Mədəniyyət

Bakıda "Göydə göy-göyərti göyərdi"

29 İyun 2015 13:28
Baxış: 2 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 26-da "28 May" metro stansiyasının girişində Fərhad Fərzəliyevin "Göydə göy-göyərti göyərdi" layihəsi təqdim olunub.

YARAT-dan Trend-ə verilən məlumata görə, F.Fərzəliyevin işləri iyunun 13-dən oktyabrın 5-dək davam edəcək YARAT Müasir İncəsənət Məkanı tərəfindən hazırlanan "Səmadan bir damla" III Bakı Pablik-art festivalı çərçivəsində sərgilənəcək.

"GÖYDƏ GÖY-GÖYƏRTİ GÖYƏRDİ" (Green Grass in the Sky Turned Blue, 2015) adlı neon işıqlı bilbord layihəsinin adı dil və lirika zərrələri ilə oynayan poetik bir yanıltmacdır. Reklam mətnlərinin dilini yamsılayaraq, neonla yazılmış sözlərdə eyni sait səslərin dəfələrlə təkrarlanması vasitəsilə Fərzəliyev ictimaiyyət qarşısına çıxarılan reklam şüarlarının bəzən necə mənasız mətn, dil və alliterasiya ilə hazırlandığını araşdırıb.

Yerlə göy arasındakı əlaqəni tərs çevirərək, rəssam tamaşaçıları həm məntiq, həm dilçilik baxımından dolaşdırmaq, hər gün gözümüzə batan reklam yazılarına yumoristik şərhlə yanaşmaq istəyib.

"Səmadan bir damla" festivalının başlanğıcı Birinci Avropa Oyunları ərəfəsinə təsadüf edib və həmin ərəfədə festivalı daha çox Bakı sakinləri və qonaqları ziyarət edə biliblər. Vafaa Bilal, Ergin Çavuşoğlu, Fərhad Fərzəliyev və Nəzrin Məmmədova kimi rəssamlar festivalda iştirak ediblər. Əsərlər şəhərin müxtəlif yerlərində nümayiş etdirilib. Həmçinin eksponatların internet vasitəsilə onlayn nümayişi də keçirilib, yəni festival çərçivəsində virtual pablik-art platforması hazırlanıb.

Festival tədris proqramının tədbirləri ilə müşayiət edilib, o cümlədən Kino Klubun toplantıları, sənətkarlarla görüşlər, ikihəftəlik praktiki məşğələ, bir də Londonda yerləşən AA Memarlar Birliyinin (AA - Architecture Association) əməkdaşlığı ilə, AA-nın müəllimləri olan memarlar Omid Kamvari və Kasper Əksin rəhbərliyi altında AA-Baku məktəbi təşkil olunub.

Guggenheim UBS MAP layihəsinin Yaxın Şərq və Şimali Afrika üzrə kuratoru, YARAT-ın tədris üzrə direktoru Sara Razanın kuratorluğu ilə hazırlanmış bu festival Bakı və onun ətrafında təbiət, elm və texnologiya ilə bağlı cərəyan edən sürətli dəyişikliklərin müasir sənətkarlar və seyrçilər tərəfindən necə qəbul olunduğunu araşdırıb.

Festival rus futuristi Velimir Xlebnikovun şeiriyyat və təfəkkür örnəklərindən ilhamlanaraq, poeziya, fəlsəfə, astronomiya, məntiq və qeyri-məntiqi təzahürlərlə bağlı ideyaları araşdırıb. Böyük ticarət mərkəzi və liman olmuş şəhərin zəngin tarixinə, eləcə də onun son zamanlar yeniləşmələrinə müraciət edərək, "Səmadan bir damla" həm keçmişə, həm də gələcəyə uzanan nostalji, bir də qədimlə müasirin kəsişdiyi nöqtəyə dair ideyalarla səsləşib.

Fərhad Fərzəliyev 1989-cu ildə Bakıda (Azərbaycan) anadan olub. Bakıda Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini fərqlənmə diplomu ilə bitirib (2012) təsviri sənət üzrə magistr dərəcəsini qazanmışdır. Əsasən installyasiya texnikasında çalışır, ancaq həmçinin rəngkarlıq, qrafika, fotoqrafiya və səs vasitəsilə də əsərlər yaradır. 2011-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2013-cü ildən isə YAY Qalereyasının və YARAT Müasir İncəsənət Mərkəzinin üzvüdür. Dünyanın müxtəlif yerlərində keçirilən bir çox qrup sərgilərində iştirak edib, o cümlədən: 16-cı Şarja İslam İncəsənət Festivalı, Şarja İncəsənət Muzeyi (Şarja, Birləşmiş Ərəb Əmirlikləri, 2014). Əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır. Fərhad Fərzəliyev hazırda Bakıda yaşayıb yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.