Mədəniyyət

"Evləri köndələn yar"ı yarı(a)danlar - FOTOSESSİYA

27 İyul 2015 00:35
4 Şərh     Baxış: 11 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

yaxud Yaşar Nurinin Çingiz Mehdiyevi hirsləndirməsi, Fəxrəddin Manafovun Firəngiz Mütəllimovanı ağlatması, Hicran Nəsirovanın mahnı oxuması və s. barədə

Yeni təqvim ilinin müjdəçisi olmasına baxmayaraq səhnələrində qardan-borandan əsər-əlamət görünməyən bu tamaşa qış fəslində haradansa uçub gəlmiş alabəzək kəpənəyə, yazın, yayın nişanəsinin təzahürünə bənzəyir. Yeri gəlmişkən, qışda şəhərə alabəzək kəpənəyin uçub gəlməsini qətiyyən mübaliğə kimi anlamayın - ötən ilin fevralında bu sətirlərin müəllifi mənzilinin eyvanına böyük, alabəzək kəpənəyin uçub gəldiyini görüb sevinc və heyrət qarışıq hisslər keçirmişdi...

Tamaşanın məzmunundan doğan ovqatın bu cür assosiasiyalar yaratması, şübhəsiz, zəminsiz deyil - xalq yazıçısı Anar vaxtilə etiraf etmişdi ki, bu şux, lirik komediyanı valideynlərinin, həyatları və vəfatları məhəbbət və sədaqət üstündə qurulan Rəsul Rza ilə Nigar Rəfibəylinin dünyalarını, demək olar ki, eyni vaxtda dəyişəndən az sonra, sarsıntı ilə mübarizə apardığı, ona təslim olmamağa çalışdığı günlərdə qələmə alıb.

Milli.Az-ın "Teletamaşalar" layihəsində bu dəfə ötən əsrin 80-ci illəri ilə bu əsrin arasında körpüyə çevrilmiş "Evləri köndələn yar" (1982) televiziya tamaşasından danışırıq. Azərbaycan Televiziyası ədəbi-dram verilişləri baş redaksiyasının istehsalı olan tamaşanın ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu və Tariyel Vəliyev, quruluşçu operatoru Eldar Məmmədov, bəstəkarı Emin Sabitoğlu, mahnıların mətninin müəllifi Vaqif Səmədoğludur. Mahnıları Flora Kərimova, Xədicə Abbasova, Hicran Mehbalıyeva, Hicran Nəsirova (Qəşəmova kimi), Akif İslamzadə, Səyavuş Aslan, Yaşar Nuri ifa edirlər. Rollarda Səyavuş Aslan, Kübrabəyim Əliyeva, Səməndər Rzayev, Ofeliya Aslan, Hamlet Qurbanov, Gülşən Qurbanova, Əliağa Ağayev, Afaq Bəşirqızı, Yaşar Nuri, İlham Namiq Kamal, Firəngiz Mütəllimova, Fəxrəddin Manafov, Hicran Nəsirova (Qəşəmova kimi), Telman Adıgözəlov və başqa aktyorlar çəkiliblər. 2010-cu ildə Azərbaycan Televiziyasının nəzdində fəaliyyət göstərən "Sabah" yaradıcılıq birliyində istehsal olunmuş "Evləri göydələn yar"ın ideya və süjeti Anara, ssenari və dialoqları Tural Rzayevə, quruluşçu rejissorluğu Ramiz Həsənoğlu ilə Vüqar Vəliyevə, quruluşçu operatorluğu Eldar Məmmədova məxsusdur. Yeni nəslin yarlarını Sevinc Əiişova ilə Toğrul Rza canlandırıblar.

Həmsöhbətlərimiz xalq artistləri, Musiqili Teatrın aktrisası Afaq Bəşirqızı, Akademik Milli Dram Teatrın aktrisaları Firəngiz Mütəllimova və Hicran Nəsirovadır. 

Darçınbəyim rolunun ifaçısı xalq artisti Afaq Bəşirqızı ilə söhbətdən məlum oldu ki, tamaşanın çəkilişləri zamanı oğluna dörd aylıq hamilə imiş. "Atoppa, Balaəmi", yəni avtomat telefonla danışanda adları əvvəl "a" ilə, sonra isə "b" ilə başlanan adamları xəbər almaq onun tapıntısı kimi meydana çıxıb. Ssenaridə o personaj telefonla adi qaydada danışırmış. Afaq xanım Yaşar Nurinin personajı olan Surxayzadənin xarici görünüşünə aid də maraqlı fakt danışdı: "Yaşar saç düzümünü, qrimini nağaraçalan Çingiz Mehdiyevə oxşatmışdı. Çingiz bundan xəbər tutanda əməlli-başlı hirslənmişdi. Axırı birtəhər sakitləşdirmişdik. (gülərək) Çingiz özü də çox zarafatcıl adam idi, deyirdi ki, bir dəfə birlikdə toyda olanda nağarada sizinçün elə çalacam ki, kövrələcəksiniz. Nağara çalğısından kövrəlmək olar?"

Mərcan rolunun ifaçısı xalq artisti Firəngiz Mütəllimovanın tamaşadakı anasını oynayan Ofeliya Aslan onu görəndə həyat və sənət yoldaşı Səyavuş Aslana deyib ki, ay Səyavuş, qızı necə seçiblər e, eynilə mənə oxşayır.

Firəngiz Mütəllimova:

"Hamı elə bilirdi ki, Telmanla tərəf-müqabili olacam. Fəxrəddin Manafovla Anarın "Səhra yuxuları" əsərinin tamaşasında da tərəf-müqabili olmuşduq. Ramiz müəllim Fəxrəddinə tapşırmışdı ki, xəbərim olmadan məni öpsün. Onda mən ağlamışdım. Düzdür, bu epizodda heç bir qeyri-təbiilik, nalayiqlik yoxdu, həyatda da görüşəndə elə o vaxtdan dostcasına öpüşürük. Ünsiyyətimiz həmişə yaxşı olub. Amma nəsə ovqatımın elə vaxtına düşmüşdü ki, çəkilişdə o məni qəfildən öpəndə ağlamışdım. 22-23 yaşım var idi, qızlarda o yaş üçün belə dəyişkən əhvallar xarakterikdir. Məni qucağına götürməyi də qəfildən olmuşdu. Fəxrəddindən çox razı idim, o, ən yaxşı tərəf-müqabillərdən biridir. İmprovizələri çox olurdu. Hamısı da təbii. İnsan kimi də çox təbii və saf adamdır. Kadrarxası şən dəqiqələrimiz çox olub. İndi də gözümün qabağındadır o çəkilişlər. Elə bil dünən idi..."

O vaxt Bakıda çoxmərtəbəli binalar çox deyildi. Firəngiz xanım bildirdi ki, o köndələn binalar AzTV-nin arxasında idi. Əvəzində Mərcanın sayəsində paytaxtda "snequroçkalar" çoxalıb. Mərcanın əynindəki "dublyonka"nın biçimi məhz bu cür adlanır. Və tamaşa efirə gedəndən sonra o sayaq qadın kürkləri bütün şəhərə yayılıb, hamı başlayıb ondan alıb geyinməyə.

Tamaşadakı hadisələrin 28 il sonrakı ekran həyatına gəlincə isə Firəngiz xanım bu versiyanı o qədər də bəyənmədiyini dedi. Bu məqama tamaşada Reyhan rolunda çıxış edən əməkdar artist Hicran Nəsirova da toxundu:

"Düzdür, ikinci hissə o qədər də bəyənilmədi, amma nə yaxşı ki, çəkildi. Çünki ən azı, Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov kimi aktyorların lentdə qalan son işlərindən biri kimi (Telman Adıgözəlovun ən son işidir - red.) bu tamaşa çox qiymətlidir. Əvvəlki heyətdən yalnız iki nəfər müxtəlif səbəblərdən iştirak edə bilmədilər. Çoxları deyirlər ki, birinci hissə qədər baxımlı alınmayıb, amma məncə, zaman keçdikcə bu hissə də seviləcək. Mənə elə gəlir ki, ikinci hissənin o qədər də uğurlu alınmamasının səbəbi gənc aktyorların bir qədər süst oynamaqlarında idi.

76-cı ildən, yəni ikinci kursdan televiziya tamaşalarına çəkilməyə başlamışam. O vaxt kiçik hekayələr səhnələşdirilirdi. O illərdə hər bir işə çox ciddi yanaşma var idi. Ramiz Həsənoğlu, Tariyel Vəliyev, Hafiz Baxışla işləmişəm. Onlardan çox şey öyrənmişəm. İnstitutdakı təhsilimdən əlavə, televiziyadakı işlərim mənim üçün ikinci məktəb olub. Bu tamaşaya düşməyim də belə oldu - görürdüm ki, Ramiz Həsənoğlu bizim Tədris Teatrının tamaşalarına gəlib baxır. O teatrda da mənimlə Fəxrəddin Manafov teatrın rəhbəri Vaqif İbrahimoğlunun qəhrəmanları idik, bir çox tamaşalarda tərəf-müqabili olmuşduq. Haşiyəyə çıxıb demək istəyirəm ki, Tədris Teatrında Vaqif müəllimin qoyduğu tamaşalarda oynaya-oynaya yığdığım təcrübəni, sənət keyfiyyətlərini, aktyorluq vərdişlərini indiyə qədər istifadə edirəm. Beləliklə, Ramiz müəllim mənimlə Fəxrəddini Tədris Teatrından, Firəngizlə Telmanı isə buradan, "Azdrama"dan seçdi. 82-ci il dekabrın 31-də "Mavi işıq" verilişinin əvəzinə bu tamaşa göstərilmişdi. Çox maraqlıdır ki, o vaxt hər bir tamaşa, hər bir film səs salırdı, mütləq reaksiya doğururdu. Məsələn, kiçik bir hekayə səhnələşdirilirdi, yarım saatlıq, ya qırx dəqiqəlik bir tamaşa şəklində, ertəsi gün bütün şəhər bu haqda danışırdı. İndi nə üçünsə belə olmur. Camaatı təəccübləndirmək mümkün deyil. Bilmirəm bu, nə ilə bağlıdır - o dövrün sənətkarlıq meyarlarının yüksək olması iləmi, insanların sənətə marağının böyük olması iləmi? Çoxluqla bağlamaq olmur, çünki telekanallarda baxmağa dəyən yaxşı bir şey tapmaq olmur. Hər nədirsə, indi o cür ab-hava üçün çox darıxırıq, çünki oynayırıq, amma o vaxtların tamaşalarının, filmlərinin hadisəyə çevrildiyini görmürük, elə öz aramızda müzakirə edirik. Amma o vaxt mən "Çandranın üsyanı"nda Çandranı oynayandan sonra şəhərə çıxanda yanımdan keçənlərin "Çandra, Çandra..." dediklərini eşidirdim, ya da "Gülər" hekayəsinin teletamaşasından sonra Gülər kimi tanınmağa başlamışdım. Demək istəyirəm ki, "Evləri köndələn yar" bayram əhvallı, nisbətən böyük tamaşa olduğuna görə orada iştirak edən aktyorları necə tanıtmışdısa, adi günlərdə nümayişlənən kiçik həcmli tamaşalar da bizi eyni dərəcədə tanıdırdı. Və yaxud da "Evləri köndələn yar"dan haradasa 10 il sonra "İtkin gəlin"də Dünyanı oynadım, o vaxta qədər oynadığım rollardan çox fərqli bir obraz idi, o da şəhərə səs salmışdı, heç rahat yol gedə bilmirdim, çünki adamların reaksiyası çox böyük idi".

"Evləri köndələn yar"ın birinci hissəsində ekranda da göründüyü kimi Kamilin (Telman Adıgözəlov) həmsöhbətimizin qəhrəmanını evə ötürdüyü epizod axşamdan xeyli ötmüş saatlarda çəkilib. Və kadr tamaşanın yekun çəkilişi olub. Hicran xanım söyləyir ki, həmin vaxt dekabr ayının soyuğu özünü göstərib və hətta dolu yağmağa başlayıb.

Hicran Nəsirova: "O çəkilişdə möhkəm soyuqlayıb sətəlcəm olmuşdum. Ertəsi gün məni xəstəxanaya apardılar. Məşqlə çəkilişlər eyni vaxtda olurdu, çünki vaxtımız az idi. Amma böyük həzz alırdıq iş prosesindən. Səhv eləmirəmsə, ən birinci indiki "İçərişəhər" metrosunun qarşısında mənim iştirakımla olan epizod çəkildi. Telmanın mənim şəkillərimi çəkdiyi səhnə Statistika Komitəsinin qabağında çəkilib. Liftə giriş meydançası da Statistika Komitəsinin binasıdır, amma liftin içi, mənzillər pavilyondur. Tamaşaya düşməyən, montaj edilən kadrlar da olmadı. Məsələn, İlham Namiq Kamalla Atabalanın epizodunda onların dialoqu bir az geniş idi, onu ixtisar ediblər. Amma mənimlə Telmanın dialoqlarında, səhnələrində heç nə ixtisar olunmayıb. Biz Telmanla Tədris Teatrında da, "Yaylağa gedir" tamaşasında tərəf-müqabili olmuşduq. Heyf ki, o tamaşanın lent yazısı qalmayıb. Telman o tamaşada tragik bir obrazda çıxış edirdi, muğamat oxuyurdu, "Şur" muğamını. Onu görmək lazım idi, sözlə çatdırmaq mümkün deyil - Telmana o rolda baxmaq ayrı, tam fərqli bir zövq idi. "Evləri köndələn yar"dan sonra onunla tərəf-müqabili olduğumuz səhnələr çoxaldı - "Səhər görüşlərində"ki səhnəciklərdə, teatrda qoyulan tamaşalarda. Bu tamaşadakı tərəf-müqabillərimin hamısından çox razıydım - Gülşən Qurbanova çox rahat tərəf-müqabili idi, Hamlet Qurbanov teatrda ilk tərəf-müqabillərimdən biri olub, son dərəcə istedadlı, xarakterik aktyor idi.

"Evləri köndələn yar"in birinci versiyasının ayrı-ayrı epizodlarını ilk kliplər hesab eləmək olar. Çünki tamaşanın musiqili səhnələrini elə telestudiyada kimsə kəsib ayrı-ayrı musiqili kompozisiyalar şəklində yaymışdı. Hətta tamaşa bir dəfə efirə qırıq-qırıq şəkildə getmişdi. Yaxşı ki, mənim rəhmətlik həyat yoldaşımın texniki işlərdən yaxşı başı çıxırdı. İlk versiyasını lentə köçürmüşdü. Elə o lenti evdən telestudiyaya gətirib Ramiz müəllimə verdim, tamaşanın əsas lenti ilə birləşdirib bərpa elədilər. Musiqili hissələrdən söz düşmüşkən, tamaşadakı sonuncu, "Yeni il gəlir" mahnısını mənimlə Yaşar oxumuşuq. Oxumağa həvəsim hələ tələbəlik illərində var idi. Çox xoşum gəlir oxumaqdan. Ramiz müəllim də mənim oxumaq bacarığımı Tədris Teatrında, deyəsən, "Yaylağa gedir" tamaşasında görmüşdü - bir dəfə o, orada tamaşaçı qismində idi, Vaqif müəllim də mənə işarə elədi ki, oxuyum. Belə bir imkanın yaranmağına çox sevindim. Çünki mahnı oxumağı çox xoşlayırdım, amma həm də utancaq olduğuma görə bu bacarığımı göstərə bilmirdim. Həmin mahnını bizdə Toma adlı aktrisa var idi, o oxuyurdu, ona dedim ki, arxamda dayan, sözlər yadımdan çıxsa, yavaşca pıçıldayarsan. Nə isə, oxuyanda hiss elədim ki, zalda heç kim qımıldanmır, hamı diqqətlə qulaq asır. Birdən gördüm ki, Ramiz müəllim səhnəyə tərəf gəlir, səhnəyə çıxıb alnımdan öpdü, dedi ki, sənin oxumağın da var imiş?!... Bu tamaşa çəkiləndə də mahnılardan birini oxuyacağımı biləndə çox sevinmişdim. Fioletovdakı studiyada (indiki Ə.Əlizadə küçəsi, 9 ünvanında yerləşən Azərbaycan Televiziyası və Radiosunun Səsyazma Evi nəzərdə tutulur - red.) mahnını yazdırdıq, pultda da Eldar Mansurov idi. Mənim səsim zil olduğu üçün bir az yığmaq lazım gəlirdi".

Tamaşadakı hadisələrin ovqatı, məramı şəxsən Hicran xanımın şəxsi həyatından təsirsiz keçməyib - onu bu tamaşada görüb bəyənən gələcək ömür-gün yoldaşı həmin yeni ilin yayında elçi göndərib, nişan taxıb, sentyabrda isə toyları olub. Və xoşbəxt ailə yaranıb. Hicran xanım dünyasını dəyişmiş həyat yoldaşından söz düşəndə nisgilli emosiyalarını gizlədə bilmədi.

Samirə Behbudqızı

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.