır, həmin vaxt məndən hansı hədiyyəni almaq istərdiniz?

- Bircə gülü xoşlamıram. Mənə gül hədiyyə edənlərə ürəyimdə əsəbiləşirəm. Buna verilən pula bir kibrit alıb versəydiniz yaxşı olardı.
 
- Bunu nəzərə alaram. Arzularınızı bilmək maraqlı olardı?

- Ən böyük arzum odur ki, dünyadan köçəndə cənazəm teatrın səhnəsindən götürülsün. İkincisi, yaratdığım rollarım həmişə sevilsin. Üçüncüsü də, xanımlar həmişə məni sevsin.
 
- Onsuz da sevirlər. Çünki bu qədər xarizmatik, enerjidolu bir insansınız, sizi sevməmək mümkünsüzdür. Amma ölümdən danışmaq məni heç açmadı, çünki sizə yüzə yaşa çatmalısınız, hələ mən də sizə hədiyyə borcumu qaytarmalıyam. Sözümüz sözdürmü?

- Əlbəttə, sözümə sadiqəm.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.