Mədəniyyət

Aktyor: "Direktor deyir ki, daydayı nazir müavini və icra başçısının müavinləridir" - FOTO

31 İyul 2015 20:16
1 Şərh     Baxış: 2 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Teatrın həyətində xalça yuma və maşın yuma yeri fəaliyyət göstərir

Mingəçevir Dövlət Teatrının keçmiş aktyoru İbrahim Salamov (Türksoy) keçmiş iş yerindən uzaqlaşdırılmasının səbəbləri və digər məsələlərlə bağlı ölkə.az-ın suallarını cavablandırıb.

- İbrahim bəy, öncə sizi tanıyaq. Neçənci ildən Mingəçevir Dövlət Dram Teatrında işləmisiniz?

- 2003-cü ildən 2014-cü ilin dekabrına Mingəçevir Dövlət Dram Teatrında qədər işləmişəm.

- Necə oldu ki, teatrdan uzaqlaşdırıldınız?

- Teatrda aktyorluqla yanaşı, quruluşçu rejissor kimi fəaliyyət göstərirdim. Həmçinin dövlət tədbirlərinin quruluşçusu idim. "Nənənin kələyi"ni şou-komediya formasında hazırlayırdım. Hazırlıq prosesində dəfələrlə problemlər yaratdılar. Mənə tapşırılmışdı ki, tamaşa 30 məşqə hazır olmalıdır. Amma o məşqlərin yarıdan çoxu əlimdən alındı.

- Məşq etməyə yer vermirdilər?

- Vaxt vermədilər. Çünki bütün aktyorları zorla məktəblərə, digər qurumlara satılan tədbirlərə apardılar. Bundan sonra rəhbərliklə münasibət gərginləşsə də, yoluna qoyuldu. Bu, hazırlanmış ssenari idi. Truppa müdirimiz vardı-Elşən Məmmədov. İndi teatrdan qaçıb. "Qara volqa" filminin rejissorudur. O qədər maxinasiyalar elədi, oynadığı sevgi macəraları oynadı ki, axırda həmin macəralar onun maddi durumuna təsir etdi. Texniki işçilərdən biri ilə məhəbbət macəraları yaşayırdılar və bu macəra təsirsiz ötüşmədi. Aldığım son məlumata görə, teatrdan 25-30 min borcla qaçıb.

- Söhbətin məğzindən uzaqlaşsaq da, maraqlı məqam olduğundan soruşacam. Kimə borcu var idi ki?

- Banklara və teatrdakı sələmçilərə. Teatrda o qədər sələmçilər var ki. Banklardan pul götürüb teatrda o pulu sələmə buraxırlar.

- Kimlərdir onlar?

- Aktrisalar və bir neçə texniki işçilər bu işlə məşğuldur.

- İşdən çıxmaq məsələnizlə bağlı davam edək. İşdən çıxandan sonra məhkəməyə ilk siz müraciət etdiniz?

- Tamaşa əsnasında iradımı bildirdim. Direktor Səxavət Məmmədov mənim fikrimdən sui istifadə elədi və izahat alınmadan, birbaşa mənə töhmət verildi. Töhmət verilən kimi məsələni ictimailəşdirdim. Sonra aqressiya böyüdü və mənə qarşı kampaniya da həmin gündən başladı.

- Direktor sizi niyə məhkəməyə verib?

- Şərəf və ləyaqətinə, işgüzar fəaliyyətinə nüfuz gətirdiyimi iddia edərək, yüz min manat təzminat tələbi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etdi. Məhkəmənin qərarına əsasən, 3 min manat təzminat ödəməli və üzr istəməliydim. Qərarla razılaşmayaraq, Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bu yaxınlarda qərar çıxarılmalıdır.

- Siz də məhkəməyə müraciət etmişdiniz...

- Bəli, Mingəçevir Məhkəməsinə müraciət etdim. Hakim Məhburə Kərimovanın sayəsində uduzdum. Amma tapşırıqçılar, sifarişçilər var idi.

- Kimlər?

- Direktor Səxavət Məmmədovun dediyi kimi onun daydayı və adamı, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, həmçinin Mingəçevir icra başçısının müavinləri Ramiz Əliyev - birbaşa teatr sahəsinə nəzarət edən şəxsdir və başçının birinci müavini İlham İsmayılov. Şikayətimə verdiyi cavabdan sonra hər şey tam bəlli oldu.

Prezident Administrasiyasına və digər rəsmi orqanlara etdiyim müraciətin bir surətini də Mingəçevir Şəhər İcra Hakimiyyətinə göndərmişdim. Cavabdan belə anlaşılırdı ki, bura zavod kimi bir müəssisədir, burada xalça da yumaq olar, maşın da.

- Mingəçevir Dövlət Dram Teatrında xalça yuyulur?

- Bəli. Teatrın həyətində xalça yuma və maşın yuma yeri fəaliyyət göstərir. Fotoları da məndə var.

- Ora teatrın ərazisi hesab olunur?

- Bəli, baş plana uyğun olaraq orada yay səhnəsi olmalıdır. Həmçinin teatr işçilərinin asudə vaxtını səmərəli keçirməsi üçün yaşıllıq sahəsidir. Teatrın baş planına uyğun girişdə sağda və solda qarderob olmalıdır. Teatrın bufeti işçilər üçün nəzərdə tutulub. Amma bizim teatrın bufeti Xırdalan dairəsində yerləşn kafelər bənzəyir.

Çünki asfalt tökən də, Kamaz sürən də gəlib obufetə girir.

- Spirtli içki də verilir bufetdə?

- İndi bilmirəm, əvvəl arabir xəlvəti verirdilər.

- Menyunun qiyməti necədir?

- Teatrın işçiləri üçün bir manat əlli qəpik. Kənarda gələnlər üçün bir az yuxarı qiymətdir. Bizim kiçik tamaşa zalımızın hər iki qapısı qıfıllıdır, orada kino verilir. "Youtube"da yerləşdirilən ən primitiv filmlər nümayiş etdirilir. Özü də proektorla.

- Bilet neçəyədir?

- 1-2 manatdır. Bunu məhkəmədə də demişəm. Orada əxlaqsızlıq etmək istəyənlər üçün şərait yaradılıb. Dəfələrlə girib görmüşəm ki, kol dibində, parkda yer tapa bilməyən tələbə cütlüklər gəlib hisslərini teatrda öldürürlər.

- Müsahibədən öncə bildirdiniz ki, üzərinizdən maddənin götürülməsi ilə bağlı məhkəməyə müraciət etmisiniz. Söhbət nədən gedir?

- Mənə Əmək Məcəlləsinin 70-ci maddəsinin "Ç" bəndi ilə işdən azad olunmuşam. Guya işimə məsuliyyətsiz, laqeyd yanaşmışam və nizam-intizam qaydalarını pozmuşam. Amma bunun hamısı cəfəngiyyatdır. Çünki 12 günə tamaşa hazırlamışam. Şəki Apellyasiya Məhkəməsində də mənim əleyhimə qərar çıxarıldı və Ali Məhkəməyə müraciət etmişəm.

- Əgər teatrda vəziyyət siz dediyiniz kimidirsə, niyə digər aktyor və aktrisalar narazılıq etmirlər?

- Bundan iki il öncə də işdən qovulanlar var idi.

- Hətta intihar etmək istəmişdiniz...

- Bundan öncəki direktor Həsən Həsənovun dövründə bir neçə nəfəri əsassız formada işdən qovmuşdu. Həmin vaxt da mən məhkəməyə müraciət etdim və işə bərpa etdirdim. Səxavəti restorandan direktorluğa gətirən Həsən Həsənovdur.

- Yeri gəlmişkən, tez-tez sosial şəbəkədə də bu barədə yazırsınız. O, restoranda nə işlə məşğul olub?

- Kiminsə şəxsi işlərinə qarışmaq doğru deyil. Amma belə məqamda deməyə məcburam. Bu insan toyxanalarda operator köməkçisi, operator işləyib. Bu, qəbahət deyil ha, amma işi belə olub. Sonra dəftər, qələm satıb. Şəhərdə bizim MTV adlı televiziya studiyamız var. Orada bir müddət operator-montajçı işləyib. Ardınca kafelərdə işləyib, bir müddət inzibatçı kimi çalışıb. Sonra bir balaca kafesi vardı, satdı gəlib bir restorana ortaq oldu... Onu "Premyer" adlı studiyasını və nəşriyyatını isə teatrın zirzəmisinə köçürüblər. Əvvəl başqa yerdə 700 manata yer götürmüşdülər. Dəfələrlə deyib ki, bu dövlətin balansında olan müəssisədir. Əgər dövlətin balansındadırsa, Səxavət Məmmədovun kreditə girib aldığı 50-100 minlik makinalar, çap maşınlarda da bizim dövlətindir, teatrındır.Hər halda buna razı olmaz.

- Amma bildiyimə görə büdcədən ancaq aktyorların əməkhaqqı ödənilir və teatr öz xərclərini özü ödəyir...

- Maliyyə nazirliyi bizim mühasibatlığı yoxlasa, görərlər ki, o teatr yalnız və yalnız cibə işləyir. Əmək Məcəlləsində göstərilir ki, bir dövlət müəssisəsində gəlir gətirən bütün əlavə işlər varsa, orada bütün işçilərin payı var. Yəni o obyektlərdən gələn gəlirdən işçilərə də pay çatmalıdır. Amma söhbət teatra uyğun sahələrdən gedir, xalça yuma yerindən yox. Orada nazirlikdən göndərilən biletlərin surəti çıxarılır
və satılır. Çünki nazirliyin təsdiq etdiyi biletlərdən neçəsi satılsa, hesabı verilməlidir. Dəfələrlə hətta surətinin də surətini çıxarıblar. Əvvəl dövlət sifarişi ilə qurulan hər tamaşa üçün 20-30 min pul ayrılırdı... Bizim teatrdakı geyimlər və rekvizitlərin əksəriyyəti bəlkə də 40 il əvvəlindir. Paltar sexinə girib baxsanız, məttələ qalarsınız. Halbuki onlara pul ayrılır.

- Dedikləriniz birbaşa korrupsiya itihamıdır...

- Bu barədə korrupsiya idarəsinə dəfələrlə şikayət etmişəm, yazmışam ki, baxılsın. Səhv etsəydim, deməzdim. İttiham etmirəm, faktı deyirəm. Bunlar mənim birbaşa bildiyim şeylərdi. Quruluş verdiyim tamaşaya smeta tutulub və bunu mənə qarşı ittihama çeviriblər. Guya 600 manatdan çox ziyan vurmuşam. Adama deyərlər ki, harda vurmuşam o ziyanı? Ümumiyyətlə, o sənədə qol çəkmişəm mən? Yazılıb ki, rəqslərin quruluşuna 400 manat verilib. Rəqsləri də Gənc Tamaşaçılar Teatrının ən yaxşı aktyorlarından biri, Vüsal Mehrəliyev qurub. Amma bu insanla müqavilə imzalanmayıb. Bu da maxinasiyanın bir növüdür. Teatrdan bir neçə vəzifəli şəxslərin dediyi sözlər var. İlk dəfə açıqlayıram. Teatrdakı bütün gəlirlər və çıxarlar sənədləri 3-4 nəfərn əlində cəmləşib. Bunun biri teatrın direktorudur, ikincisi mühasibdir. Səhnə rəisinə imza atdırırlar. Hacıyeva Könül aləmi qarışdırıb, olub truppa müdiri. Bu hamının başını yeyə-yeyə gəlir. Elşən Məmmədovun başını yedi, indi özü onun yerindədir.

- Əslində, kimlər imza atmalıdır o sənədlərə?

- Quruluşçu rejissor, baş rəssam, yaxud quruluşçu rəssam....Dekorlardan əlbəsədən istifadə olunursa o sexlərdən kimkrsə imza atmalıdır. Ən əsası bunların başında quruluş hissə müdiri var. Bizdə Akif Sədrəzənovdur. O hazırda quruluş hissə müdiri kimi fəaliyyət gösətər bilmir, onu yaxına buraxmırlar.

Onlar üçün etibarlı sima deyil. Ona inanmırlar. Onun oğlunun adını "canlı ölülər"i siyahısından çıxardılar və Allah bilir kimi saldılar. Bizdə adı olub özü olmayan xeyli adam var.

- Yazmışdınız ki. Səxavət Məmmədov mədəniyyət şöbəsinin müdiri olmaq istəyir..

- Bu gələn gün məni işlədiyi resotrana çağırdı. Dedi mənə tapşırıq gəlib ki. İbrahim Salamovu vurun, məhv edin. Lap Hafiz Hacıyevin ifadəsinə oxşadı. Soruşdum Ədalət Vəliyevdən gəlib, yoxsa Əbülfəs Qarayevdən. Dedi lap yuxarı həddən. Dedim lap yuxarı həddin mənimlə nə işi var? İndiyə kimi dövlətə qarşı heç bir çıxışım olmayıb axı...

Bu, məni qorxutma üsulu idi. Küçədə soruşsan, Səxavət kimdir? Deyəcəklər bozbaş paylayan, restoranda işləyən. Biz onunla liseydə bir yerdə oxumuşuq, məndən aşağı sinifdə oxuyub, şəxsi tanışlığımız var, qonşuyuq. O deyir ki, mən bura etap keçməyə gəlmişəm. Restorandan gələn adam etap keçməyə gəlib. Nəqliyyatçıdır, işi yolda xətt çəkmək ola bilər.

- Səhv etmirəmsə, siz də ali təhsilli aktyor deyilsiniz...

- Qafqaz Universitetini Şərqşünaslıq fakültəsində oxumuşam. Məktəb vaxtından bu işlə məşğul olmuşam. Mənə 2002-ci ildə teatrdan dəvət gəldi. 2003-ücü ildə Nazir Qafarovun dövründə işə götürüldüm . Teatrın tarixində yeganə "Qızıl dərviş" mükafatının 5 sahibindən biri də mənəm. O mükafatı Firudin Məhərrəmovun Hüseyn Cavidin "Ana" əsəri əsasında hazırladığı tamaşaya görə almışıq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.