Mədəniyyət

Aktrisa Gülşad Baxşıyeva: "Həyat yoldaşım məni döyürdü" - FOTOSESSİYA

3 Avqust 2015 00:10
7 Şərh     Baxış: 15 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-ın "Pərdəarxası" rubrikasının budəfəki qonağı tanınmış aktrisa, əməkdar artist Gülşad Baxşıyevadır.

Gülşad xanım tamaşaçıların yaddaşında "Bəxt üzüyü" filmindəki Sara obrazı ilə qalıb. Təbii ki, aktrisanın böyük səhnə rolları da var. Aktrisa ilə teatrın və çəkildiyi filmlərin pərdəarxası məqamlarına nəzər salırıq:

"İlk əvvəl istərdim sizə "Bəxt üzüyü" filminin bir sıra pərdəarxası məqamlarından danışım. Bu filmdə Ramiz Əzizbəyli bizim gözəl pedaqoqumuz və aktyorumuz Nəsir Sadıqzadəyə Böyük Vətən müharibəsi veteranı rolunu vermişdi. Orada Moşu ilə veteranın bir dialoqu vardır ki, Moşu əsəbləşir və iri kasada olan qatığı yerə çırpır. Yerə dağılan qatıq Nəsir Sadıqzadənin üzünə, gözünə və kostyumuna bulaşır. Filmin bu səhnəsində məni gic gülmək tutmuşdu (gülür). Fikirləşirdim ki, bu səhnə bir də dubl olunsa, bu kostyumu necə təmizləyəcəkdilər? Hər dəfə bu səhnə yadıma düşəndə gülüb özümdən gedirdim və rejissor məcbur olurdu ki, çəkilişi saxlayıb yenidən çəksin. Ramiz Əzizbəylinin böyüklüyü onda idi ki, o, həmişə nə vaxtsa çəkilib, sonradan yaddan çıxmış insanları ekrana gətirirdi. Bu film Nəsir Sadıqzadənin çəkildiyi sonuncu ekran işi oldu.

Qonaqlıq səhnəsini çəkərkən bizə çəkilişdə yemək üçün kabab lazım idi. Bizim də Akif Musayev adında bir direktorumuz var idi. Allah ona rəhmət etsin, çox gözəl və sakit bir insan idi. Getdi hardansa kabab sifariş edib gətirdi və qazanı ortaya qoyub bizə kababları yeməməyi tapşırdı. Çünki əgər kababları yesəydilər, yeni bir kababın hazırlanması üçün ən azı bir-iki saat vaxt lazım idi. Həm də qonaqlıq səhnəsi çətin səhnə olduğundan bu iki və yaxud üç dubla çəkilə bilərdi. Elə aktyorlar var idi, ümumiyyətlə, kababa əl atmırdı, eləsi də var idi ki, qazanı götürüb qabağına qoymuşdu. Rejissor əsəbləşib qışqırırdı, çünki qazanın içində heç nə qalmamışdı. O, yenə gəlib xahiş etdi ki, yoldaş aktyorlar kababa əl vurmayın, çəkilişdən sonra hamınız yeyəcəksiz. Bu dəfə mən əsəbləşərək dedim ki, siz bu sözü cəm halında niyə deyirsiz ki? Kababı bir adam yeyir də, gedin ona deyin. Bu zaman hamı mənə güldü və zarafatca məni qınadılar da. Çəkiliş başlamamış kabab bitdi və məcbur olub 2-3 saat gözləməli olduq.

"Yalan" filminə çəkilərkən kadrda belə bir epizod var ki, arvad kişinin üstünə ağlayaraq qışqırır, kişi isə əli ilə onu itələyir. Filmin bu səhnəsi Qubanın hansısa dağ kəndində çəkilirdi. Kəndin adı dəqiq yadımda qalmayıb. Həyat yoldaşım rolunu aktyor Vidadi Həsənov oynayırdı. Bizi bir aynabəndli evə gətirib dedilər ki, siz hazırlaşın biz indi gəlirik. Döşəkçə qoyub oturdum ki, rolumu yadıma salım. Gördüm ki, qoca bir qadın gəlir, hiss etdim ki, ev yiyəsidir. Gəlib məndən uzaqlıqda oturub, məni süzürdü. Başımı aşağı salmışdım, amma gözümün qırağı ilə görürdüm ki, bu qadın mənə baxır. Mən də xoşlayıram ki, çəkiliş zamanı vəziyyətimdən kənara çıxmayım. Qadın görür ki, bizim ər-arvad münasibətimiz heç də xoşagələn deyil. Çünki orada yoldaşım məni döyürdü, mən də ona yalvarırdım. Başımı qaldıranda birdən qadın dedi ki, sənin də çox qəzəbli kişin var. Qadına baxıb dedim ki, neyləyim, ay xala, mənim də qismətimə bu çıxıb. Qadın bu sözümə inanıb, elə bilib ki, həqiqətən, Vidadi Həsənov mənim həyat yoldaşımdır. Onun filmdən anlayışı yox idi, gördüyü səhnələrin həqiqət olduğuna inanmışdı (gülür).

Teatrda başıma gələnlər isə filmdə başıma gələn hadisələrdən fərqlənir. Çünki burada elə hadisələr olub ki, son anda təhlükədən qurtarmışıq. Şəki Teatrında işlədiyim dövrlərdə mənim uşağım körpə idi. Mənim böyük oğlumun hardasa 2 yaşı olardı. Tamaşa oynamağa gedəndə uşağımı aktyor yoldaşıma verib tapşırdım ki, ona baxsın. Çıxışım çox yox idi, iki dəqiqə olardı, ya olmazdı. Səhnəyə təzə çıxıb rolumu oynayırdım ki, gördüm ki, uşaq məndən əvvəl gəlib dayanıb səhnənin ortasında. Mən bilmədim rolumu oynayım, yoxsa uşağa baxım. Yaxşı ki, kulisin yanına birtəhər gedə bildim. Bir də gördüm ki, iki əl arxadan uşağı götürüb bayıra çıxdı. Mənim üçün bu faciə, kimisi üçünsə gülməli idi.

Bir dəfə də rejissor bizə tapşırıqlarını verəndə uşağı qucağımda saxlayıb, birtəhər sakitləşdirmək istədim. O vaxt bu teatrın baş rejissoru böyük sənətkar Hüseynağa Atakişiyev idi. Bildiyinizə görə, mən Hüseynağa müəllimlə ailə həyatı qurmuşdum. Uşağı sakitləşdirə bilməyib, yerə buraxdım. Biz səhnədə olduğumuza görə iki böyük işıq da yerdən səhnəni işıqlandırırdı. Xəbərim olmadan oğlum gedib bu yerdəki işıqların üstünə tüpürüb. Bir də gördük ki, elə bir bomba partladı. İşığın üstündəki şüşə xıncım-xıncım olmuşdu. Oğlumdan bir qışqırıq çıxdı ki, hamı tökülüşdü üstünə. Biri götürüb onun əlini öpürdü, biri isə başını tumarlayırdı. Bizim də Şəki Teatrının rəhmətlik Rafiq Yunusov adından bir aktyoru var idi. Birdən çevrilib məni gördü və Şəki ləhcəsi ilə rejissora dedi ki, "A Hüseynağa müəllim, ha bu hamınız uşağın haray-həşirindəsiz, bu yazıq isə ayaq üstə ölübtü". Həqiqətən, mən şok keçirmişdim, nə halda idim. Nə ağlaya bilirdim, nə gülə bilirdim, əllərim də keyimişdi. İndi bəzən bu hadisəni oğlumun yadına salıram. Oğlum çox qəribə uşaq idi, hər şeylə maraqlanırdı.

Film və teatr aktyor həyatının bir anıdır. Ona görə də filmlərdə, teatr səhnələrində bu kimi halların olması çox normaldır. Təki hər şey yaxşılığa doğru olsun".

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.