Mədəniyyət

Xalq artisti: "Yad bir ölkədə bunu eşitmək son dərəcə ağır idi" - VİDEO

4 Oktyabr 2015 18:22
5 Şərh     Baxış: 3 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnsan istər həyat yolunda, istər ailədə, istərsə də sağlamlıq baxımından həmişə imtahana çəkilir. Məncə, ən ağır imtahanlardan biri yaxınlarını itirməkdir. Bu, xüsusən də vaxtsız itki olursa, dözülməzdir. Ən böyük itkim isə torpaq itkisidir". Bu sözləri APA TV-nin "Üç dama" verilişində xalq artisti, muğam ustası Mənsum İbrahimov deyib. 

O, Şuşanın işğalını Türkiyədə səfərdə olarkən radiodan eşidib: "Radioda türk aparıcı belə bir xəbər səsləndirdi: "Azərbaycanın Şuşa şəhəri düşdü!" Mən o anı bu gün də unuda bilmirəm. Yad bir ölkədə bunu eşitmək son dərəcə ağır idi. Mənim bütün uşaqlığım Şuşada keçib. Şuşanın işğal ediləcəyi heç vaxt ağlıma gəlməzdi.  1993-cü ildə Ağdam işğal olunanda ikinci zərbəni yaşadım. Ermənilərin işğal olunan  şəhərlər arasında Ağdama o qədər böyük nifrətləri var idi ki, orada qoymadılar daş üstə-daş qalsın. İndi Ağdamın işğal altında olmayan kəndlərinə gedirəm hərdən. Orada bir yüksəklik var..."
 
Söhbətinin davamında Mənsum İbrahimov həmin yüksəkliyə qalxıb nələr gördüyünü danışıb...
  
"Səkkiz ifaçı xanımla "Leyli və Məcnun" oynadım. Hamısının öz tərzi, öz üslubu, yanaşması var. Amma deyim ki, səhnədə səkkiz Leylim olsa da, həyatdakı Leylim birdir. Biz bir kəndin uşaqları olmuşuq, bir məktəbdə oxumuşuq və ağlımız kəsəndən bir-birimizi sevmişik.
 
Daha sonra o, uşaqlıq illərini xatırlayıb: "Sakit, utancaq uşaq olmuşam. Humanitar fənləri yaxşı oxuyurdum. Bİr az da səsim var idi. Deyim ki, Qarabağda insanları səslə təəccübləndirmək asan deyildi.  Çünki hər üç nəfərdən birinin yaxşı səsi var idi. Və yaxşı səsi tanıyanlar hər səsi bəyənmirdilər. Bizim kənddə Soltanbud adlı meşə vardı. Xan qızı Natavan saldırıbmış o  meşəni.
Yadımdadır ki, kənd uşaqları quzu otara-otara həm də oynayırdılar orada. Hərə bir budaqda otururdu. Biri "Xarı bülbül" oxuyurdu, onun ardınca o biri "Qarabağ şikəstəsi"nə başlayırdı. O qədər fərqli, rəngli səslər var idi ki, sadəcə o mənzərəni görmək lazım idi. Hamını dinləyirdim və uşaqlıqdan bir arzum var idi..."
 
Xalq artisti daha sonra Opera teatrında fəaliyyətə başlamasından danışıb: "1985-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının ildönümü ilə bağlı muğam müsabiqəsi təşkil olunmuşdu.  O müsabiqədə laureat oldum. Münsiflər arasında xalq artisti Şövkət Ələkbərova da var idi. Məni öz sinfinə dəvət elədi. Getdim. Onda artıq Firuzə İbadova, Aygün Bayramova, Aybəniz Haşımova onun tələbəsi idi. Bir müddət sonra Şövkət xanım dəstəyi ilə məni Opera Teatrına işə götürdülər. İlk rolum "Leyli və Məcnun"da Zeyd olub. Arif Babayevlə tərəf müqabili idim. Amma iddiam Məcnun olmaq idi. Utanırdım. Yaşca böyük ifaçılar söyləyirdilər ki, bu utancaqlıqla məndə heç nə alınmayacaq. Heç nə demədim, sadəcə öz üzərimdə işdən sonra çalışmağa başladım. Hafiz Quliyev indi Opera Teatrının baş rejissorudur, onda rejissor asisenti idi.  Hamı gedəndən sonra mən onunla pərdə arxasında məşq edirdim. Məşq elədikcə hiss eləyirdim ki....".
 
O, həmçinin ifaçılığa muğamla başlayıb, sonradan daha yüngül janra meyllənmələrin səbəblərindən də danışıb: "Birinci səbəb kiçik yaşlarında yaxşı ifa edən uşaqların böyüyəndən sonra səs tembrini dəyişməsidir. İkincisi pul qazanmaq həvəsidir. Üçüncüsü və ən qorxulu olanı isə ...."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.