Mədəniyyət

"Füzuli ömrü boyu şiə olub, amma…" - VİDEO

4 Avqust 2015 15:49
17 Şərh     Baxış: 4 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru  Paşa Kərimov Türkiyənin tanınmış tarixçisi, yazar, professor Ahmet Şimşirgilin dahi Azərbaycan şairi Məhəmməd Füzuli yaradıcılığı və bioqrafiyası haqqında səsləndirdiyi iddialara münasibət bildirib.

Qeyd edək ki, bu günlərdə Türkiyənin "Cine 5″ kanalında yayımlanan "Mədəniyyət və Tarix" verilişində dahi Azərbaycan şairi Məhəmməd Füzulidən söhbət açılıb. Osmanlı dövrünün müzakirə olunduğu proqramın qonağı Türkiyənin tanınmış tarixçisi, yazar, professor Ahmet Şimşirgil olub. Osmanlı dövründə rüşvətin tüğyan etdiyini vurğulamaq üçün aparıcı Füzulidən misal gətirərək onun məşhur "Salam verdim - rüşvət deyildir deyə almadılar. Hökm göstərdim - faidəsizdir deyə mültəfit olmadılar" beyti ilə başlayan "Şikayətnamə"sini (M.Füzuli dövrünün məmur hərc-mərcliyini, əyanların rüşvətxorluğu ucbatından adına kəsilmiş təqaüdü ala bilməməsindən şikayətlənir və bunu "Şikayətnamə" adlı mənzum şeirində dilə gətirir - A.S.) göstərib. Bu zaman tarixçi alim istehza ilə Füzulinin Osmanlıda yaxşı tanınmadığını, daha doğrusu, "uğur və məşhurluq qazana bilmədiyini", bu səbəbdən də "Osmanlı dövlətini pislədiyini" deyib. Hətta bunu məzhəb məsələsi ilə də əlaqələndirməyə çalışıb və onun fikrindən belə anlaşılıb ki, guya Füzuli üzərində şiə təsiri olduğu üçün Osmanlını pisləyib.

Həmçinin, alim Füzulinin bioqrafiyası ilə bağlı da bəzi iddialar səsləndirib. O: "Məhəmməd Füzulinin Azərbaycanda yaşadığı dövrdə... " - deyərək mövzu ilə bağlı fikrini davam etdirib.

"Füzuli ömrü boyu şiə olub, amma..."

Paşa Kərimov "a24.az"a deyib ki, ümumiyyətlə, o vaxt rüşvət bütün dövlətlərdə yayılmışdı: "Bəli, "Şikayətnamə"də Füzuli açıq-aşkar rüşvətxorluqdan şikayət edir. Burada başqa söhbət ola bilməz. O ki qaldı şiəlik məsələsinə, qeyd edim ki, Füzuli ömrü boyu şiə olub, amma eyni zamanda, Osmanlı padşahları və yüksək çinli dövlət məmurlarını da həmişə tərifləyib. Hətta o, imam Hüseynin müsibətindən bəhs etdiyi məşhur "Həqiqətüs-süəda" ("Xoşbəxtlər bağçası") əsərini elə yazıb ki, sünnilərə qarşı nifrət kimi başa düşülməsin. Yəni, Füzuli elə forma seçib  ki, "Həqiqətüs-süəda" sünni və şiə arasında mübahisə doğuran bir əsər olmasın. Ümumiyyətlə, əsərində belə qeyd edir ki, müsibətlər peyğəmbərlərin, övliyaların başına həmişə gəlir və bu, taleyin işidir. Bir daha deyirəm ki, Məhəmməd Füzuli həmişə şiə olub, amma heç vaxt istəməyib ki, onun əsəri sünnilərlə şiələr arasında mübahisə doğursun".

"Rüşvətlə bağlı təkcə Füzuli yox, Osmanlı şairləri də çox şey yazıblar"

P.Kərimov əlavə edib ki, ümumiyyətlə, Osmanlıdakı rüşvətlə bağlı təkcə Füzuli yox, eyni zamanda, Osmanlı şairləri də çox şey yazıblar: "Füzuli də onda yazıb ki, onun başına bu əhvalat gəlib. Bunu da bilmək lazımdır ki, "Şikayətnamə" məktubdur. Osmanlıda Nişançı paşa deyilən yüksək dövlət məmuru olub. Bu işlərə o baxırdı. Füzuli məktub şəklində rəsmən yazıb ki, "getdim və sizin verdiyiniz sənədə baxmadılar". Yəni, mənə təqaüd vermədilər. Füzuli bununla bağlı dövlətin yüksək orqanlarından şikayətini yazıb və əslində, yazmalıydı. Amma orta əsrlərdə belə bir məsələ var idi ki, məktublar həm də bədii əsər kimi oxucular tərəfindən maraqla oxunurdu. Əslində isə "Şikayətnamə" rəsmi məktubdur. "Nişançı" yüksək vəzifə sahibi deməkdir. Bu adam neyləsin, dövlətin müvafiq orqanına gedib və görüb ki, məktubuna baxmırlar. Bəs nə etməliydi?"

"Füzuli Osmanlı dövlətinin vətəndaşı kimi vəfat edib"

Türkiyəli tarixçinin sözügedən verilişdə iddia etdiyinin əksinə, M.Füzulinin heç vaxt Azərbaycanda yaşamadığını vurğulayan P.Kərimov onu da əlavə edib ki, görünür, Ahmet Şimşirgil ədəbiyyatı yaxşı bilmir: "Çünki Osmanlı dövlətində ən məşhur şair Füzuli idi. Bir məsələni də qeyd edim ki, Füzuli anadan olanda Bağdad şəhəri Ağqoyunlu dövlətinin əlində idi. Füzulinin gənclik yaşlarında Bağdad Səfəvilər dövlətinin - şah İsmayılın, yetkinlik yaşında və öləndə isə Osmanlı dövlətinin əlində idi. Füzuli Osmanlı dövlətinin vətəndaşı kimi vəfat edib. Amma əvvəllər başqa dövlətlərin də vətəndaşı olub, çünki Bağdad əldən-ələ keçib. Bax o vaxt belə bir vəziyyət yaranıb".

Məhəmməd Füzuli ilə bağlı geniş tədqiqat aparılır

Yeri gəlmişkən, P.Kərimov M.Füzuli ilə bağlı apardıqları yeni araşdırmalar və üzərində işlədikləri tədqiqatlardan da bəhs edib. Onun sözlərinə görə, institutun aparıcı elmi işçisi Nəzakət Məmmədli  M.Füzulinin "Leyli və Məcnun" əsərindəki irfani görüşlər haqqında tədqiqat aparıb.  Bundan başqa, M.Füzulinin ədəbi məktəbinə dair kitab yazdığını qeyd edən P.Kərimov bildirib ki, dahi Azərbaycan şairi ilə bağlı ayrı tədqiqatları da var: "Hazırda Füzulinin sələfləri üzərində çalışırıq. Yəni, Füzulinin nümunə götürdüyü, şeirlərinə nəzirə yazdığı şairlərimiz var. Bununla bağlı apardığımız araşdırmaları kitab şəklində çapa hazırlayırıq. İstəyirik ki, Füzulinin sələfləri haqqında geniş bir tədqiqat işi ortaya qoyaq. Düzdü, bu, böyük bir araşdırma tələb edir. Amma biz Füzulinin sələfləri ilə bağlı məsələyə müxtəlif tərəfdən yanaşaraq, gələcəkdə böyük bir əsər ortaya qoymaq istəyirik".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.