Mədəniyyət

Aktrisa Nuranə Tohidi: "Rejissor mənim yerimə sevgilisini çəkdi" - FOTOSESSİYA

6 İyul 2015 00:10
0 Şərh     Baxış: 5 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Nuranə Tohidinin Milli.Az-a müsahibəsi

- Nuranə xanım, istərdim sənətə gəlişinizi və universitet illərindəki xatirələrinizi bizimlə paylaşasınız...

- İncəsənət Universtetinə qəbul olanda çox sevinirdim, çünki bu sənəti uşaqlıq vaxtımdan çox sevirəm. Universitetdə musiqili teatr aktyorluğu fakültəsində xalq artisti İlham Namiq Kamaldan dərs almışam. Universitet illərində bir çox tamaşalarda, diplom işlərində baş rollarda uğurlu çıxışlarım olub. 3-cu kursda oxuyanda eşitdim ki, Akademik Milli Dram Teatrının tərkibində yeni teatr studiyası açılıb və universitetdən bir çox uşaqları ora cəlb edirlər. Mən də bu studiyaya qatıldım, orada keçirilən məşqlərdə iştirak etdim. İndiyə kimi də elə bu teatrda çalışıram.

- Gənc tələbənin böyük teatrın səhnəsində maneələrlə qarşılaşmaması mümkünsüzdür. Sizə mane olanlar, qısqanclıqla qarşılayanlar oldumu?

- Nə yalan deyim, teatrda çox olmasa da, qısqanclıqla qarşılayanlar oldu. Amma o qədər də maneələrlə rastlaşmamışam. Mən istedadıma bələdəm və bu sənətdə iddialıyam. Amma filmlərə çəkilərkən qarşıma çox sədd çəkənlər olub. Teatrda mənə dəstək olanlar çox oldu. Xüsusilə studiyada müəllim kimi çalışan aktyorlarımız Pərviz Məmmədrzayevi, Vidadi Həsənovu misal çəkə bilərəm. Xalq artisti Ramiz Novruz mənə "Silindr" tamaşasında rol verib. Mən çox sevinirəm ki, onun kimi sənətkarla eyni səhnəni bölüşürəm. İstəyərdim ki, bu teatrın səhnəsində daha da çox rollar oynayım.

- Teatrda mühit adi həyat mühitindən nə ilə fərqlənir?

- Bizim sənət elədir ki, həmkarları aktyor yoldaşlarının ayağından çəkirlər. İstəmirlər ki, o insan qabağa getsin. Teatrda bir-birlərinin üzünə deyib-gülsələr də, birinə baş rol verilən kimi o dəqiqə başlayırlar intriqa yaratmaqa. Həmin insanı gözümçıxdıya salırlar. Mən bunu təkcə öz teatrımıza aid etmirəm, bu bizim sənətin yazılmamış qanunudur.

- Bayaq filmlərdə maneələrlə rastlaşdığınızdan söz düşdü. Kimlər qarşınıza sədd çəkib?

- Vaxtilə kastinqlərə çox getmişəm, artıq kastinqə inanmıram. Çünki əksəriyyəti yalandır. Getmişəm, təsdiqlənmişəm, bəyəniblər, alqış da ediblər, amma heç biri zəng vurub məni dəvət etməyib. Sonuncu dəfə isə kastinqdə bəyəndilər, səhəri gün sınaq çəkilişinə çağırdılar. Çəkilişə başlamamış kastinq direktoru gəlib təşkilatçının qulağına nəsə pıçıldadı. Mənə dedilər ki, bəs bu rola digər aktrisanı təsdiqləmişik. Sonradan bildim ki, rejissor mənim yerimə sevgili olduğu aktrisanı çəkmək istəyir. O aktrisa indi çox məşhurdur. Kastinqlərdən keçib çəkilməsəm də, belə ümumi film, serial və reklamlarda çəkilmişəm.

- Bilmək olar, o aktrisa kim idi?

- Mən ad çəkmək istəmirəm, yəqin ki, o insan mənim müsahibəmi oxuyacaq. İstəmirəm ki, qalmaqal yaradıb yenidən o problemi böyüdüm. Çünki artıq o hallar mənim üçün olub-bitmişdir. Sadəcə, siz sual verdiniz, mən də doğru cavab verdim.

- Bəli, bu kimi hallar çox olur. Bəlkə, rejissorun sevgilisi o rolda sizdən də yaxşı oynayıb deyə onu çəkib. Necə fikirləşirsiz?

- Ola bilər ki, xarici görünüşünə görə onu seçiblər. Mən demirəm ki, xarici görünüşüm pisdir. Hamını Allah yaradıb və hər kəsin özünəməxsus gözəlliyi var. Serialda həmin aktrisanın oyunu sıfır dərəcəsində idi. Bu yaxınlarda ondan müsahibə almışdılar, saytda oxudum. Tamaşaçılar da həmin serialda onun süni oyunundan bolluca rəy yazmışdılar. Deməli, xalqın gözü tərəzidir, bunu təkcə mən yox, tamaşaçılar da deyirlər.

- Film, yoxsa teatr? Əgər sizə filmdə böyük bir şanş düşsə, teatrdakı məşqdən imtina edib, çəkilişə gedərsiniz?

- Mən ozümü daha çox teatrda görürəm. Filmi də sevirəm, amma teatrda insan hisslərini daha da aydın şəkildə ifadə edir. Canlı alqış səslərini eşitmək insana böyük zövq verir. Təbii ki, filmə görə teatrdakı məşqdən heç vaxt imtina etmərəm.

- Erotik rolların arzusunda olan aktrisalardansınız?

- Səhnədə az miqdarda aşırı dərəcəsində olmamaq şərti ilə açıq-saçıq rolda oynayaram. Amma filmdə bir o qədər də erotikliyi sevmirəm. Onun üçün də bu haqda heç düşünməmişəm. "Qatil" tamaşasına dəfələrlə baxmışam, aktyorları ayaq üstə alqışlamışam, amma heç vaxt o cür tamaşada oynamaram. Çünki erotik rollara hələ ki, tam hazır deyiləm. Bilmirəm, bu məndə necə alınar.

- Teatrınızda qruplaşma var?

- Bəli, teatrda qruplaşma var. Təkcə bizim teatrda yox, bütün teatrlarda. Hər rejissorun öz sevimli aktyoru, aktrisası var ki, onu həmişə öz tamaşalarında görmək istəyir.

- Sizcə, bu düzgündürmü?

- Xeyr, düzgün deyil. Teatrda tək onlar deyil, hamıya rollar eyni bölünməlidir. Ola bilər ki, aktyorluq ifası baxımından bir-birlərindən fərqlənə bilərlər. Amma bu da əsas vermir ki, ancaq tamaşada o aktyorlar oynamalıdırlar.

- Balerina olmaq istərdiniz?

- Əlbəttə, istəyərdim balerina olum. Onlar kimi gəzmək, addımlarımı onlar kimi atmaq istərdim. Hal-hazırda bunun üçün üzərimdə çalışıram.

- Gələcək ailə həyatı haqda fikirləşmisiniz?

- Hələ ki, ailə həyatı haqda düşünmürəm. Bunu qismətə buraxmışam.

- Əgər gələcək həyat yoldaşınız teatrdan getməyinizi istəsə, münasibətiniz necə olar?

- Məni sevən insan ilk öncə sənətimi, sonra məni qəbul etməlidir. Bəlkə də, sənəti ataram. Bilmirəm... Xoşbəxtliyim uğrunda hər şeyə hazıram. Hansısa erotik səhnə üstündə ailəm dağılacaqsa, o rolu heç oynamaram.

- Aktrisaların adlarına niyə qara ləkə yaxırlar? Bunlardan qorxmursunuz ki, sabah da sizin üçün nəsə deyərlər?

- Biz göz önündə olduğumuza görə haqqımızda həmişə yaxşı da, pis də danışacaqlar. Xalq görür ki, kim yaxşıdır, kim pis. O ki qaldı qarayaxmalara, od olmayan yerdən tüstü çıxmaz. Elə aktrisalarımız var ki, min oyundan çıxırlar. Təbii ki, onlar haqqında şayiə yayılacaq. Hətta yolda gedəndə onlara sataşıb söz də atırlar. Amma gəlin biz yaxşılarından danışaq.

- Teatrda məhəbbət yaşamısınızmı?

- Bəli, hal-hazırda teatrda eşq yaşayıram. Kim olduğu gizlin qalsın (gülür).

- Sevdiyiniz insan aktyordur?

- Qoy o, gizli qalsın. Çünki istəmirəm ki, teatrda adımız çıxsın. Bunu çox az insan bilir.

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.