Mədəniyyət

Möhtəşəmliyi ilə yaddaqalan Qəbələ VII Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başa çatıb - FOTO

31 İyul 2015 23:48
Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Heydər Əliyev Fondunun dəstəyi və təşkilatçılığı ilə Qəbələdə keçirilən VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub.

Bu festival ölkəmizdə əsl musiqi bayramına, Qəbələ isə bir neçə gün ərzində dünyanın musiqi paytaxtına çevrilib. Azərbaycanın mədəni həyatında ən önəmli hadisələrindən biri olan bu festival zəngin proqramı və dəyərli qonaqları ilə yadda qalıb. Avropanın və dünyanın ən məşhur musiqiçilərinin ifaları Qəbələnin ecazkar təbiəti ilə ahəng təşkil edib. Festivalı gündəlik işıqlandıran AZƏRTAC-ın müxbirinin Qəbələdə apardığı sorğulardan da məlum olur ki, bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bütün bölgələrindən, həm də xaricdən insanlar Qəbələyə axışıblar. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar artıq indidən növbəti festivalı səbirsizliklə gözlədiklərini dilə gətirirlər. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən bu festival onu da təsdiq etdi ki, Azərbaycan qərblə şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan Qəbələ VII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti də anşlaqla keçib. Nazir və Milli Məclis deputatlarının, xarici ölkələrin ölkəmizdəki səfirlərinin, dövlət və hökumət nümayəndələrinin iştirak etdiyi festivalın bağlanış mərasimində Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri, "Şöhrət" ordenli Fəttah Heydərov çıxış edərək Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə təşkil edilən Qəbələ VII Beynəlxalq Musiqi Festivalının ölkəmizin həyatında əlamətdar hadisə olduğunu vurğulayıb. Fəttah Heydərov festivalın təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını bildirib, festivalın böyük əks səda doğurduğunu qeyd edib. Milli Məclisin deputatı onu da bildirib ki, bütün bunlar ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizin inkişafı istiqamətində apardığı ardıcıl siyasət nəticəsində mümkün olub. Fəttah Heydərov 12 ölkədən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorların qatıldığı Qəbələ VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsertlərdə iştirak edən xarici qonaqların Azərbaycanla daha yaxından tanış olduqlarını vurğulayıb. O əlavə edib ki, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır. Festival yerli və xarici kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Fəttah Heydərov bu festivalın tezliklə Qarabağda, Şuşada qeyd olunmasını arzulayıb.

Festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli çıxışında diqqətə çatdırıb ki, festival Heydər Əliyev Fondunun yaxından köməkliyi sayəsində reallaşıb. Fərhad Bədəlbəyli Fondun prezidenti Mehriban xanım Əliyevaya festival iştirakçıları adından təşəkkürünü bildirib. O diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir. Heydər Əliyev Fondu ölkəmizin musiqi irsinin qorunub saxlanılması və təbliği yolunda bir sıra iri layihələr həyata keçirir. 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur. İyulun 25-dən başlayaraq 31-dək qədim Qəbələ şəhəri Heydər Əliyev Fondunun möhtəşəm beynəlxalq layihəsi olan musiqi festivalına uğurla ev sahibliyi edib.

Sonda "Moskva Virtuozları" Kamera Orkestrinin direktoru Qriqori Kovalevski çıxış edərək Azərbaycan xalqını bu musiqi bayramının uğurla başa çatması münasibətilə təbrik edib.

Çıxışlardan sonra festivalın yekun konserti başlayıb. Səhnə "Moskva Virtuozları" Kamera Orkestrinin ixtiyarına verilib. Tanınmış dirijor Pol Mayerin rəhbərliyi ilə keçən konsertdə "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin dirijoru, "Grammy" mükafatı laureatı violonçel ifaçısı, Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonski (ABŞ-Rusiya), festivalın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli (fortepiano) və Rusiyanın tanınmış musiqiçisi Sergey Nakaryakov (truba) da çıxış edib. Ansambl yüksək sənətkarlıq, fərdi ifa üslubu nümayiş etdirib və tamaşaçılara əvəzsiz təəssüratlar bəxş edib. Avropa səviyyəsinə uyğun ifa tərzi ilə seçilən ansamblın konsertində V.A.Motsartın, F.Əmirovun, V.Mustafazadənin, A.Pyazzollanın, J.Arbanın əsərləri səsləndirilib. Festivalın sonuncu konserti mindən çox tamaşaçının iştirakı ilə keçib və gurultulu alqışlarla başa çatıb.

Festival möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.