Mədəniyyət

"Azdrama" bağlansınmı?

25 Avqust 2015 09:30
4 Şərh     Baxış: 3 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrı yaradıcılıqdan çox qalmaqallar, intriqalar və yumruq davaları ilə gündəmə gəlir 

Akademik Milli Dram Teatrda baş verən biabırçı qalmaqallar sürətlə bir-birini əvəz edir. Teatr daxilində gedən xoşəgəlməz proseslər adi hal alıb. İş o yerə çatıb ki, səhnədə aktyorlar bir-birinə ayaqqabı atır, qarşılıqlı təhqirə yol verirlər, mətbuatda söz duelinə çıxırlar və s. Bir yandan da teatrın rəhbəri İsrafil İsrafilovla bəzi aktyorlar arasında konflikt var. Bir sözlə, 125 illik tarixə malik bu teatr yaradıcılıqdan çox qalmaqalla gündəmə gəlir. Teatrın məzuniyyət dövründə belə xalq artistlərinin həm mətbuatda, həm də sosial şəbəklərdə bir-birini təhqir edərək söyüş dolu ifadələr işlətməsinin şahidi olduq.  
Məbəd və qalmaqallar yuvası...

Məzuniyyətdən qayıdan teatrda bu dəfə qalmaqalların elə bir pik həddi yaşandı ki, qətiyyətlə demək olar ki, "Azdrama"da indiyədək belə rüsvayçı olay yaşanmamışdı.   
Belə ki, məzuniyyət dövründə xalq artistləri Ramiz NovruzRamiz Məlik arasında yaranan gərginlik teatrın ilk iş günüdə yumruq davası ilə öz kulminasiyasına çatdı. 
Aznews.az-ın məlumatına görə, xalq artisti Ramiz Məlik mətbuatda teatrın direktoru İsrafil israfilov barəsində gedən məlumatlara münasibət bildirərkən həmkarı Ramiz Novruz onun fikirlərinə qarşı gəlib. Ramiz Novruzun teatr direktorunu müdafiə etməsi Ramiz Məlikə xoş gəlməyib və nəticədə mübahisə düşüb. Bu zaman əsəblərinə hakim ola bilməyən Ramiz Novruz həmkarı Ramiz Məliki yumruqlayıb. Nəticədə ikincinin gözünün altı qaralıb və paltarı cırılıb. 
Bir müddət əvvəl ağır ürək əməliyyatı keçirən Ramiz Məlik aktyorların köməyi ilə Ramiz Novruzun əlindən güclə alınıb. Xəsarət alan xalq artisti 102 xidmətinə müraciət edib. Şahidlərin dediklərinə görə, olaydan bir qədər sonra xalq artistləri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıblar.

Aldığımız digər məlumatlara görə xalq artisti Ramiz Novruz dava zamanı həmkarını küçə söyüşləri ilə təhqir edib.
Bütün bu olnalarla bağlı hər iki xalq artisti ilə əlaqə saxlamağa çalışdıq. Ramiz Novruz uzun-uzadı zənglərimizə cavab vermək istəməsə də həmkarı Ramiz Məlik qısaca olaraq sualımızı cavablandırıb: "Hər şey aydınlaşdırıldıqdan sonra danışacam. Bu an üçün heç nə deyə bilməyəcəm".

"Azdrama" bağlanılsınmı?

Bütün bu olaylar bir əsrdən çoxdur ki, Azərbaycan mədəniyyətinə böyük töhfələr vermiş, təkcə ölkədə deyil, keçmiş Sovet məkanında sevilən, şan-şöhrət qazanan sənətçilər yetirən, Ələsgər Ələkbərov, Məlik Dadaşov, Leyla Bədirbəyli, Əliağa Ağayev, Tofiq Kazımov kimi görkəmli aktyor və rejissorların fəaliyyət və yaradıcılığına şahidlik etmiş "Azdrama"nın nüfuzuna, imicinə böyük xələl gətirir. Artıq iş o yerə çatıb ki, bir sıra ziyalı və nüfuzlu şəxslər də bu böyük mədəniyyət ocağının qalmqallar, biabırçı olaylardan başqa nəzərə çarpaqcaq dərəcədə fəaliyyəti olmadığını, bu səbəbdən də onun bağlanılmasını, yalnız rəhbəri, kollektivi, iş prinsipi dəyişdirildikdən sonra yenidən fəaliyyət göstərməsini təklif edirlər.

"Aktyor öz davranışları ilə nümunə olmalıdır"
 
Teatrın mətbuat katibi Elçin Cəfərov deyilənlərə razılaşmadığını deyib:"Yeni biabırçı qalmaqal barəsində mən də mətbuatdan öyrəndim. Təbii ki, bu, çox təəssüfedici haldır, çünki teatr məbəddir. Burdakı aktyorlar öz nümunəvi davranışları, fəaliyyətləri ilə digərlərinə örnək olmaldırlar. Teatrın ətrafında baş verən son qalmqallar narahatlıq doğurur, çünki bundan öncə belə olaylar, bu qədər söz-söhbətlər olmamışdı. Bəli, bu, danılmaz faktdır. 
Akademik Milli Dram Teatrı təkcə burdakı kollektivin, aktyorların deyil, bütün Azərbaycanın böyük teatrı, mənəviyyat ocağıdır. Ona görə də burda baş verən xoşagəlməz proseslər təbii ki, haqlı olaraq insanları üzür.
Lakin teatrın yaradıclıq fəaliyyəti haqqında deyilənlər doğru deyil. Teatr dövlət proqramını lazımınca yerinə yetirərək yeni tamaşlar təqdim edib, yeni kadrlar yetişdirib, bir sıra nüfuzlu beynəlxalq festivallarda iştirak edir".

Nazirlik bütün qalmaqalları araşdıracaq

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov musavat.com-a bildirib ki, teatrda yaranan bütün qalmaqallar nazirliyin nəzərindədir: "Nazirlik bir dəfə də bu barədə açıqlama vermişdi. Belə ki, sentyabr ayının əvvəllərində teatr mövsümünün açılışı dövründə nazirlik tərəfindən həm sonuncu, həm də bundan öncəki baş vermiş qalmqallara yenidən baxılacaq, araşdırılacaq".

"Rusiya teatrlarına baxanda bizim vəziyyət şükürlüdür"

Bir zamanlar teatrın yetişdirdiyi istedadlı gənclər sonralar televiziya tamaşalarında, filmlərdə iştirak edərək əsl sənət nümunələri yarada bilirdilər. Hansı ki, həmin film və tamaşalar bu gün də sevilərək izlənilir. Lakin hazırki dövr üçün bunu demək mümkün deyil. Sanki xalq artistləri, aktyor və aktrisalar yalnız qalmaqal üzərindən gündəmdə qalmağa çalışırlar. Daha çox yaradıcı fəaliyyətlərini nümayiş etdirməkdənsə bir-birinə şər-böhtan atmaq, təhqir etmək, yumruq davasına çıxmaq, həmkarlarnın fəaliyyətlərinə kölgə salmaqla məşğuldurlar. Doğrudur, mədəniyyətin bütün sahələrində sənətçilər arasında daima hansısa incilik, qısqanclıqlar yaşanıb, lakin onlar öz nüfuz və şəxsiyyətlərini qoruyaraq bu cür məsələləri ictimailləşdirib, bayağılaşdırıb özlərini gözdən salmayıblar. 

Tanınmış rejissor Ayaz Salyev bu barədə öz fikirlərini bölüşüb: "Aktyorların arasında qalmallar hər zaman olub, olacaq da. Bu barədə hər kəs bilir. Bu tendensiya təkcə bizim ölkə teatrlarında deyil, bütün dünyada mövcuddur. Məsələn, Rusiyanın balet teatrında baş verən olaylar çox biabırçıdır. Bizdə vəziyyət ona baxanda yaxşıdır. Bir sözlə, bu cür qalmaqallar teatrın ayrılmaz hissəsidir. Əlbəttə ki, bu, çox təəssüfedici haldır, lakin reallıq belədir..."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.