Mədəniyyət

Xalq artisti: "Utansın, yerə girsin"

28 İyul 2015 12:02
8 Şərh     Baxış: 3 751
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının tanınmş simalarından biri, xalq artisti İlham Əsgərov son günlər teatr ətrafında baş verənlərlə bağlı ölkə.az-ın suallarını cavablandırıb.

- İlham müəllim, son günlər "Azdrama" ətrafında yaranan söz-söhbətin səbəbi nədir? Teatrda nə baş verir ki, bu qədər narazılıq var?

- Orada çox müəmmalı hadisələr baş verir. Hələ ki məzuniyyətdəyik, mən də müalicəmlə əlaqədar bir az şəhərdən kənardayam. Sentyabrda məzuniyyətdən qayıdandan sonra baş verənlərlə bağlı geniş müsahibəm olacaq. Amma bir fikrimi deyim. YUĞ-un rejissorudur, baş rejissorudur, heç nə üzdən tanıyıram, nə adını bilirəm. Heç adını yadımda saxlamaq da istəmirəm. Teatr haqqında təhqiredici sözlər işlədib. Həmin sözlərə görə ona cavab verəcəyəm. Hələ ona hazırlaşıram. Çalışıram ki, mədəni cavab verim. Utansın, yerə girsin. Qabiliyyəti çatmayan birinin belə söz deməsi yolverilməzdir. Guya YUĞ teatrının baş rejissorudur. Heç mən onu tanımıram. O adam rejissorluğa ayıbdır. Eşitdiyimə görə, bizim teatrda bir tamaşa qoyub, onu da köməkliklə. Sonra da həmin tamaşanı "bağlayıblar". Bu da bunun rejissorluğu. Teatr haqqında mənasız fikirlərinə görə onu qınayıram və cavab verməyə hazırlaşıram.

- Bir çox təcrübəli aktyorlar teatra dəvət olunan gənc rejissorların, aktyorların işindən narazılıq edirlər. Direktorun gənclərə şərait yaratmasının nəyi pisdir ki?

- O gələndən bəri, beş ildir bu sözü deyirəm. Sənəti qanmayan insanlara şərait yaradıb. Ona görə özünə də demişəm ki, bunlar səhnəyə yaramayan insanlardır. Bunları gətirməklə nə demək istəyirsən? Düzdür, istedadlı uşaqlara həmişə ehtiyacımız var. Bu adamlar öz teatrlarında nə söz deyə biliblər? Ancaq baş aldatmaqla, eksperimentlə məşğuldurlar. Gəlib bizim teatrı da eksperiment meydanına döndəriblər. Mən onları heç sənət adamı saymıram. Kiminsə tör-tüküntüləri, teatr quldurları, teatr çirkabları adlandırıram.

- Direktor İsrafil İsrafilov mətbuata açıqlamasında bildirib ki, teatrda 17 xalq artisti var və onlardan yalnız Nurəddin Mehdixanlı narazılıq edir. Siz də həmin 17 xalq artistindən birisiniz. Razısınızmı?

- Mən narazılığımı əvvəldən bildirmişəm. Üç-dörd il keçəndən sonra narazılıqlar bir qədər də artdı. Beş ildir narazılığın içindəyəm. İsrafil müəllimlə yaxşı və pis mənada mübahisələrimiz də olub. Teatrın siması itib. Teatr tərbiyəsi pozulur, buna fikir verin. 140 illik tarixi olan ana teatrımızın təhqir olunmasına dözə bilmirəm. Narazılıq həmişə olub. Sadəcə, bir az qulaqardına vurublar. Qoyulan tamaşaların səviyyəsinə baxın, görün nələr var da.

- Direktorun açıqlamasında belə bir məqam da var. Bildirir ki, "hansısa aktyor məndən çox biləcək? Qoy o gedib öz işləri ilə məşğul olsun". Bu fikirlə razılaşırsınızmı?

- O, direktora yaraşmayan sözdür və səhv fikirdir. Aktyor səninçün nədir? Aktyor savadlı, ziyalı insandır, səhnənin aparıcı qüvvəsidir. Aktyorsuz sən teatrda nə edə bilərsən? "Azdrama" əvvəl aktyor, rejissor teatrı idi, indi olub direktor teatrı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.