Mədəniyyət

İlk təəssüratlar yanıldıcı olur - FOTO

2 Sentyabr 2015 00:03
3 Şərh     Baxış: 3 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1. Sənət əsərinin təhlili, tənqidçinin əsərə "cinayəkar" gözüylə baxdığı, kiçik bir məhkəmədir. Tənqidçi burada hüquqi ifadələrə müstəntiq obrazında; əsər isə onu cinayətə sövq edən yaradıcısının uzağında, gücsüz qalmış və özünü müdafiə etməkdən aciz ampulada araşdırılır. Tənqidçi onu, öz dövrüylə sınağa çəkir, keçmiş illərlə qiyaslayır, sırf "çatdırmaq" istədiklərini vurğulamaq naminə onu fəlsəfənin, romanın, psixologiyanın qarşısına çıxararaq karikaturaya çevirir. Nəticədə isə, hökm oxucunun iqtidarındadır: O ya ifadə edilənlərə razılaşır, ya bütün detalların absurd olduğunu görə bilir və yaxud da əsərin ona bəxş etdiyi hisslərlə yetinməli olur.

Kinematoqrafiya təhsili alan tələbələr yuxarıdakı abzasa xüsusilə yad deyil. Şəxsən "Film Təhlili" dərsində bu qənaətim bir az da gücləndi. Qəbullandım: Bəzi romanlar kino olmamalıdır; məsələn Anna Karenina Tolstoyun təsviriylə yaddaşda qalsa, onu roman olaraq xatırlasaq, heç nə itirmərik; əksi isə kinoya heç nə qazandırmadığı halda, romandan çox şeyi yox edir. Başa düşdüm ki, filmi bir dəfə izləyərək haqqında yazmaq lazım deyil; ilk təəssüratlar yanıldıcı olur, filmin üstündə qoyduğu izlərin əsirinə çevrilə bilirsən, hisslərlə davranmaq heç də yaxşı hal deyil. Məlum oldu ki, bəzi filmlərə toxunmamaq lazımdır; haqqlarında yüzlərcə mənbə olsa belə, hər tip kritika, şərh və ağız dolusu tərif, tənqiddən qaçınmalıyam. Bu, əsəri zədələyə bilər (açığı, bir çox halda zədələyir də). Tənqidçi yazını bitirdikdən sonra, özünü bir növ sənətçinin prototipi olaraq görür, hətta ilk yazılarında o, sənətçi eyforiyasına da qapıla bilər; ancaq tənqidçi nəticədə sənətçi olmadığı üçün yaxşı araşdırmaçıdır.

2. May. Təhsil ili yekunlaşır. "Film Təhlili" dərsinin son tapşırığı məlum olduğu kimi bir film haqqında resenziya yazmaqdır. Professor geniş siyahı hazırlayıb, içində bir xeyli film var. Filmlərin içində birini seçməli və bir həftə ərzində haqqında yazı hazırlamalıyıq. Siyahıya baxıb fikirləşirəm: Həmişə qaçındığım və kino tarixində məni ən çox heyrətləndirmiş Tarkovskinin "Zerkalo"sunu seçəcəm. İddialı cümlədir, həmçinin də absurd. Çünki ona toxunmayacağıma söz vermişəm, haqqında bir neçə dəfə yoxlamağıma baxmayaraq təhlil alınmayıb. Bu, sanki, qorxunun üstünə yeriyişdir, dəfələrlə (təxminən iyirmi beş, otuz dəfə) baxılan filmə olan mənəvi borc kimidir. Bir digər tərəfdən də xəyanət. Siyahıda başqa filmlərə də nəzər yetirirəm: "Eternity And A Day" (Sonsuzluq və Bir gün / Angelopoulos), L'Avventura (Macəra / Antonioni), La Petit Soldat (Kiçik Əsgər, Jean Luc Godard) vs. Lakin "Zerkalo"nun qarşısı boşdur, təxmin edirəm ki, ora heç kim adını yazmayacaq; o, siyahıda tənha qalacaq kino deyil axı. Bir ox işarəsi çəkib, adımı yazıram. Qarşıda uzun bir həftə gözləyir məni.

3. Görəsən, yer üzündə indiyə kimi neçə söz kəşf edilib? Hansılar mənalarını itirib, hansılar hələ də qüvvədədir? Sözlərin sayları artıqca yazmaq və danışmağın asanlacağının əksinə, daha da çətinləşir. Xüsusilə yazmaq; insanlığın ən köhnə ifadə üsullarından biri. Dağarcıq genişləndikcə yazıçı seçiciləşir. O, artıq bir ifadədən imtina edərək, bir digərini seçmə azadlığına sahibdir. Və bu halın özü xeyli məşqə ehtiyac yaradır. Hədəflənən estetika üçün bəzi vaxtlarda bir söz illərlə axtarılır. Eyni mənaya gələn iki cümlədən birini seçmək artıq mətnin konteksi (lirik, tragikomik vs.) bucağına görə müəyyənləşdirilir.

Deyilə bilər ki, bu yazıçı olmayan bir şəxs üçün asan olmalıdır, nəticədə "Zerkalo" haqqında bir həftə yaza bildiklərimin cəmi, bir daha əsas verirdi ki, bu fikir çürüsün: Xeyr! Əksinə, sözləri tapmaqda çətinlik çəksəm də, bu, onları unutduğum, bilməməyimə görə deyil, üstündə işlədiyim tənqidi yazıya heç birini layiq görmədiyim üçün idi. Bütün həftə boyu "Zerkalo"nu izlədim. İstədiyim onu Tarkovskidən kənar bir üslubla analiz etmək idi. Mümkündürsə, içində Tarkovski ifadəsi heç səslənməsin (Düzdür, Tarkovskiyə qarşı qəribə hisslərim var: ona qarşı olan rəğbətim vaxt aşırı dəyişir. Bəzi günlər onu sevirəm, bəzi günlər qısqanıram, bəzi günlər onun, ümumiyyətlə, kino üçün artıq bir adam olduğunu düşünürəm; lakin adını çəkmək istəməməyimə səbəb "Zerkalo"nun Tarkovskinin iç dünyasına aparan bir yol olmasıyla yanaşı, həmçinin də Tarkovskidən başqa hər şey haqqında bir film olması idi).

O an Michael Hanekeni xatırlayıram: O, həmçinin Avstriyada bir universitetdə kino professorudur. Haneke reportajlarından birində ifadə edirdi ki, sinifə daxil olan təzə tələbələrin çaşqın baxışları əhatəsində DVD-yə tərəf hərəkət edib, ora "Zerkalo"nun diskini daxil edirəm. Sinifə qəribə bir səssizlik çökür. Film başlayır. Heç nə demədən sinifi tərk edirəm. Kafeteriyada kofemi içir, saata baxıram. Artıq doxsan dəqiqə keçib. Siniflə tanış olmaq vaxtdır. İçəri daxil olduğum vaxt gənc və təəccüblü baxışlarla qarşılaşıram; salamlaşırıq və əlavə edirəm ki, kino, əsl kino, az əvvəl izlədiyiniz idi və indi niyə bu partalarda oturduğunuzu bir daha fikirləşin.

Resenziyaya belə intellektual manevrlə başlamaq çox köhnə taktikadır, lakin bu, "Zerkalo"ya (bəli, intellektuallıqdan kənar əsərə) haqsızlıqdır. Dərhal Arseniy Tarkovskinin (rejissor Tarkovskinin şair atası) filmdə səslənən (ilahi, nə hüzünlü səsdir o) şeirləriylə başlamağı ağıl edirəm. Zerkalo: Metaforik reallıq. Lakin əl saxlayıram, reallıq sözü düşündürücüdür; filmdə neçə gərçək səhnə, yaşanmışlıq var? Bir çox. Ancaq hər ikisi də nisbi anlayışdır. Zerkalo: Nisbi hisslər yığıncağı.

Yox, kömək etmir, heç bir söz istəniləni çatdırmır. Sözlərin əksik qaldığı anlar var. "Zerkalo" da belə epizodlardan biridir. Necə də yanılmışam. O an hiss edirəm ki, bu yükdür; əgər yazsam, heç vaxt qayıdıb üzünə baxa bilməyəcəm; işdir, əgər yazmasam, sinifi keçə bilməyəcəm. Dilemma: Yazsan, olmur, yazmasan, heç olmaz.

4. İmtahan günü əlimdə bir açıqca, içində bir məktub var açıqcanın. Bütün həftə boyu (əslində, iki il boyunca) demək istədiklərim var içində:

"Zerkalo (Güzgü) iç dünyaya edilən şeirsəl bir səfərdir; insan o aynadan zamana boylanır".

Bir cümlə. Professor üçün qaneedicidir, yəqin onun da gənclik illərində ilişib qaldığı belə bir film var və ümid edirəm ki, o "Zerkalo" deyil.

Elməddin Süleymanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.