Mədəniyyət

"Avropaya nəyə qadir olduğumuzu bir daha göstərdik"

1 İyul 2015 18:11
Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə ölkəmiz tarix yazdı. Elə bir tarix ki, uzun müddət nə vətəndaşlarımızın, nə də avropalıların yaddaşından silinəcək.

Bu sözləri bizimlə söhbətində xalq artisti, bəstəkar Faiq Sücəddinov dedi. Müsahibimiz Avropa Oyunları barədə təəssüratlarını bizimlə bölüşdü.

- Faiq bəy, ölkəmizin ev sahibliyi etdiyi Birinci Avropa Oyunları artıq başa çatdı. Xalqımızın dəyərli sənətkarı olaraq sizin də fikirlərinizi öyrənmək bizə xoş olardı.

- Hər bir Azərbaycan vətəndaşı üçün bu sevindirici haldır ki, onun ölkəsində belə mötəbər yarışlar keçirilir. Birinci Avropa Oyunlarının açılışı da, bağlanışı da adımıza layiq şəkildə keçirildi. Mənə elə gəlir, biz bununla Avropaya nəyə qadir olduğumuzu bir daha sübut etdik. Onlara göstərdik ki, Azərbaycan kiçik ölkə olsa da, güclü bir dövlətdir. İlk Oyunlara ev sahibliyi edən Azərbaycan haqqında hələ çox danışacaqlar. Bundan sonra Avropa Oyunlarının hansı ölkədə keçirilməsinə baxmayaraq, onlar bizdən nümunə götürəcəklər. Ən azından, çalışacaqlar ki, Oyunların açılış və bağlanış mərasimləri bizimki qədər gözəl və səviyyəli şəkildə keçirilsin. Bizdən sonra Oyunlara ev sahibliyi edəcək ölkələr çalışacaqlar ki, bizdən üstün olsunlar. Avropa Oyunlarının açılışında və eləcə də bağlanış mərasimində millilik, tarixilik, müasirlik, sabahkı günümüz o qədər gözəl əks olunmuşdu ki. Burada gözəl meyarlar - sülh, barışıq, sevgi, məhəbbət, Tanrı - hər şey var idi. Ümumiyyətlə, Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində bir çox nüanslar məni özünə cəlb etdi. Növbəti ev sahibləri əllərindən gələni edəcəklər ki, heç olmasa, o səviyyəni qoruyub saxlasınlar. Bəs görəsən, bizim səviyyədə qonaqları qarşılaya və belə yüksək performans nümayiş etdirə biləcəklərmi? Bu, böyük sual altındadır.

- Qeyd etdiniz ki, açılış və bağlanış mərasimində bir çox nüanslar sizi özünə cəlb etdi. Maraqlıdır, hansı nüanslar sizin daha çox marağınıza səbəb oldu?

- Avropa Oyunlarının bağlanış mərasimində bizim tarixi abidələrimiz, üç qüllə, Simurq quşu, bir sözlə, hər bir nüans mənim könlümü oxşadı. Bu möhtəşəm bağlanışı Rusiya kanalından izləyirdim. Aparıcı deyirdi ki, baxın görün, rəssam qum üzərində necə gözəl xarüqələr yaradır. Qum üzərində xanım rəssamın tarximizi əks etdirən, azadlığımızı nümayiş etdirən əl işi onları da heyran etmişdi. Nəinki həmin şou, orada milli oyunlar, kamança, ud, "Sarı gəlin" mahnımız - hamısı xaricilərin diqqət mərkəzində idi. Açılış mərasimində tam olaraq biz milli adətlərimizi, tariximizi, soy-kökümüzü göstərmək üçün əlimizdə olan bütün imkanlardan istifadə etdik. Bağlanış mərasimində daha çox azadlığımızı, günü-gündən gəncləşən Azərbaycanın müasirliyini əks etdirdik. Bağlanış mərasimini bayram şəklində, sevinc içərisində, böyük ruh yüksəkliyi ilə qeyd etdik. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Məni yalnız və yalnız bir sual maraqlandırır: Görəsən Avropa bu səviyyədən də yüksəyə qalxa, belə Oyunlar keçirə bilərmi?

- Sevindirici haldır ki, idmançılarımız da bizi məyus etmədilər.

- Əlbəttə. Bu işdə onların da üzərinə böyük yük düşürdü. İdmançılarımızın arenalarda medallar qazanması bizi daha da ruhlandırdı. Güman edirəm ki, bu tarixi günləri idmançılarımız heç vaxt yaddan çıxarmazlar. İlk dəfə belə böyük bir yarışmada Rusiyadan sonra 2-ci olduq. Bizim idmançılarımız çox güclüdürlər. İdmançılarımız 2015-ci ili heç zaman yadlarından çıxarmayacaqlar. Oyunlar çərçivəsində hər kəs sanki dost, qardaş olmuşdu. Bəlkə də bu Oyunlar sayəsində bir çox ölkələrin vətəndaşları bir-biriləri ilə dostlaşıb, mehribanlaşdılar. Bu Oyunlar nəinki bizim, Azərbaycanda olan bir çox əcnəbilərin də yaddaşından uzun müddət silinməyəcək. Turistlərə təqdim etdiyimiz milli yeməklərimiz, gəzintilər illər ötdükcə yaddan çıxa bilər, ancaq o gülər üz, o təmizlik, qonaqpərərliyimiz heç vaxt unudulmayacaq. 20 ildən sonra onlar deməyəcəklər ki, Azərbaycanın nəqliyyatı, yeməkləri möhtəşəm idi. Deyəcəklər ki, azərbaycanlılar çox gülərüz, qonaqpərvər, istiqanlı insanlardır. Məhz bu baxımdan, mənə elə gəlir ki, ilk Avropa Oyunları onların yadından çıxmaz. Onu da mütləq şəkildə qeyd etməliyəm ki, bu yarışların yüksək səviyyədə keçirilməsində və turistlərin ölkəmizdən razı halda getməsində könüllülərimizin də rolu böyükdür. Hesab edirəm ki, onlara da təşəkkür düşür. Özüm dəfələrlə şahidi oldum ki, o istidə könüllülər yollarda dayanıb yol polislərinə, turistlərə köməklik edirdilər. Oyunlar ərəfəsində şəhərdə nizam-intizam yüksək səviyyədə idi. Yol polislərimiz, məsul şəxslər 42 dərəcə istidə turistlərin qulluğunda idilər. Şükürlər olsun ki, hər şey yüksək səviyyədə keçdi. Hesab edirəm ki, ölkəmizin dünyada tanıdılması üçün atılan bu kimi addımları dəstəkləməli və biz də əlimizdən gələni etməliyik. Bu işdə məsul vəzifə daşıyan ölkənin birinci xanımı Mehriban Əliyevanın da əməyi danılmazdır. O öz üzrinə götürdüyü böyük, məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Avropa Oyunlarının çətin məqamı olan təşkilatçılıq məsələsi məhz onun sayəsində uğurla həll olundu. Bu sizə asan görünməsin. Əslində belə bir yarışmaya ev sahibliyi etmək çox çətin məsələdir. Bağlanış mərasimində Mehriban xanım qeyd etdi ki, könüllülərimiz, xalqımız, idmançılarımız bu Oyunların mahiyyətini başa düşüb, hamımız bir adam kimi olmuşduq. Mənə elə gəlir ki, dünya Azərbaycanda 2015-ci ildə belə möhtəşəm Oyunlar olduğunu yaddan çıxarmyacaq.

- Bəs, bu Oyunlar sizin yaddaşınıza necə yazıldı?

- Oyunlarla bağlı bir çox musiqilər bəstələndi, şeirlər yazıldı, aranjemanlar edildi. Bunların hamısı xalqımız üçün idi. Hər kəs əlindən gələni etməyə çalışırdı. Mənim üçün çox yaddaqalan və tarixi günlər oldu. Belə ki, açılış mərasimindən öncə məşəldar kimi çıxış etdim. Oğluma demişəm ki, geyindiyim formanı 20 ildən sonra nəvələrimə verib desin ki, 2015-ci ildə babanız bu formanı geyinib məşəli daşıyırdı. Həyatdır, tarixdir, hər şey qalır. Əslində, məşəl də bizik, biz elə oddan gəlmişik. Tarixə baxsaq, görərik ki, ulu babalarımız oda sitayiş ediblər. Odda məni çəkən qəribə bir sehr var. Mən saatlarla oda baxa bilərəm. Bəlkə də bu, ata-babalarımızdan gələn bir şeydir. Elə bağlanışda da od bayramı yüksək səviyyədə idi. Bağlanış mərasimində hər şey alovla bağlı idi. Prezidentimiz məşəli Suraxanıdakı Atəşgahda alovlandırdı. Avropa Oyunları öz qaynağını məhz o oddan aldı. Bir var, Yunanıstandan götürəsən, biri də var, qədim odlar diyarı olan Azərbaycandan.

- Sizcə, Oyunların təntənəli açılış və bağlanış mərasimlərində Azərbaycan öz mədəniyyətini, musiqisini Avropaya yetərincə təbliğ edə bildimi?

- Avropa Oyunlarının açılış mərasimində çox dəyərli musiqilərimiz səsləndi. Orada Qara Qarayevin, Üzeyir bəy Hacıbəyovun, Fikrət Əmirovun, Arif Məlikovun mahnıları həmahənglik təşkil edirdi. Bizim zəngin musiqimiz var. Bağlanış mərasimində də milli musiqimiz səsləndi, ondan sonra da simfonik orkestrın səslənməsi çox möhtəşəm idi. Musiqi zəngin olanda, musiqi gözəl olanda, hər şey mükəmməl olur. Təbii ki, bu, idman bayramı idi. Avropa Oyunlarının keçirildiyi günə qədər Azərbaycanı çox az tanıyırdılar. Amma bu Oyunlardan sonra musiqimizi, tariximizi araşdırmağa başlayacaqlar. Təbii ki, gələnlər musiqimizlə, tariximizlə tanış olub getdilər. Amma məsələn, uzaq Şotlandiyada yaşayan insan bilir ki, 2015-ci ildə 1-ci Avropa Oyunları keçirildi. Həmin adam interneti açıb baxacaq ki, Azərbaycan necə ölkədir, onun musiqisini, tarixini, kitablarını, Nizami Gəncəvini, Füzulini, Xəqanini öyrənəcək. Onlar belə məsələlərlə maraqlanırlar. İdman, tarix və musiqi bir-biri ilə zəncirvari bağlıdır.

- Bu Oyunlar bizim dünya arenasında özümüzü təqdim etməyimiz üçün son imkan da deyil. Belə ki, qarşıda bizi başqa böyük yarışlar da gözləyir.

- Bildiyimə görə, 2016-cı ildə Azərbaycanda Şahmat Olimpiadası, Formula-1 yarışları olacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik. Daha sonra futbol üzrə Avropa Çempionatının final mərhələsinin bir neçə oyunu bizim ölkədə keçiriləcək. Hələ görəcəkli, gözəl günlərimiz qabaqdadır. O günlər hər bir Azərbaycan vətəndaşı üçün sevindirici və tarixi anlara çevriləcək. Bu işdə xalqımıza və dövlət başçımıza uğurlar arzulayıram.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.