Mədəniyyət

Ələkbər əmini itirdiyimiz gün... - VİDEO

2 Avqust 2015 11:55
20 Şərh     Baxış: 10 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Ələkbər Hüseynovun dünyadan köçməsindən bu gün 8 il ötür. Milli.Az xəbər verir ki, hamının Ələkbər əmi kimi tanıdığı aktyor 2007-ci ildə dünyasını dəyişib.

Ələkbər Adıgözəl oğlu Hüseynov Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru (2006), "Humay" və "Qızıl Dərviş" mükafatları laureatı olub. "Ələkbər əmi" kimi tanınan aktyor uzun müddət Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olub.

Ələkbər əmi 1961-ci ildə Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində təhsil alıb. 

Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayır. Teatrın səhnəsində Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" əsərində Qurban, H.X.Andersenin "Bülbül" nağılında Nağılçı və Çin imperatoru, N.Bədəlovun "Qara rəngin nağılı"nda Aydın, R.Əlizadənin "Tıq-tıq xanım"ında dirijor, Qoca və Müğənni, A.Ostrovskinin "Qar qız"da Lel, R.Əlizadənin "Keçəlin toyu"nda Keçəl rollarını oynayıb.

Ə.Hüseynovun səhnələşdirdiyi "Səadət quşu" və "Möcüzəli tamaşa" pyeslərini Azərbaycan Dövlət Kukla Teatrının rus bölməsində özü də tamaşaya hazırlayıb. Aktyor "Keçəlin toyu" tamaşasındakı Keçəl rolu ilə İstanbulda, "Bülbül" tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

2006-cı ildə Ələkbər Hüseynov Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

2000-ci ildə Ə. Hüseynov əməkdar artist fəxri adına layiq görülüb. Ə.Hüseynov bir sıra digər festivalların da iştirakçısı və mükafatçısıdır. Sənətdə qazandığı nailiyyətlərə görə "Humay" və "Qızıl Dərviş" mükafatları laureatıdır. Beynəlxalq Festivallarda iştirak edib. Polşanın "Təbəssüm Ordeni" mükafatına (2007) layiq görülüb.

"Yaşıl eynəkli adam" (1987), "Etiraf" (1992), "Köpək" (1994), "Bala-başa bəla!" (1995), "Təsadüfi görüş" (1999), "Yaşıl eynəkli adam-2" (1999), "Yaşıl eynəkli adam-3" (2002), "Bir anın həqiqəti" (2003) film və teletamaşalarda rol alıb.

Allah rəhmət eləsin! 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.