Mədəniyyət

Xalq artisti: "Müalicəmə nə xərc çəkmişəm, ödəsin" - AZDRAMADA ÜSYAN

1 Sentyabr 2015 16:09
8 Şərh     Baxış: 5 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının prezidentə müraciət edən bir qrup tanınmış aktyoru sənət ocağına yeni təyinatla bağlı fikirlərini bildiriblər.

Milli.Az xəbər verir ki, lent.az-ın məlumatına görə, onlar ötən gün teatra bədii rəhbər və baş rejissor təyin edilən Azər Paşa Nemətovun arzu edilən şəxs olduğunu, lakin İsrafil İsrafilovun yenidən direktor təyin edilməsi qərarı ilə razılaşmadıqlarını deyiblər.

Xalq artisti Nurəddin Mehdixanlının dediyinə görə, A.P.Nemətova rejissor kimi böyük hörmətləri var. Amma xalq artisti bu təyinatların kollektivlə razılaşdırmadan verilməsinin əleyhinədir:

"5 ildir ki, aktyorlar bunu istəyirdi. Akademik Milli Dram Teatrı kimi bir sənət ocağı baş rejissorsuz, yəni kapitansız ola bilməz. Azər Paşa Nemətovla bizim kollektivin heç bir problemi yoxdur. Bir yerdə tamaşalarımız olub. Sadəcə, xoşa gəlməyən odur ki, Azər Paşa Nemətov kimi bir rejissoru, böyük sənətkarı Akademik Milli Dram Teatrına bədii rəhbər və baş rejissor təyin edirlər, amma bu kollektivin yanında yox, direktorun otağında baş verir. Mən bunu nə təqdimatı edənlərə, nə də Azər Paşa Nemətova yaraşdırıram".

Mehdixanlının İ.İsrafilov haqqında fikri isə dəyişməz qalır. Xalq artisti onun direktorluğa layiq olmadığını deyir. Sənətkar onu teatrı parçalamaqda günahlandırır:

"İsrafil İsrafilov Akademik Milli Dram Teatrının rəhbərliyinə yaramır, bacarmır, teatrın bütün problemlərin yaranmasının səbəbkarı odur. Onun "Parçala, hökm sür" siyasəti teatrda hamını qarşı-qarşıya qoyub, hamı bir-biri ilə düşmən olub. Nəticədə biz məcbur olub cənab prezidentə müraciət etmişik. Mən Mədəniyyət və Turizm Nazirliyinin qərarlarına hörmətlə yanaşıram. Amma hesab edirik ki, kollektivin də rəyi nəzərə alınmalı idi. İsrafil İsrafilovu burada saxlamaq, bu boyda teatrın kollektivinə - xalq artistlərinə, əməkdar artistlərə, həyatını, ömrünü teatra vermiş insanlara hörmətsizlikdir".

Xalq artisti Firəngiz Mütəllimova da sənət yoldaşı ilə həmfikirdir. Baş rejissor və bədii rəhbər təyinatını alqışlayan aktrisa direktor təyinatı ilə razı qalmadığını ifa edib. Xalq artisti İsrafil İsrafilova təzminat davası açacağını da bildirib. Aktrisa direktoru məhkəməyə verməyi planlaşdırır: 

"Biz Azər Paşa Nemətovun gözü qarşısında yaradıcılığa başlamışıq. O, aktyora hörmət edir, sevir. Ən əsası, gözümüzün içinə baxa-baxa bizi aldatmır, yalan danışmır. Saf ürəyi var, çünki istedadı var. Əgər İsrafil İsrafilov getsəydi, məhkəməyə verməyəcəkdim. Amma qalıb deyə, verəcəm. "Mir" kinoteatrında balaca, dar, havasız otaqda "Qarabağnamə" tamaşası hazırlananda İlham Əsgərov insult keçirdi. O vaxt teatr təmirdə idi. Bizə havasız, dar otaqda əziyyət çəkə-çəkə 1 il 6 ay məcburi məşq etdirdi. Tamaşa hazır idi, amma gündə məşq etdirirdi. Dava-qırğında idik. Onun sayəsində mənim səhhətimdə problem yarandı. Bir dəfə də məni çağırmışdı otağına. Qəfil arxadan biri mənim belimdən tutdu. Dik atıldım, çığırdım. İsrafil müəllim dedi ki, "Qorxma, Moskvadan gəlib, ekstrasensdir". 3 gün evdə dərman içdim. Şəkərimi, təzyiqimi yoxladılar. Bunlara cavab versin. 2 il müalicəmə, əməliyyata nə xərc çəkmişəm ödəsin".

Aktrisa son 5 ildə dövlət sifarişli tamaşalarda rol almadığını da etiraf etdi: 

"Yeganə baş rol oynadığım "Qanlı Nigar" tamaşasıdır, o da teatrın öz hesabına qoyulub. O da ki ağzımızı yummaq üçün. Mən necə xalq artistiyəm ki, bu 5 ildə bir dövlət sifarişi olan tamaşada oynaya bilmirəm? Mənim üçün bir afişa edib. Hay-küy qopan kimi məni çağırıb göstərir. Formamı itirməmişəm, kilom getməyib. İndi mənə 4 pyes yollayıb. İstəmirəm. Heç müəlliflərini tanımıram. Oxumamışam. Əsəbiləşmişəm. Bilirəm ki, teatra gedəcəm, yenə əsəbiləşəcəm. Azər Paşa müəllimlə görüşüb bütün bunları danışacam. Onunla da məsləhət edəcəm, sonra qərara gələcəm ki, məhkəməyə verim, ya yox".

Xalq artisti Ramiz Məlikin münasibəti isə qısa və konkret oldu:

"Azər Paşa Nemətovun bədii rəhbər və baş rejissor təyin edilməsi müsbət haldır. İsrafil müəllimin yenidən direktor təyin edilməsini də müsbət qarşılayıram".

Xalq artistləri Rafael Dadaşov İlham Əsgərov təyinatlardan xəbərsiz olduqlarını bildirdilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.